Müəllif: Gülnar Əhmədli, Banco.az
Hər il noyabrın son cümə günü (Qara Cümə) bütün alış-veriş mərkəzlərində izdihamlarla dolu bir gün kimi yadda qalır. Noyabr ayı başlayandan bu endirimləri bir çox yerdə görmək mümkündür. Ancaq bu endirimlər zamanı aldanmamaq üçün bəzi məqamlara diqqət yetirmək lazımdır.
1. Mütləq əvvəlcədən araşdırma aparın
Əvvəlcə almaq istədiyiniz hər şeyin siyahısını tərtib edin. Sonra araşdırmaya başlayın. Əgər bir müddətdir ki, almaq istədiyiniz bir məhsul varsa, onun qiymətinin həqiqətən dəyişib-dəyişmədiyini görə bilirsiniz. Bəzi pərakəndə satıcılar Qara Cümə endirimləri zamanı məhsulun öz qiymətini endirim kimi göstərə bilərlər. Buna görə almaq istədiyiniz məhsul haqqında əvvəldən araşdırma aparmaq sizə yanılmamaqda kömək edəcək.
2. Televizor, noutbuk və stolüstü kompüterlərdə endirimlərdən ehtiyatlı olun
Qara Cümə-də bir çox texnologiya məhsullarına endirimlər təqdim ediləcək. Yeni televizor, noutbuk və ya telefona ehtiyacınız olmaya bilər. Amma belə aşağı qiymətə birini almaq kifayət qədər sərfəli görünür. Alış-veriş həvəskarları bu formada aldadılır. Bu məhsulların bir çoxu keyfiyyətli olmayan ən ucuz modellər ola bilər. Eyni şey televizorlar üçün olduğu kimi noutbuklara və stolüstü kompüterlərə də aiddir. Bu səbəblə məhsulu almadan öncə mütləq onun xüsusiyyətlərinə baxın. Reklam edilən endirimli məhsullar aşağı performanslı və daha az funksiyalı cihazlar da ola bilər.
3. Qara Cümə günü geyim alış-verişi etməyin
Geyim satışlarında endirimlər demək olar ki, bütün sezonlarda davam edir. Yeni qış paltarları almaq istəyirsinizsə, yeni ilə qədər gözləyin. Çünki satıcılar yaz sezonu üçün qış mallarını endirimlə satacaqlar.
4. Elektron, mobil telefon məhsullarında köhnə modellərə həmişə daha yüksək nisbətdə endirim edilir
İstər telefon, istər smart saat, planşet və ya digər elektron cihaz olsun hər zaman keçən ilki modelin daha böyük endirimlə satışa çıxma şansı yüksəkdir. Ehtiyacınız yoxdursa, köhnə model almaqdansa, almamaq daha yaxşı seçim ola bilər.
5. Kampaniya xəbərləri ilə bağlı diqqətli olun
Ehtiyacınız olan məhsulu alarkən pula qənaət etmək həqiqətən yaxşı bir hissdir. Ehtiyacınız olan və ya istədiyiniz bir şey varsa və satışdadırsa, onu almaq sərfəlidir. Amma heç vaxt ehtiyacınız olmayan və ya o ana qədər istədiyinizi bilmədiyiniz bir şeyi almayın.
6. Brendlər Qara Cümə günündə bəzi kateqoriyalar üzrə ən böyük endirimlərini təqdim etmirlər
Qara Cümə alışlarına başladığınız zaman böyük və kiçik pərakəndə satıcılar əsas məntiqi bir kənara qoyaraq çılğınlığa qapılmağınızı istəyir. Əgər hazırda yeni televizora ehtiyacınız yoxdursa və ya istədiyiniz televizorda kifayət qədər yaxşı endirim görməmisinizsə, gözləyə bilərsiniz. Məsələn, noutbukunuzu dəyişmək istəyirsinizsə, gözləyin. Məktəbə qayıdış endirimləri avqust ayında başlayır və bu zaman da böyük endirimlər olur. Soyuducu və paltaryuyan kimi əsas cihazların qiymətləri ilin sonu və ya bayram satışları zamanı tez-tez aşağı düşür.
Bizi sosial şəbəkələrdən izləyin!!