5 kitabdan mütləq öyrənməli olduğunuz – 5 həyat dərsi | Banco.az

5 kitabdan mütləq öyrənməli olduğunuz – 5 həyat dərsi

1. “Mindset the new psychology of success” – Carol Dweck

Bu siyahıdan təkcə bir kitab oxuyacaqsınızsa, həmin kitab bu olsun!

Müəllifi Carol Dweck olan bu kitab tamamilə başlanğıc səviyyədədir. Kitab bir insanın həyatında qarşılaşacağı ən mühüm məsələyə diqqət yönəldir. Bacarıqlarınız və zəkanız sabit xüsusiyyətlər deyildir! Bu xüsusiyyətlər hər hansı bir yaşda və hər hansı bir istiqamətdə inkişaf etdirilə bilər. İnsanların genetikasının onların taleyinin bir hissəsi kimi qəbul edilməsi düşüncəsinə qarşı çıxan müəllif  bunun əksini sübut etmək üçün elmi araşdırmalara istinad edir. Genetikanızdan daha vacib olan sizin düşüncə tərzinizdir.

Müəllif hər hansı bir işdə uğur qazanmaq üçün ilk öncə özünüzü inkişaf etdirə biləcəyinizə inanmalı olduğunuzu qeyd edir. Bu düşüncə tərzinin ən təməl və hərtərəfli nəticəsi dəyişiklikdir. Etməli olduğunuz “Mən bunu edə bilmərəm” düşüncə tərzindən “Mən bunu indi edə bilmərəm” düşüncəsinə keçməkdir.

Kitabdan öyrəniləcək dərs: Zəka dəyişikliyin təməlidir.

Həmçinin oxu: Bill Qeytsin oxumağı tövsiyyə etdiyi 5 kitab

2. “Extreme Ownership: How U.S. Navy Seals Lead and Win” – Jocko Willink və Leif Babin

Özünüzdən başqasını günahlandırmayın. Bu həyatınızdakı hər şey üçün keçərlidir.

Bu kitab yaşadıqlarınızın qəbul etdiyiniz qərarların inikası olduğunu sizə xatırladan, “bəhanəyə yer yoxdur” düşüncəsi ilə yazılmış bir kitabdır. Həyatınızın gedişatından və uğurlarınızdan məmnun deyilsinizsə, bu işdə müqəssir hökumət, valideynləriniz, iqtisadi vəziyyət və ya cəmiyyət deyildir. Sizin yol verdiyiniz səhvlərdir.

Həyata baxış bucağınıza bu düşüncəni əlavə etmək və müəllifin İraqda ABŞ ordusu ilə bağlı gəldiyi qənaətlər, həyatınızda nəzarət edə biləcəyiniz şeylərə yenidən nəzər salmağınıza səbəb olacaq. Dəyişmə prosesi daxili dünyanıza nəzər salmağınızla başlayacaq.

Kitabdan öyrəniləcək dərs: Bütün səhvlərinizi qəbul edin.

3. “Man's search for meaning” – Viktor Frankl

Dilimizə "İnsanın məna axtarışı" adı ilə tərcümə olunan bu kitab psixiatr Viktor Franklın Faşist düşərgələrində qələmə aldığı xatirə kitabıdır. Bu kitabda əgər həyatda bir məqsədiniz varsa, hər cür çətin vəziyyətin öhdəsindən gələ biləcəyinizdən bəhs edilir. Həyatınız nə qədər gözəl olursa olsun, məqsədiniz yoxdursa, özünüzü natamam hiss edəcəksiniz.

Ən sərfəli kredit üçün müraciət et

Kitabdan öyrəniləcək dərs: Təcrübələrinizin sizə nə öyrətdiyinə fikir verin.

Həmçinin oxu: Dünyaca tanınmış milyonçularının ən çox sevdikləri kitablar

4. “The power of passion and perseverance” - Angela Duckworth

Əzm, hədəfinizə çatmaq nə qədər çətin, bu müddət nə qədər darıxdırıcı olsa da, həmin hədəfə çatmağınız üçün sizə stimul verən və ruhlandıran xüsusiyyətdir.

Böyük uğurlar əldə etmək üçün çox çalışmalı olduğunuz kimi həmçinin işə olan marağınızı itirmədən dəfələrlə uğursuzluqlarla üzləşməyi öyrənməlisiniz. Bütün bunlar isə əzmli olmağı tələb edir. Nəticədə uğur əldə edən insanlar işlər nə qədər sıxıcı olsa da, yolundan dönməyən insanlardır. Müəllifin fikrincə, bu xüsusiyyət bacarıqdan 10 dəfə daha üstündür.

Kitabdan öyrəniləcək dərs: Əzm bacarıqdan daha üstündür.

5. “The Obstacle Is the Way” – Ryan Holiday

Müəllif kitabına bir tövsiyə ilə başlayır: Sizə mane olan şey əslində sizi irəliyə aparacaq olandır.

Bu fikir sizə real səslənmədisə, Wright Qardaşlarını düşünün. Kifayət qədər maliyyə dəstəyi əldə edə bilməyən qardaşlar uçuş rəqabətini qazanma şansı olan ən sonuncu insanlar idilər. Bəs, velosiped dükanı olan bu iki qardaş necə oldu ki uçmağa nail oldu? Məhdudiyyətlər onları yenilik etməyə məcbur etdi.

Yolunuza bir maneə çıxdığı zaman ya geri qayıdarsınız, ya da həmin maneəni keçməyə çalışarsınız. Maneəni keçmək məcburiyyətində qalmağınız əslində sizi uğura aparan amildir.

Kitabdan öyrəniləcək dərs: Maneələri fürsətə çevir.

Həmçinin oxu: BBC-dən dünyanı dəyişdirən 20 kitab!

Tamara Mustafayeva, Banco.az