Müəllif:Tamara Mustafayeva, Banco.az
İşgüzar sferada rəqəmsal mühitin rolunun artması uğurlu netvörkinq yaratmağı da labüd edib. Bu işdə isə hazırda sosial media vasitələrinin payı danılmazdır. Arzu etdiyimiz təqdirdə, Instagram, Twitter və Facebook platformalarını da işgüzar məqsədlərlə istifadə edə bilsək də, sözügedən sferada LinkedIn özünəməxsusluğu ilə seçilir. Odur ki, bugünkü məqaləmizdə sizə uğurlu və peşəkar LinkedIn profili yaratmaq üçün 7 tövsiyə verəcəyik. Gəlin birlikdə nəzər salaq:
1. Profil şəklini düzgün seçin.
LinkedIn üçün seçdiyiniz profil şəklində sizdən başqa heç kəs görünməməlidir. İstirahət və gəzinti zamanı çəkilmiş, arxa fonda mənzərə əks olunan fotoşəkillərdən, həmçinin sektorunuza uyğun olmayan vizuallardan yayınmağa çalışın.
2. Profildə qeyd etdiyiniz informasiyalar CV-nizdəkilərlə eynilik təşkil etməlidir.
CV-də qeyd olunan məlumatlar LinkedIn profilində də öz əksini tapmalıdır. İnformasiya əksikliyi və ya doğru olmayan məlumatlar müəyyən bir işə müraciət etdiyiniz zaman sizə problem yarada bilər. Bununla yanaşı, bilik və bacarıqlarınız, əldə etdiyiniz sertifikatlar, xarici dil üzrə bilik səviyyəniz, keçmiş təcrübələriniz də burada qeyd edilməlidir.
3. Haqqınızda yazılan rəylərə diqqət yetirin.
Keçmiş kollegalarınızın sizin barənizdə yazdığı müsbət rəylər potensial işəgötürənlərin nəzərində olduqca dəyərli hesab edilir. Belə ki, bu rəylər sizin iş mühitində necə davrandığınıza dair ilkin təəssürat yaradır.
4. Könüllü layihələrdə iştirak edin.
Unutmayın ki, könüllü fəaliyyətləriniz maaşlı işlər qədər əhəmiyyət kəsb edir. Xüsusən də, son dövrlərdə işəgötürənlər bu mövzuya böyük maraq göstərir.
5. Sektorla əlaqədar qruplara qoşulun.
Çalışdığınız sektora aid cari xəbərlər, iş elanları və mühüm gündəm mövzuları daxil olmaqla bir çox yeni və faydalı informasiyalar əldə edəcəyiniz qruplara qoşulmağa çalışın.
6. Bağlantı yaradın
LinkedIn platformasının mühüm funksiyalarından biri olan “bağlantı yaratmaq”dan istifadə etməklə sahənizlə əlaqədar şəxsləri izləyə bilərsiniz. Bağlantı sayının çoxluğu axtarış nəticələrində daha tez-tez önə çıxmağınızı təmin edəcək.
7. Profilinizin müntəzəm yeniləndiyinə diqqət yetirin.
Haqqınızdakı məlumatlar, təcrübələr və fotoşəkliniz başda olmaqla sizin işgüzar dünyaya açılan pəncərəniz olan LinkedIn profilindəki bütün informasiyaların yeni olduğuna əmin olun.
Bizi sosial şəbəkələrdən izləyin!!