Müəllif: Aygün Asimqızı/Banco.az
Rəşad Həsənov: “Hesabatlıq zəif olduğu üçün bankın sahibi, yaxud sahiblik hüququ olan şəxs bankdan kütləvi şəkildə vəsait çıxara bilir”
Daha bir bank - “GünayBank” bağlandı. Hər dəfə hansısa bank bağlananda, digər bankların da taleyi müzakirə edilməyə başlayır. Bu dəfə də daha bir neçə bankın bağlanacağı ilə bağlı fikirlər səsləndirildi. Eyni zamanda bildirildi ki, 24 bank belə Azərbaycan üçün çoxdur. Əslində, bank sektorunda vəziyyət necədir? Bu istiqamətdə suallar ətrafında iqtisadçı Rəşad Həsənovla söhbətləşdik.
- 2012-ci ildə Azərbaycanda 43 bank var idi, bu gün 24-dür. Dünyada da bank sayında azalma gedir. Bank sayı niyə azalır?
- Bu mövzuda dünya ilə Azərbaycanın həm eyni, həm də özünəməxsus xüsusiyyətləri vardır. Xüsusilə 2008-ci il qlobal maliyyə böhranından sonra bank sektorunda yeni tənzimləmələr - bank sektoruna nəzarət mexanizmlərinin sərtləşməsi, eyni zamanda sektorun təminatının güclənməsi ilə bağlı mərkəzi banklar və ölkə hökumətləri tərəfindən həyata keçirilən siyasət müəyyən mənada təmərküzləşməni təşviq etdi. Eyni zamanda bir sıra kiçik banklar maliyyə böhranının təsirlərindən ya müdafiə olunmadı, ya da bu təlatümdən çıxa bilmədi. Hökumətlər adətən, sistem əhəmiyyətli, böyük bankları qorudular. Digər tərəfdən, iqtisadiyyatın bütün sahələrində - xüsusilə bank sektorunda rəqəmsallaşma prosesi gedir. Bu prosesdir, davam edir və edəcək. Növbəti 20 ildə bank sektorunda çalışanların sayı bu günlə müqayisədə 80 faizə yaxın azalacaq.
- Bəs Azərbaycanda bankların bağlanması ilə bağlı spesifik xüsusiyyətlər hansılardır?
- Azərbaycanda 2015-ci ilə qədər sürətli iqtisadi artım, neft vəsaitlərinin bazara daxil olması, oliqarxlaşma bank sektorunun böyüməsi ilə müşahidə olundu. 10 il ərzində bankların portfeli 50 dəfəyə yaxın artdı. 2015-ci il devalvasiyası bizim sürətli böyüyən bank sektorunun ilk sınağı oldu. İlk sınaqda aydın oldu ki, bank sektorunda ciddi problemlər, sektorun dayanıqlığı ilə bağlı risklər var. Kreditləşmədə nöqsanlar müşahidə edildi. Bu risklər fonunda ilk dalğada 15-ə yaxın bank sıradan çıxdı. 2020-ci ildə 4 bank, 2023-cü ildə 1 bank bağlandı.
- Bağlanan bankların oxşar cəhətləri nələr idi?
- Bağlanan bankların oxşar cəhətləri çox idi. Məsələn, qeyri-şəffaflıqları. 2020-ci ildə banklar bağlanarkən Mərkəzi Bank sədri etiraf etdi ki, Mərkəzi Banka verilən hesabatlar belə doğru deyilmiş. Əslində, biz 2019-cu ildə bildirmişdik ki, bank sektorunda hesabatlıqla bağlı ciddi problemlər var. Belə ki, 2019-cu ildə problemli kreditlərin həlli ilə bağlı Prezident sərəncamı oldu. Ondan sonra banklar məlumatları hazırlamaq üçün 3-4 ay gecə gündüz işlədilər. Bu artıq siqnal oldu. Ona qədər düşünürdük ki, hər kəsin məlumatı mərkəzi kredit reyestrində, kredit bürosunda real vaxt rejimində əksini tapır: Kim krediti nə vaxt götürüb? Kim gecikmədədir, kim deyil? və s. Məlum oldu ki, elə deyilmiş. O zaman bu məsələni biz gündəmə gətirəndə, belə olmadığını iddia edirdilər. Amma 2020-ci ildə Mərkəzi Bank sədri dedi ki, hesabatlara görə həmin banklarda məcmu kapitalı hökumətin müəyyən etdiyi normanın - 50 milyon manatın üzərində görünürmüş. Son anda qiymətləndirmədə məlum olub ki, bağlanan bankların 270 milyon manat mənfi məcmu kapitalı var imiş.
- Bankda o qədər acınacaqlı vəziyyəti yaradan nə olur?
- Bankların subyektiv maraqlar çərçivəsində idarə edilməsi, korporativ idarəetmə modelinin idarəetmədə geniş tətbiq edilməməsi, kiçik banklar olması, eyni zamanda portfelin zəif şaxələnməsi, məsuliyyətsiz kreditləşmə və s. Düzdür, qeyri-məsuliyyətli kreditləşmə dünyada da bank sektorunda müşahidə olunan prosesdir. Bank sektorunun ən zəif halqalarından biridir. Eyni zamanda bankların sahibləri ilə bağlı da problem var idi. Xatırlayırsınızsa, son bağlanan bankla bağlı bir neçə ay bundan əvvəl də mediada məlumat yayılmışdı. Yaxud bankların içinin boşaldılması məsələsi də problemi bağlanacaq həddə gətirir. Tək son bağlanan deyil, elə o vaxt “Texnikabank”, “Dəmirbank”da da bankların içi boşaldılmışdı.
- Bankların içinin boşaldılması necə baş verir?
- Hesabatlıq zəif olduğu üçün bankın sahibi, yaxud sahiblik hüququ olan şəxs bankdan kütləvi şəkildə vəsait çıxara bilir. Düzdür, bank sektoru Azərbaycanda ən təkmil hesabatlılığı formalaşdırmış sistem kimi görünür. Lakin baş verən hadisələr göstərir ki, burada zəif halqalar var. Bunun qarşısını almaq üçün bank benefisiarlarının başqalarının vəsaitləri üzərində qərar vermə hüquqları məhdudlaşdırılmalıdır. Bankdakı pul dövlət vəsaiti deyil, amma icma vəsaitidir. Onlar əmanətlər, kreditlər cəlb edirlər. Bu proses Türkiyədə 80-90-cı illərdə müşahidə olunmuş, “Bankaların hortumlaması” adı ilə Türkiyə maliyyə tarixinə keçmiş prosesdir. Bu, son 10 ildə Azərbaycanda da müşahidə edilir. Bunun qarşısı mütləq alınmalıdır.
- 24 bank var, yenə də deyilir ki, Azərbaycan üçün bank sayı çoxdur. Azərbaycan kimi ölkə üçün neçə bank kifayət edir?
- Bu, kifayət qədər mübahisəli məsələdir. Yaxşı təcrübələrlə müqayisə etsək, Azərbaycan kimi bir sıra ölkələrdə təxminən 10-15 bank olduğu halları da görürük, 50-dən çox olanları da. Əsas məsələ bankların sayı ilə bağlı deyil. Banklar hesabatlı fəaliyyət göstərərsə, Mərkəzi Bank normaları bazarın riskləri nəzərə alınmaqla təyin edərsə, hesabatların, rəqəmlərin saxtalaşdırılması hallarının qarşısı alınarsa, bank sayının az və ya çox olmasının o qədər də əhəmiyyəti yoxdur. Rəqabətli bazar olarsa, 3-5-10 bank belə bizim üçün kifayət edər. Amma Azərbaycanda bazarın strukturu narahatedicidir, xüsusilə inhisara meyillidir. Bu səbəbdən az olmaması rəqabət üçün yaxşıdır.
Söhbət rəqəmsallaşmadan gedirsə, bu özü xərc yükü yaradır. Böyük xərc yükü yaranan halda kiçik banklar həmin texnologiyanı tətbiq edə bilmirlər, bazar özü onları məhv edir.
- Kiçik banklara iflasdan çıxış yolu kimi digər banklara birləşmək uyğun görülür. Bəs niyə birləşmirlər?
- Bu, ən optimal çıxış yoludur. Çünki sektora güvənin aşağı düşməsindənsə, oyunçuların bazardan çıxmasındansa, onların birləşməsi və öz fəaliyyətini hansısa formada qoruması daha məqsədəuyğundur. Bankların birləşməməsi benefisiarlar və bank sektorundakı vəziyyətlə əlaqədardır. Prosesin içindədir və yaxşı bilir ki, ona birləşmək istəyən bankın vəziyyəti necədir? Hesabatlarda gördüyümüzü yox, əsil vəziyyəti yaxşı bilirlər. Banklar əlavə problem istəmirlər, ona görə ona hansısa bankın birləşməyinə razı olmurlar.
Eyni zamanda, bizim bəzi bank benefisiarları bankda olan pulları öz vəsaitləri kimi istifadə edirlər. Biz bununla bağlı kifayət qədər fakt görmüşük. Bu səbəbdən, qərarların qəbulunda başqalarının iştirakını arzuolunmaz hesab edirlər.
- Ən son bağlanan bank “GünayBank” oldu. Bir bank bağlanan kimi artıq “Digər banklar da bağlana bilər?” narahatlığı yaranır. Digər banklarımızın vəziyyəti necədir?
- Bağlanan bankla bağlı bəyanatda qeyd olundu ki, həmin bank məcmu kapital tələbini yerinə yetirmir. Bankın son hesabatında isə görürük ki, yerinə yetirib. Hesabatlarda görünən başqadır, reallıq başqa. Mərkəzi Bank da o ifadəni öz lisenziya ləğv etmək qərarına əsassız şəkildə daxil etməyib. Yəni böyük ehtimalla biz banklarda real vəziyyəti görə bilmirik. Kapital adekvatlıq əmsalına baxmış olsaq, qanunvericiliklə sistem əhəmiyyətli olmayan banklarda tələb olunan norma 10 faizdir. 4-5 bankda bu rəqəm 11 faiz ətrafındadır. Düzdür, 10 faizdən az deyil, qanunvericiliklə lisenziyanı ləğv etmə hüququ yaratmır. Eyni zamanda risk istiqamətlidir. Sistem əhəmiyyətli banklarda bu göstərici norması 12 faizdir.
Haradasa 3 bank minimum məcmu kapital tələbi ətrafındadır, hətta 1 bankın balans kapitalı məcmu kapitalla müqayisədə 2 dəfə azdır. Bu da risk siqnalıdır.
- Bəs gəlirləri?
- Bu qədər böyük vəsaitlər və o vəsaitlərin işlədilməsindən əldə edilən gəlirlər az görünür. Düzdür, bank sektorunda gəlirləri qısamüddətli dövr üçün qiymətləndirmək çətindir. Bunun üçün uzunmüddətli təhlil etmək lazımdır. Çünki bir sıra hallarda bankların gəlirləri ehtiyat normalarına edilən dəyişikliklərlə bağlı dəyişir. Məsələn, Mərkəzi Bank hər hansı məhsul növü ilə əlaqədar ehtiyat norma tələbini artırır. Banklarda gəlirlərin səviyyəsinin dəyişməsində məhz normalara edilən dəyişikliklərin ciddi təsiri olur.
İstənilən halda 5 illik orta dövrü götürüb təhlil edəndə, yenə də görürük ki, bu da normal deyil. 3-4 bankda 5 ildə əldə edilən gəlirlər ümumi bankın idarə etdiyi vəsaitlərin 1,5 faizi ətrafındadır. Bu çox aşağı göstəricidir. Ya burada hansısa formada gəlirlərin azaldılaraq mənimsənilməsindən söhbət gedir, yaxud bankın problemləri çoxdur.
- Vətəndaş banka əmanət yerləşdirəndə, hansı məqamlara baxmalıdır?
- Yaxşı olar ki əmanət yerləşdirəcəkləri bankı peşəkar mütəxəssislə məsləhətləşərək seçsinlər. Yaxud bankların hesabatlarına, kapitalına baxsınlar. El dili ilə desək, bankın alacağına və verəcəyinə baxın. Əgər hansısa bankda alacaqla verəcək eynidirsə, yaxud verəcəyi alacağından çoxdursa, deməli, riskdir. Yaxud bankın məhsul növü ilə bağlı qiymətlərinə baxsınlar. Deyək ki, bizdə banklarda əmanətlərə təklif edilən orta faiz göstəricisi 8-9-dur. Hansısa bank 12-13-14 faizlə təklif edirsə, siqnal kimi qəbul edin. Bu bankın likvidlik problemi var, əlavə vəsait cəlb etməyə çalışır. Yüksək faizlər əksər hallarda bankın sonunu gətirir.
- Bir bankın bağlanması əhalinin banklardan əmanətlərini geri çəkməsinə gətirib çıxaran faktor ola bilərmi?
- 21-ci əsrdə yastıq altı yığımlar edilməz. Bazar iqtisadiyyatında vəsaitlər banklarda toplanmalıdır. Gəlir əldə etməkdən çox pulun dəyərsizləşməsi və inflyasiyadan qorunması üçün çox vacib məsələdir. Hazırda banklarımızda orta əmanət faizi 10-dur. Bəzi illərdə inflyasiya bizdə 2-3 faiz ətrafında olub. O halda pulunuz sizə gəlir də gətirib. Amma sizin ötən il evdə saxladığınız vəsait dövlətin elan etdiyi inflyasiya rəqəmləri ilə 14 faiz dəyərsizləşib. Halbuki bu, 30 faiz ətrafındadır. Siz bunun qismən bir hissəsini əmanət qoymaqla qoruya bilərdiniz.
Banka pul qoymaqdan çəkinmək lazım deyil. Sadəcə olaraq bilikli davranmaq lazımdır. 100 min manata qədər, 12 faizə qədər yerləşdirilən əmanətlər (manatla yerləşdirilənlər) sığortalanır.
- 100 min manat əmanət yatıranlar isə əmanət faizlərini almaq problemi yaşayırlar.
- Əmanətlərin 100 min manata qədər məbləği dövlət tərəfindən sığortalanır deyə, insanlar bir banka 100 min manat yatırırlar. 100 min manat qoysan, 10 min də gəlirin olsa, bank bağlansa, gəliri ala bilmirsən. Çünki sığorta bir şəxsə yalnız 100 min manat qaytarır. Ona görə, siz 90 min manat yatırın. Bir il ərzində onun üzərinə əmanət faizi də gələndə, 97-98 min manat olacaq, 100 mini keçməyəcək.
Sığorta ilə bağlı bu günə qədər ciddi risklər yaranmayıb. Üstəlik, Azərbaycan xalqı xeyli məlumatlanıb, daha ehtiyatlı davranır.
- Bəs sahibkarların problemləri necə həll edilir?
- Sahibkarlıq subyektləri xüsusilə diqqətli olmalıdır. Çünki 20 min manata qədər depozitlər fiziki şəxslər üçün sığortalanr. Bankda hesab açıb yüz minlərlə, milyonlarla vəsaitin dövriyyəsini həmin banklar vasitəsilə həyata keçirən və müxbir hesablarda saxlayan sahibkarlar diqqətli olsunlar. Çünki onların risk təminatı yoxdur. Bankın ləğvetmə prosesinə baxmış olsaq, onlara ödəniləcək vəsait 6-7-ci pillələrdə gəlir çatır. Bankın ləğv etməsi zamanı pul qalacaqsa, onlara növbə çatır. Qaytarılsa belə, 7-10 il sonra o pul sizə gəlib çatar. Sahibkarlar diqqətli olsunlar, vətəndaşlar üçün ciddi risk yoxdur.
- Bankların bağlanması ölkə iqtisadiyyatı haqqında nə deyir?
- Hər gün hansısa şirkət bağlanır, hansısa yeni şirkət yaranır. Bankların vəziyyəti 4-5 il öncə ilə müqayisədə xeyli yaxşılaşıb. Əgər xarici öhdəlikləri 2,5 il öncə 8-9 milyard manat arası idisə, bu gün 2,5 milyard manata düşüb. Xalis xarici aktivlərinin həcmi 2 milyard manatdan 5 milyarda çatıb. Bankların böyük əksəriyyətinin məcmu kapitalı 5 milyon ətrafında idi. Hazırda 50 milyon manatın üzərindədir. Aprel ayının məlumatına görə, problemli kreditlərin həcmi 2,9 faizdir. 5 il öncə 10 faizin üzərində idi. Hansısa bankın bağlanması bank sektorunda problem olması göstəricisi deyil. “İqtisadiyyatda yaranmış təhlükələrdən xəbər verir” kimi də şərh oluna bilməz.
Bizi sosial şəbəkələrdən izləyin!!