Müəllif:Ayşən İmanova/Banco.az
Dünya üzrə əksər IKEA mağazalarının sahibi və operatoru olan “Ingka Group”un, avqustun 31-də başa çatan 2024-cü maliyyə ili üçün xalis mənfəəti təxminən iki dəfə azalıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətdən verilən məlumatda deyilir.
Məlumata görə, xalis mənfəət bir il əvvəlki 1,507 milyard avro ilə müqayisədə 806 milyon avro təşkil edib. Əməliyyat mənfəəti 28% azalaraq 2,007 milyard avrodan 1,253 milyard avroya düşüb.
Gəlir bir il əvvəlki 44,3 milyard avro ilə müqayisədə 5,5% azalaraq 41,864 milyard avro təşkil edib. Maliyyə hesabatlarında bildirilir ki, minlərlə məhsul üzrə qiymət endirimləri şirkətə 2,1 milyard avrodan çox ziyan vurub.
IKEA mağazalarını ziyarət edənlərin sayı 3,3%, internet saytlarına daxil olan istifadəçilərin sayı isə 28% artıb. Eyni zamanda, onlar ötən maliyyə ilinə nisbətən 9% çox sifariş veriblər.
Satışların 72,7%-i Avropanın, 18,1%-i Şimali və Cənubi Amerikanın, 9,2%-i Asiyanın payına düşüb. Ölkələr arasında liderlik Almaniyadır - ümumi satışın 15,5%, ABŞ - 13,2% və Fransa - 9,3%.
Qeyd edək ki, “Ingka” 31 ölkədə fəaliyyət göstərir, buraya 570-dən çox mağaza və 35 ticarət mərkəzi daxildir.