8 Mart – Beynəlxalq Qadınlar gününü bəziləri qadınların hüquqlarının müdafiəsi, bəziləri xanımlara xüsusi diqqət, bir qismi “hədiyyələr günü” hesab edir. ENA.az olaraq biz xanımlara xüsusi diqqət kimi qəbul edərək, bu Zəriflik bayramında gözəl, gülərüz və pozitiv bir xanım – AccessBank-ın İnsan Resursları üzrə icraedici direktoru Nigar Hüseynzadə ilə müsahibəni oxucularımıza təqdim edirik.
Qısa tanıtım: AccessBank-da 4 ildir işləyir. Uzun müddət telekommunikasiya sahəsində fəaliyyət göstərib. Azərbaycan Dillər Universitetində Avropaşünaslıq üzrə magistr dərəcəsi alıb. Ailəlidir, 2 övladı var. Bu ilin yanvarından etibarən həm də Alman Ticarət Palatasında İnsan Resursları və Peşə təhsili İşçi qrupunun rəhbəridir.
Sizin üçün 8 Mart hansı əhəmiyyəti kəsb edir?
8 Mart deyəndə ağlıma ilk gələn uşaq vaxtı anama açıqca hazırlamağımdır. O açıqcanı hələ də xatırlayıram. Mənim üçün 8 Mart zəriflik bayramıdır. Bəlkə də, ilin yeganə günüdür ki, zərif olmağımızı özümüzə utanc bilmirik, əksinə, bunu önə çəkərək vurğulamağa və diqqət mərkəzində olmağa çalışırıq. Ağlıma hüquqların müdafiəsi günü deyil, yaz çiçəkləri ilə dolu olan zəriflik günü gəlir.
Sizinlə müsahibəyə gəlməzdən əvvəl sosial media hesablarınıza baxmışam, çox pozitivsiniz və aktiv həyat tərziniz var. İnsan resursları (HR) üzrə mütəxəssis kimi insanları tanımaq üçün yəqin ki, psixologiyanı da bilirsiniz. Sizə insanların daha çox hansı tərəfləri maraqlıdır?
HR sahəsində 18 ildir işləyirəm. Çox vaxt verilən suallardan biri budur ki, yəqin sizin həm də psixoloq təhsiliniz var. Xeyr, psixoloq deyiləm, psixoloqlara böyük hörmətim var. Mən insan resurslarını daha çox sosiologiyaya uyğunlaşdırıram. Bankımızda 1300 əməkdaş işləyir. Təbii ki, onların hər birini ayrılıqda tanımaq mümkün deyil, amma buna çalışırıq. Ən əsası komandanın müxtəlifliyinin nəticədə ümumi hədəflərə bəhrə verməsini təmin edirik.
Uzun müddətdir ki, insan resursları sahəsində çalışırsınız. Hansı keyfiyyətlər qadının “woman in power” olması, yüksək vəzifə tutması və başlıcası uğur əldə etməsi üçün vacibdir?
Mənim üçün uğurlu olmağın, kişi və ya qadına fərq qoymadan, bir neçə əsas meyarları var. Birincisi, hər hansı bir çətinlik görən kimi təslim olmamaq. Hamının həyatında çətinliklər olur və belə hallarda xanımlarımız mübarizəni daha tez dayandırırlar. İkincisi, öz üzərində çalışmaqdır. Bu çox böyük enerji, resurs, həvəs tələb edir. Hətta düşünürsən ki, karyeranın pik nöqtəsindəsən, amma faktiki olaraq öyrənəcəyin o qədər yeniliklər var ki!
Karyera yüksəlişinizdə qadın olmağınız hər hansı avantaj və ya dez-avantaj yaradıbmı? Belə bir maraqlı keys varsa, bölüşməyinizi xahiş edirik.
Doğrusu, mən daha çox avantajları görmüşəm. Bəlkə də dez-avantajları qarşıma çıxmayıb. Bir məqamı xatırlayıram ki, Özbəkistanda 2000 nəfərlik telekommunikasiya şirkətində çalışdığım müddətdə 14 nəfərlik menecmentdə yeganə xanım idim. Bu müddətdə hər dəfə iclaslarda xüsusi soruşurdular: “Nigar xanım, sizin nəsə demək istədiyiniz varmı?”. Ümid edirəm ki, bundan sonra da dez-avantajlarla rastlaşmaram.
Azərbaycanda qadın və kişilərin əmək haqları arasında nəzərəçarpacaq fərq var. Bununla bağlı bank sektorunda vəziyyət necədir və karyera dövrünüzdə hansı trendi müşahidə edirsiniz?
Bizim səhmdarlarımızdan biri Asiya İnkişaf Bankıdır. Bu bank qadın və kişi bərabərliyinə çox önəm verir. Keçən il BMT-nin qadın güclənməsi prinsiplərinə imza atan və Azərbaycanda hazırda bu prinsiplərə qoşulan yeganə bankıq. Mən də bu işçi qrupuna rəhbərlik edirdim. Dəyərləndirmə meyarlarından biri də məhz belə səslənirdi: “Eyni vəzifədə olan şəxslərə fərqli maaşın verilməsi”.
Digər bankları deyə bilmərəm, onların daxili siyasətləri haqqında çox da məlumatım yoxdur, amma AccessBank-da əmək haqqı təyin edəndə adamları deyil, vəzifələri qiymətləndiririk. Bu qreydləri təyin etmək üçün kriteriyalar - iş öhdəlikləri, bilik və bacarıqlar və s. var. Əsasən 7 kriteriya üzrə vəzifənin səviyyələndirilməsi aparılır. Yəni vəzifələrin əmək haqqısı var. Bu vəzifədə işləyən qadın və kişilərin deyil.
Bankımızın ağrılı yerlərindən biri odur ki, əməkdaşların 65%-i kişilərdir. Buna uyğun olaraq rəhbər vəzifələrdə olan kişilərimiz daha çoxdur və aydındır ki, rəhbər vəzifədə olanlar daha çox qazanırlar, yəni əmək haqqı bölgüsündə nəzərəçarpacaq fərq yarana bilər.
Fərqlilik və dayanıqlılığı təmin etmək üçün kişi\qadın bölgüsünü azaltmalıyıq. Lakin sirr deyil ki, “ənənəvi kişi vəzifələri” kimi bir anlayış var. Filiallarda kredit mütəxəssisi işləmək üçün qadın namizəd tapa bilmirdik. Kredit mütəxəssislərimiz kredit almaq istəyən şəxsin risklərini, verdiyi məlumatların doğruluğunu yerlərdə dəyərləndirirlər. Deyək ki, birinin fermasına gedib onun mal-qarasının olduğunu yoxlamalıdır və s. Bankımızın ən böyük departamenti olmasına baxmayaraq, Mikro və Aqro müştərilərlər iş üzrə departamentdə 400 nəfər işləyirdi, keçən il onlardan yalnız biri qadın idi. Bu mövzuda çox fəaliyyət apardıq və son 3 ayda həmin klassik kişi işinə daha 5 qadın götürdük və bu son deyil. Qadınların bu sahədə uğurlu olması və işlərinin öhdəsindən gəlməsi bizi çox sevindirir və yeni nəaliyyətlərə həvəsləndirir.
Banklarda çalışanlar üçün müəyyən geyim standartları var. Bildiyimə görə Azərbaycandakı Avropa Bankı bu baxımdan daha azaddır. “Dress code”a münasibətinizi bilmək maraqlı olardı.
Bizdə geyimə çox liberal yanaşma var. Ağ köynəkdə olsaq da, çoxumuz cins şalvar geyinirik. Müştərilərlə birbaşa təmasda olan “ön cəbhə” isə həmişə “dress code”a uyğun geyinir, amma onların da özlərini daha rahat hiss etmələri üçün “Azad cümə” (“Free Friday”) günümüz var. Bəzi hallarda isə çox qısa ətəklər görürük, düşünürük ki, kaş “dress code” daha sərt olardı. Amma təbii ki, bu bir zarafatdır.
Nigar xanım, qadınlar adətən daha emosional olurlar və iş müsahibəsi zamanı “lazımsız informasiya” da verirlər. İş üçün müraciət edən xanımlara nə tövsiyə edərdiniz, nəyi HR əməkdaşa deməsinlər?
Tövsiyə edirəm ki, özləri kimi olsunlar. Çünki özünü başqa cür göstərib işə qəbul olmaq və bir neçə həftə sonra uzaqlaşdırılmaq daha pis versiyadır. Hər iki tərəf – işəgötürən də, namizəd də seçim edir. Vəhdət yarananda nəticə daha yüksək olur.
İşəgötürənə öz bacarıqlarını satmaq özü bir məharətdir. Mütəxəssis kimi “özünü satmaq bacarığı” kişilərdə daha yaxşıdır, yoxsa qadınlarda?
Məncə bu, kişilərdə daha yaxşı alınır. Qadınlarda özünə əminsizlik daha çoxdur. Şeril Sandberqin kitabında oxumuşdum ki, mən 10 sualdan 9-nu əla bilməli idim ki, imtahana rahat gedim. Qardaşım 10 sualdan 4-nü yaxşı bilirdisə çox əminliklə gedirdi və uğurlu da olurdu. Biz qadınlar bəzən özümüzə, gücümüzə əminsiz yanaşırıq. Məsələn, vakansiya üzrə 7 tələbdən 6-na cavab verməsək, ona müraciət etmirik, amma kişilər 7 tələbdən 3-nə cavab verirsə, “ideal namizədəm” deyəcək.
Bu sözlərdə həqiqət var, kişilər keyfiyyətlərini vurğulayaraq özlərini rahat sata bilirlər, qadınlar isə öz bacarıqlarına çox kritik yanaşırlar.
Hüseyn Cavid deyir ki, qadın gülərsə, şu issız mühitimiz güləcək. Siz hansı cümləni əlavə edərdiniz?
Dahi ədibimizin cümləsinə əlavə etmək çox çətindir. Onu deyə bilərəm ki, qadın istəsə, hər şeyi bacarar. Marqaret Tetçer demişdi ki, əgər bir şey demək istəyirsinizsə, kişidən soruşun; bir şeyi etmək istəyirsinizsə, qadına tapşırın.
Bizi sosial şəbəkələrdən izləyin!!