Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? | Banco.az

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hər il paytaxtda kirayə mənzil bazarında qiymətlərdə artım müşahidə edilir. 

Payız mövsümündə  tələbələrin paytaxta axını ilə canlanan kirayə bazarı, yay mövsümündə qısamüddətli boşluq yaşasa da, son illərdə vəziyyət o istiqamətdə də dəyişib. 

Bu barədə Banco.az-a açıqlama verən əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakı şəhərində pilot layihələr üzərindən köhnə çoxmənzilli yaşayış binalarının və fərdi evlərin sökülməsi  həmin binalarda olan mənzillərin kirayə bazarından çıxmasına səbəb olur.

Mütəxəssis vurğulayıb ki, kirayə mənzillər hazırda daha çox   yenitikili binalarda köhnə binalardan iki dəfəyə qədər daha baha qiymətə təklif olunur:
“Pilot layihələr çərçivəsində mənzilləri sökülən sakinlər bina hazır olana qədər məcbur ərazidə olan binalarda kirayə mənzil axtarmalı olur.Təqribən 3 il müddətində kirayələnən həmin mənzillərin kirayə bazarından çıxması da qiymətlərə təsirsiz ötüşmür.
Yay aylarında kirayədə qalan tələbələr bölgələrə geri döndüyü üçün evlər boş qalırdı. Amma hazırda qaydalarda edilən dəyişikliyə görə, ali təhsil müəssisələrinə imtahan verən tələbələrin universitetə qəbul olunma  müddəti daha tez bilindiyi üçün həmin boşalan mənzillər də artıq tez alıcı tapa bilir.
Hansı tələbələr növbəti tədris ilində Bakıda qalacaqsa, onlar adətən kirayə yaşadıqları ev sahibi ilə razılığa gəlirlər. Nəticədə həmin evlər boş qalmır. Əvvəllər belə hallar olmurdu, tələbələrin çoxu evləri boşaldıb tətilə yollandığından qiymətlər düşürdü. Avqust-sentyabr ayına doğru isə tələb artırdı və qiymətlər yüksəlirdi. İndi isə evlər boş qalmadığı üçün kirayə mənzil bazarında ciddi qiymət azalması müşahidə olunmur".

Ən sərfəli kredit üçün müraciət et

Elnur Fərzəliyev qeyd edib ki, artıq 2040-cı  ilə qədər paytaxt Bakı şəhərinin baş planı hazır olmalıdır. Ekspert xüsusilə xatırladıb ki, yaxın gələcəkdə artıq paytaxt Bakı şəhərində ucuz kirayəlik mənzillər əlçatan olmayacaq: 

“Bu fərdi yaşayış evlərindən ibarət olan köhnə yaşayış massivlərinin və köhnə çoxmənzilli yaşayış binalarının sökülməsi ilə əlaqədardır. Yeni tikili binalarda kirayə mənzil qiymətləri daha baha olur və əlavə onların kommunal pulları da onların ağır aylıq kirayə qiymətinin minimum 10 faizini təşkil edir”.

Ən sərfəli krediti almaq üçün müraciət et