Yeni qaydaya əsasən sığorta vəsaitindən necə istifadə olunacaq? | Banco.az

Yeni qaydaya əsasən sığorta vəsaitindən necə istifadə olunacaq?

Nazirlər Kabinetinin yeni Qərarı ilə təsdiq edilmiş Qaydada dövlət icbari şəxsi sığorta üzrə formalaşan sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə qaydası müəyyən edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Prezident İlham Əliyevin 2021-ci il 18 may tarixli Fərmanı ilə dövlət icbari şəxsi sığorta sahəsində idarəetmə 2022-ci ilin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Fərmanla sığortaolunanlar və sığortalıların uçotunun aparılması, sığorta haqlarının ödənilməsinə nəzarət, sığorta ödənişlərinin verilməsi, sığorta ehtiyatlarının yaradılması, artırılması və s. işlərin görülməsi Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilir.

Yeni Qaydaya əsasən, qeyd olunan sığorta vəsaiti müvafiq qanunvercilikdə nəzərdə tutulan şəxslərlə (hərbi qulluqçular, məhkəmə və hüquq mühafizə orqanları işçiləri, diplomatik xidmət əməkdaşları və b.) bağlı ödənilən dövlət icbari şəxsi sığorta haqları və kreditlər, habelə sığorta ehtiyatının banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər, qanunla qadağan edilməyən digər mənbələr hesabına formalaşır.

Qaydada sığorta haqları üzrə illik daxilolmaların proqnozunun 5 faizədək hissəsinin sığorta ehtiyatına yönəldilməsi nəzərdə tutulur. Hər ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Sığorta vəsaitindən dövlət icbari şəxsi sığorta ödənişlərinin verilməsi, sığorta ehtiyatının yaradılması, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, idarəetmə xərclərinin ödənilməsi və qanunla müəyyən edilən digər istiqamətlər üzrə istifadə olunması nəzərdə tutulur.

Ən sərfəli kredit üçün müraciət et

Qaydada sığorta ehtiyatından istifadə istiqamətləri də göstərilib. Bu istiqamətlərə sığorta ödənişləri üzrə illik gözlənilən xərclər sığorta haqları üzrə illik gözlənilən daxilolmadan artıq olduqda, arada yaranan kəsirin maliyyələşdirilməsi, sığorta ehtiyatının həcmi sığorta haqlarının illik proqnoz həcminə bərabər olduqda, sığorta ehtiyatının həcminin artırılması dayandırılmaqla, onun depozitə yerləşdirilməsindən əldə edilən gəlir hesabına müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi daxildir.

Sığorta ehtiyatının banklarda (bir banka qoyulan depozitin məbləği həmin bankın kapitalının 20 faizindən çox olmamaq şərtilə) depozitə yerləşdirilməsi də qaydada əksini tapır.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram