Ərzaq qiymətləri ucuzlaşacaq? - Açıqlama | Banco.az

Ərzaq qiymətləri ucuzlaşacaq? - Açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard 474,2 milyon manatlıq, o cümlədən 7 milyard 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5 milyard 930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb ki, dövriyyə real ifadədə 3,1% artıb.

Pərakəndə ticarət şəbəkəsində xərclənilən vəsaitin 51,1 %-ni bilavasitə ərzaq məhsulları, 4,9%-ni içkilər və tütün məmulatları, 15,1%-ni toxuculuq məhsulları, geyim və ayaqqabılar, 5,4%-ni avtomobil benzini və dizel yanacağı, 4,5%-ni elektrik malları və mebellər, 2,3 %-ni əczaçılıq məhsulları və tibbi ləvazimatlar, 1,3%-ni kompüter, telekommunikasiya avadanlıqları və çap məhsulları, 15,4%-ni isə digər qeyri-ərzaq malları təşkil edib.

Məsələyə münasibət bildirən iqtisadçı Pərviz Heydərov bildirib ki, xərclənilən vəsaitin 50%-dən çoxu ərzağa getməsi,  tələbin artdığına deyil, həm də ərzaq məhsullarının baha olduğu göstəricisidir:

Ən sərfəli kredit üçün müraciət et

“Ən çox içkilərlə tütün məmulatlarının qiymətləri yüksəlib. Cari ilin ilk rübünün yekununa görə, tütün məmulatları keçən ilin eyni dövrüylə müqayisədə 11,7% bahalaşıb. Mineral suların, sərinləşdirici içkilərin və şirələrin qiyməti 3,3% artıb.
Ət və ət məhsullarının 4,3%, balıq və balıq məhsullarının 0,9%, süd və süd məhsulları ilə yumurtanın 0,2%, meyvələrin 7,6%, qənd, cem, bal, şokolad və konfetlərin 0,4%, digər kateqoriyalara aid edilməyən ərzaq mallarının 1,7%, həmçinin çay, qəhvə və kakaonun isə 0,2% qiymət yüksəlişinə uğradığı da nəzərə alınmalıdır”.
İqtisadçı qeyd edib ki,  qiymətlərin bahalaşması zamanı ərzaq məhsulları elə bir “yüksəliş” əldə edib ki, bu sahədə qiymət səviyyəsi hələ də istehlak xərclərinin əsasını təşkil edir:

“Təəssüf ki, bundan sonra hər hansı ucuzlaşma gözlənilmir. Düzdür, ayrı-ayrı ərzaq mallarının dəyərində eniş ola bilər. Ancaq, ümumən ərzaq sahəsində nə qlobal miqyasda, nə də daxili bazarda ciddi qiymət endirimi baş verməyəcək”.

Ən sərfəli krediti almaq üçün müraciət et