Azərbaycanda yaradılacaq islam bankçılığı sisteminin hansı üstünlükləri var? | Banco.az

Azərbaycanda yaradılacaq islam bankçılığı sisteminin hansı üstünlükləri var?

Müəllif:Mehin Qasımova/Banco.az

Bu gün islam bankçılığı özünün inkişaf mərhələsini yaşamaqdadır. İslam bankçılığı ənənəvi bank sektorundan fərqli olsa da, maliyyə qurumu ildən-ilə dünyada daha da məşhurlaşır və sərfəli maliyyə həlləri təklif edir. İslam  bankçılığı şəriətin dini qaydalarına riayət etməklə bank işinin aparılması üsuludur. Bu növ bankçılıqda faizlər (ərəbcə "Riba") qadağandır. İslam bankçılığının əsas prinsipləri mənfəət və zərərin bölüşdürülməsi, faizin qadağan edilməsidir.

İstehlak və biznes kreditləri

İslam bankçılığının ən çox yayılmış xidmətlərindən biri - istehlak kreditidir. Əgər vətəndaş sosial ehtiyacları üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır. Bu halda müştəri banka bu məbləği hissə-hissə ödəyir. Müqavilədə gecikmə rüsumları və ya cərimələr nəzərdə tutulmur, buna görə də bank əməliyyatın onun üçün riskli olmasın deyə əvvəlcə müştərinin ödəmə qabiliyyətini daha yaxşı təhlil edir.

İslam bankının ənənəvi banklardan əsas fərqi biznes kreditlərindədir. İslam bankı müştəriyə biznes krediti verdikdə  şərik olur. Əgər müştəri islam bankının kreditindən istifadə edərək nəzərdə tutduğundan daha çoxlu gəlir əldə edirsə, banka da müvafiq olaraq daha çox pay ödəməli olur. Bank ,eyni zamanda, riskləri müştəri ilə bölüşür. Yəni bank investor, treyder kimi fəaliyyət göstərir və pay şəklində mənfəət əldə edir.

Ənənəvi banklardan fərqli olaraq, islam bankı investordur, müəssisənin mənfəət və zərərlərini bölüşdürmək üçün müqavilə əsasında investisiya qoyur. Bank öz işini elə təşkil edir ki, müştərinin mənfəət və ya zərəri ilə sıx bağlı olsun. Buna əsaslanaraq demək olar ki, islam bankı bütün tərəfdaşlarının inkişafında maraqlıdır. İslam bankçılığı borcun vaxtından və ölçüsündən asılı olaraq əvvəlcədən razılaşdırılmış məbləğin təyin edilməsini qadağan edir. Sözügedən bank tütün məmulatlarının, spirtli içkilərin, silahların satışı və digər şübhəli fəaliyyət növləri üçün krediti qadağan edir. İslam bankçılığında əsas müqavilənin prinsiplərinə əməl etməkdir.

İpoteka kreditləri

İslam bankı  müştərinin almaq istədiyi bir malı/daşınmaz əmlakı özü alır. Daha sonra həmin əmlakın üstünə  müəyyən məbləğ qoyaraq yenidən müştəriyə satır. Müştəri həmin məbləği müəyyən edilmiş müddət ərzində bərabər ödənişlərlə geri qaytarır.
Kommersiya bankına olan kredit ödənişi gecikdiriləndə əlavə cərimə faizləri hesablanır, islam bankı isə  bu gecikmələri bağışlayır.

Depozitlər

İslam bankına depozit yatırarkən müştəri bankın şəriki qismində çıxış etməyə başlayır. Bankın gəlirləri yüksək olduqda müştəri də öz depozitinə yüksək gəlir əldə edir. Əksinə, bank mənfəət əldə etmədikdə müştəri də öz depozitinə heç nə əldə etmir.

Ən sərfəli kredit üçün müraciət et

BVF-nin araşdırmasına görə, İslam bankları maliyyə böhranına ənənəvi banklardan daha davamlıdır.

Riskli əməliyyatlarda və spekulyasiyalarda iştirak

İslamda istiqraz və imtiyazlı səhmlərin alınması da qadağandır. Daha çox gəlir vəd edən mürəkkəb alətlərə investisiya etmək əlavə riskləri ehtiva edir. İslam hüququ birja ticarətindən çəkinir, buna görə də, məsələn, fyuçers müqavilələri ilə möhtəkirlik haram sayılır, yəni qadağandır.

Dünyanın 102 ölkəsində islam bankçılığı fəaliyyət göstərir. 

İslam maliyyə alətlərinin həcmi ildən-ilə artır. Hazırda islam maliyyə alətlərinin həcmi 4,5 trilyon dollara çatıb. İslam maliyyə alətləri təkcə islam ölkələrində deyil, qeyri-müsəlman ölkələrində də istifadə olunur. Qərb ölkələrində banklar və maliyyə institutları islam bankçılığı sistemindən uğurla istifadə etməyə başlayıblar. Qeyd edək ki, dünyada islam bankçılığının mərkəzi Londondur. Artıq Rusiyada bu sistem uğurla tətbiq olunmağa başlayıb. Belə ki, 2023-cü ilin avqust ayında islam bankçılığı Rusiyanın 4 regionunda test kimi tətbiq olunmağa başlayıb.

Hazırda  Azərbaycanda da islam bankçılığı ilə bağlı hüquqi baza hazırlanır.

Belə ki, Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sözügedən sənəddə islam bankçılığının inkişafı öz əksini tapıb. 2022-ci ildə Azərbaycanda islam bankçılığına təlabatı öyrənmək üçün araşdırma aparılıb. Məlum olub ki, islam bankçılığı fəaliyyətə başlayacağı təqdirdə 82%-ə yaxın kiçik və orta sahibkarlıq subyektləri bu bankın xidmətlərindən istifadə edəcək. Ekspertlərin sözlərinə görə, bu ölkədə maliyyə işinin inkişafına təkan verəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et