“Çindən Avropaya Azərbaycan üzərindən daşınan yüklərin həcmi artacaq” | Banco.az

“Çindən Avropaya Azərbaycan üzərindən daşınan yüklərin həcmi artacaq”

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Son 2 ildə Azərbaycan ilə Çin arasındakı ticarət dövriyyəsi 74 faiz artıb. Bu ilin ilk 4 ayında ölkələr arasında 1 milyard 37 milyon dollarlıq dövriyyə qeydiyyata alınıb. Bu o deməkdir ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur”. 

Banco.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib. O qeyd edib ki, tərəflər arasında digər iqtisadi əməkdaşlıq nəqliyyat və logistika sahəsini əhatə edir.

“Azərbaycan Orta dəhlizi dəstəkləyən ölkələrdəndir.  Orta dəhliz - "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu", bütövlükdə "Bir kəmər, bir yol" layihəsinin bir hissəsi kimi də qiymətləndirilir. 
Rusiya-Ukrayna müharibəsindən sonra Orta dəhlizə marağın artdığının müşahidə edilməsi ölkələr arasında əməkdaşlığın daha da güclənəcəyindən xəbər verir. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Orta dəhlizin əhəmiyyəti daha da artacaq. Nəticə etibarilə Çindən Avropaya daşınan yüklər Azərbaycan üzərindən daşınan yüklərin də əhəmiyyətli artımına səbəb olacaq”.

Ən sərfəli kredit üçün müraciət et

Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizi yalnız Çin və Azərbaycan arasında münasibətlərin gücləndirilməsində deyil, bütövlükdə regionda nəqliyyat və logistikanın inkişafı baxımından da vacib hesab olunur.

“Bu, Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyacaq bir layihədir. Layihə həm Azərbaycanın Çinlə, həm də digər aparıcı ölkələrlə iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.Bütövlükdə, Astanada imzalanmış Birgə Bəyannamə Azərbaycan ilə Çin arasında strateji əməkdaşlığın dərinləşməsində yeni səhifə açacaq”.

Ən sərfəli krediti almaq üçün müraciət et