Minimum istehlak səbəti nədir? – Azərbaycan və dünya ölkələrindən nümunələr | Banco.az

Minimum istehlak səbəti nədir? – Azərbaycan və dünya ölkələrindən nümunələr

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hər bir insanın yaşaması və sosial həyatda iştirak etməsi üçün müəyyən məhsul və xidmətlərə ehtiyacı var.

Banco.az xəbər verir ki, bu məhsul və xidmətlərin minimum həcmini müəyyənləşdirmək üçün "minimum istehlak səbəti" anlayışı formalaşıb. Bu göstərici insanların əsas ehtiyaclarını qarşılayacaq qida, qeyri-qida malları və xidmətlərin siyahısını əhatə edir. Minimum istehlak səbəti sosial siyasətin əsas dayaq nöqtələrindən biridir və yoxsulluğun ölçülməsi, minimum əməkhaqqının müəyyən edilməsi və sosial yardımların tənzimlənməsi üçün əsas alət kimi istifadə olunur. Lakin bu anlayış ölkələrin iqtisadi vəziyyətindən və sosial siyasətindən asılı olaraq dəyişir.

Azərbaycanda minimum istehlak səbəti

Azərbaycanda minimum istehlak səbəti qanunvericiliklə tənzimlənir və əhalinin yaşayış səviyyəsinin qiymətləndirilməsi üçün istifadə edilir.

İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib ki, 2025-ci ildə minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq.

O qeyd edib ki, minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi İqtisadiyyat Nazirliyinin daim gündəmdə saxladığı məsələdir.

Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibi sonuncu dəfə Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 182 nömrəli qərarı ilə təsdiq edilib.

Minimum istehlak səbətinə daxil olan qidalar uşaqlar, əmək qabiliyyətli əhali və pensiyaçılar olmaqla üç kateqoriyaya görə müəyyənləşdirilib.

Dünya təcrübəsində nümunələr

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın inkişaf etmiş ölkələrində minimum istehlak səbəti anlayışı daha geniş və fərqli şəkildə tənzimlənir. Bu ölkələrdə yalnız insanın fiziki ehtiyaclarının deyil, həm də sosial həyatda iştirakını təmin edən ehtiyacların qarşılama səviyyəsi əsas götürülür.

1. ABŞ
ABŞ-da minimum istehlak səbəti "Federal Poverty Guidelines" çərçivəsində müəyyən edilir. Bu göstərici əhalinin yoxsulluq səviyyəsini ölçmək və sosial yardım proqramlarını tənzimləmək üçün istifadə olunur. Yaşayış xərclərinin regionlara görə dəyişməsi səbəbindən bəzi ştatlar əlavə proqramlarla əhalini dəstəkləyir.

2. Almaniya
Almaniyada "Existenzminimum" (Yaşam Minimumu) anlayışı tətbiq olunur. Bu səbət yalnız qida və qeyri-qida mallarını deyil, həm də səhiyyə xidmətlərini, nəqliyyat xərclərini və mədəni fəaliyyətlərə çıxışı əhatə edir. Bu yanaşma əhalinin yalnız yaşamasını deyil, sosial cəmiyyətdə iştirakını da təmin etməyə yönəlib.

3. İsveç
İsveçdə dövlət sosial təminat sistemində hər bir fərdin minimum ehtiyaclarının qarşılanmasını əsas məqsəd qoyur. Təhsil, səhiyyə və nəqliyyat xidmətləri dövlət tərəfindən geniş şəkildə dəstəklənir və bu xərclər minimum istehlak səbətinə daxil edilir.

4. Kanada
Kanadada "Market Basket Measure" (MBM) modeli istifadə olunur. Bu model regionların fərqli xərclərini nəzərə alaraq hər bir ailənin ehtiyaclarını müəyyən edir. Ailə tərkibi, yaş, yaşayış sahəsi kimi amillər də hesablamalara daxil edilir.