Qışda avtomobilinizi necə rahat idarə edə bilərsiz? - TƏKƏRLƏRƏ DİQQƏT | Banco.az

Qışda avtomobilinizi necə rahat idarə edə bilərsiz? - TƏKƏRLƏRƏ DİQQƏT

Qış gəlib çatıb. Havaların soyuması ilə qayğılarımız və problemlərimiz də artır. Xüsusilə də sürücülər üçün qış daha qayğılı fəsildir. Çünki avtomobili də qışa hazırlamaq lazımdır. Əgər qar yağarsa işimiz ikiqat çətinləşir. Kimi təkərlər üçün zəncir axtarışına başlayır, kimi isə ümumiyyətlə, avtomobili qarajdan çıxarmamağı daha təhlükəsiz hesab edir.

Qışda rahat avtomobil idarə etməyin bəzi kiçik sirlərini sizə təqdim edirik:

Bunlardan birincisi, təkərlərin təzyiqi məsələsidir. Harda və necə yarandığını demək çatindir, amma sürücülərdə belə bir fikir var ki, qış aylarında təkərlərin havası normadan az olsa daha yaxşıdır. Əslində bu tamamilə yanlış fikirdir. Əksinə təkərlərin təzyiqini artırmaq lazımdır. Çünki  təkərin təzyiqi nə qədər çox olsa, onun qarla təması bir o qədər rahat olar. Təzyiq az olduqda təkərin içinə dolan qar təkərin səthindəki qara yapışır və avtomobilin hərəkət etməyi çətinləşir. Üstəlik, hava az olarsa, təkərin dişləri yolu tam qavraya bilməz. Beləliklə, yağışlı və qarlı havalarda təkərlərinizin təzyiqini 10%-ə qədər artırmağınız yaxşı olar.

Təkərlərin normal təzyiqi isə hər model üçün individualdır. Qapıların içində, yanacaq çəninin qapağında  və ya istifadə kitabçasında avtomobilinizin təkərləri üçün hansı təzyiqin uyğun olması barədə məlumat əldə edə bilərsiz. Xatırladaq ki, arxa və ön təkərlərin təzyiqinin eyni olması vacib deyil.

Qışda avtomobili rahat idarə etməyiniz təkərin növündən də asılıdır. Bu fəsildə “qış təkərləri”ndən istifadə etmək daha məqsədəuyğundur. Əvvəla, xatırladaq ki, bu zaman təkərlərin dördünü də dəyişmək lazımdır. Qış təkərlərinin bəzi xüsusiyyətləri var. Birinci amil temperaturdur. Yay təkərləri 7 dərəcədən aşağı temperaturda bərkiməyə başlayır və yolu tutması çətinləşir. Qış təkərlərində isə belə hal baş vermir. Bundan başqa, qış təkərlərinin dişləri qara və yağışa uyğun şəkildə dizayn edilib. Qar əriyən zaman bu təkərlərdəki çıxıntılar suyu geri qaytara bilir, yay təkərlərində bu xüsusiyyət olmadığı üçün maşını dayandırmaq da çətinləşir. 

Ən sərfəli kredit üçün müraciət et

Əgər yer sürüşkəndirsə qaz pedalına çox incə toxunmalısınız, çünki əks halda təkərlər yerindəcə fırlanacaq, qarı ətrafa səpəcək və altdakı buz üzə çıxacaq. Bu da avtomobilin hərəkət etməsini ikiqat çətinləşdirəcək. Əgər avtomobilinizdə “şəhər içində idarəetmə” və ya “idman” rejimləri varsa onlardan istifadə edin. Çünki bu funksiyalar qazın reaksiyasını azaldır, qazı nə qədər sıxsanız da, maşın böyük sürətlə hərəkət edə bilmir. Avtomobili dayandıran zaman isə əyləci sonuna qədər sıxmasanız daha yaxşı olar.

Yanacaq çənini sonuna qədər doldursanız daha yaxşı olar. Əgər çən yarımçıq olarsa bayırdakı havanın temperaturu aşağı düşdükcə içəridəki hava buxarlanacaq. Bu zaman əmələ gələn xırda su damcıları yanacağınıza qarışacaq. Temperatur çox aşağı olarsa, donan su yanacağı da dondura bilər. Baxmayaraq ki, yanacağın donma temperaturu suyun temperaturuna nisbətən aşağıdır, bu cür hallar baş verə bilər.

Bütün bunlarla yanaşı, əgər siz dağlıq ərazidə və hündürlüyü çox olan bölgələrdə avtomobil idarə edirsinizsə,  zəncirsiz keçinmək çətin olacaq. Amma burda zənciri yalnız iki təkərə taxmaq lazımdır ki, bu da avtomobilin hansı təkərlər tərəfindən çəkilməsindən asılıdır.

Təhlükəsizlik üçün olmasa da, sonda sizə daha bir məsləhət vermək istərdik. Hamı kimi siz də “onsuz da kirlənəcək” deyib avtomobilinizi yuduzdurmursunuz? Qışda avtomobilinizi tez-tez yuduzdursanız, daha yaxşı olar. Bilirik ki, qışda yollara duz səpilir ki, qar ərisin. Təbii ki, hərəkət edən zaman yerdəki duz avtomobilinizin üzərinə sıçrayır. Bu əslində avtomobil üçün zərərlidir. Avtomobilin üstü qoruyucu boya ilə örtülsə də, alt tərəfindəki hissələr tamamilə açıqda qalır. Bilirik ki, duz korroziyanı gücləndirən maddədir. Yəni duz maşınınıza yapışacaq və avtomobilinizin hissələrini daha tez paslandıracaq.

Ted.az