Müəllif:Ayşən İmanova/Banco.az
Çin geoloqları Hunan əyalətində (mərkəzi Çin) 600 milyard yuan (82,8 milyard dollar) dəyərində qızıl ehtiyatı aşkar ediblər.
Banco.az xəbər verir ki, bu barədə əyalətin geologiya idarəsindən bildirilib.
Qurum öz “Wechat” kanalında Pinciyan mahalının Vanqu qızıl mədəninin kəşfiyyatında "böyük bir irəliləyiş" haqqında məlumat yayıb.
Bildirilib ki, geoloqlar yerin 2 min metrdən çox dərinliyində 40-dan çox "qızıl damar" aşkar ediblər.
“Proqnozlaşdırılan qızıl ehtiyatları yerin 3000 metr dərinliyində 1000 tonu keçəcək, resurs dəyəri isə 600 milyard yuan olacaq”, - deyə qeyd edilib.
Çin Qızıl Mədən Assosiasiyasının məlumatına görə, 2023-cü ildə Çin 375,16 ton qızıl hasil edib ki, bu da bir il əvvəlkindən 0,84% çoxdur. Eyni zamanda, qızıl istehlakı 1089,69 ton təşkil edib ki, bu da illik müqayisədə 8,78% çoxdur.