Müəllif:Ayşən İmanova/Banco.az
"Apple" korporasiyası təmassız ödəniş xidmətinə görə ABŞ-də maliyyə qurumu kimi tanınıb.
Banco.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, bu, yeni federal qanun sayəsində mümkün olub. Qanuna görə, şirkət ildə ən azı 50 milyon dollarlıq əməliyyat həyata keçirərsə, bank statusu alır. IT nəhəngi "Apple Pay" təmassız ödəniş xidməti və "Apple Card" kredit kartı sayəsində maliyyə təşkilatı sayıla bilər.
Tim Kukun şirkətinin fəaliyyətini ayrıca nəzarət orqanı - ABŞ İstehlakçıların Maliyyə Müdafiəsi Bürosu (CFPB) izləyəcək. "Biz istehlakçıları ədalətsiz, aldadıcı və ya sui-istifadə edən təcrübələrdən qoruyur və qanunu pozan şirkətlərə qarşı tədbirlər görürük", - təşkilatın bəyanatında deyilir.
CFPB direktoru Rohit Çopranın sözlərinə görə, rəqəmsal ödənişləri nəzərə almaq vacibdir, çünki onlar həyatımızın bir hissəsinə çevrilib. "Bloomberg" qeyd edir ki, ABŞ-də əhalinin 60%-dən çoxu mobil pul kisələrindən istifadə edir, onların əksəriyyəti isə "Apple Pay" istifadəçisidir.