Müəllif: Gülnar Əhmədli, Banco.az
1995-ci ildə psixoloq və jurnalist Daniel Qoulman dünyanı emosional intellektlə tanış edən bir kitab nəşr edib. Bundan sonra duyğuları başa düşmək və idarə etmək bacarığının sosial uğur şanslarımızı xeyli artırdığı fikri geniş vüsət almağa başladı. Davranışlarımızla emosional zəkamız arasındakı bu əlaqə iş həyatımıza və əlaqələrimizə təsir edir. Bəs emosional zəka özünü tam olaraq harada göstərir? Yüksək emosional intellektə malik olduğunuzu göstərən 10 əlamət bunlardır:
1. Hisslərinizi tez-tez nəzərdən keçirirsiniz
Emosional intellekt sosial maarifləndirmə kimi müəyyən edilir. Həm özünün, həm də başqalarının duyğularını hiss etmək bacarığı emosional zəkanın vacib hissəsidir. Duyğularınızı tez-tez nəzərdən keçirərkən özünüzə verdiyiniz suallar aşağıdakılara bənzəyirsə, siz yüksək emosional intellektə maliksiniz demək olar.
- Emosional olaraq nə qədər güclüyəm? Zəif cəhətlərim nədir?
- Əhvalım qərarlarıma necə təsir edir?
- Ətrafımdakı insanların dediklərinin və etdiklərinin arxasında nə dayanır?
2. Danışmazdan əvvəl düşünürsüz
Danışmadan və hərəkətə keçməzdən əvvəl dayanıb düşünmək nəzəri cəhətdən asan olsa da, praktikada həmişə asan olmur. Güclü emosional intellektiniz sayəsində danışmazdan əvvəl dedikləriniz barədə düşünə bilərsiniz. Bu düşüncə sizi utanc verici anlardan və ya çox tez qərar verməkdən xilas edə bilər. Qısası, dəyişən duyğularınıza güvənərək qalıcı qərarlar verməkdən qaçan birisinizsə, emosional zəkanız yüksək ola bilər.
3. Fikirlərinizi idarə etməyə çalışırsınız
Hisslərimizi hər zaman idarə edə bilmərik, ancaq düşüncələrimizə fokuslanaraq bu duyğulara reaksiyalarımızı idarə edə bilərik. Düşüncələrinizi idarə etməyə çalışaraq emosiyalarınızın əsiri olmaqdan qaçır və dəyərlərinizlə harmoniyada yaşamağı seçirsiniz. Bu emosional intellektin göstəricisidir.
4. Tənqidi dəyərləndirərək müsbət dərslər alırsınız
Heç kim mənfi rəyləri bəyənmir. Amma bilirik ki, tənqid həm də öyrənmə fürsətinin qapılarını açır. Başqalarının sizi necə gördüyünə dair fikir əldə edirsiniz. Mənfi tənqid aldığınız zaman emosiyalarınızı nəzarətdə saxlamağı bacarırsınızsa və özünüzə sual verirsinizsə ki, bu tənqid məni necə daha yaxşı insan edə bilər, demək, emosional intellektiniz kifayət qədər yüksəkdir.
5. Öz dəyərlərinizə sadiq qalırsınız
Öz dəyərlərinizə sadiq qalmaq o demək deyil ki, onları hər zaman, hər yerdə paylaşmalısınız. Özünüzü ifadə edərkən dəyərlərinizə və fikirlərinizə sadiq qalırsınızsa, emosional zəkanızdan istifadə edirsiniz. Hər düşüncəmiz hər mühitdə təqdir oluna və ya xoş qarşılana bilməz. Özümüzü doğru yerdə və doğru zamanda düzgün ifadə etmək lazımdır.
6. Yüksək empatiya gücünə sahibsiniz
Başqalarının fikir və hisslərini anlamaq qabiliyyətinə empatiya deyirik. Başqaları ilə əlaqə qurmağa imkan verən empatiya, emosional zəkanın əsas göstəricilərindəndir. Əgər siz hər şeyi başqalarını mühakimə etmək əvəzinə, hadisələrə onların gözü ilə görməyə çalışırsınızsa, empatiya gücünüz yüksəkdir. Empatiya sadəcə hadisələri başqalarının gözü ilə görmək demək deyil. Sadəcə anlamağa çalışmaq kifayətdir. Bu yolla insanlarla daha dərin və möhkəm əlaqələr qura bilərsiniz.
7. Başqalarını qiymətləndirirsiniz
Bütün insanlar təsdiqlənmək və qiymətləndirilmək istəyir. Başqalarını qiymətləndirəndə onlarda sizə qarşı güvən yaranır. Bu zaman ətrafınızdakı insanlar üçün ilham mənbəyi olursunuz.
8. Siz müsbət rəylər verirsiniz
Mənfi tənqid başqalarının hisslərini incidə bilər. Bunu anladığınız zaman tənqidi konstruktiv şəkildə ifadə edirsiniz ki, tənqid etdiyiniz insan onu mənfi deyil, müsbət kimi görsün.
9. Üzr istəməyi bacarırsınız
Üzr istəmək güc və cəsarət tələb edir. Səhvinizi anlayıb lazım olanda üzr istəyə bilirsinizsə, bu, ətrafınızdakı insanlara qarşı tolerant və təvazökar olduğunuzu göstərir. Emosional intellekt üzr istəməyin həmişə səhv etdiyiniz demək olmadığını başa düşməyə kömək edir. Münasibətinizə eqonuzdan daha çox dəyər verdiyinizi göstərir.
10. İnsanları bağışlayır və həyata davam edirsiniz
Kədərlə yaşamaq yaraya “duz tökmək” kimidir. Günahkar tərəf öz həyatına davam edərkən, siz heç vaxt özünüzə sağalmaq şansı vermirsiniz. Bağışlayanda və həyatınıza davam edəndə başqalarının duyğularınızı idarə etməsinə imkan vermirsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!