Yeni qaydaların tətbiqi sığorta bazarında hansı dəyişikliklərə səbəb oldu? | Banco.az

Yeni qaydaların tətbiqi sığorta bazarında hansı dəyişikliklərə səbəb oldu?

İki aydan artıqdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsi (zərərlərin birbaşa tənzimlənməsi)” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqı məbləğlərinin hesablanması” qaydalarını təsdiq edib. Tətbiq olunan yeni qaydaların vətəndaşlara faydaları və sığorta səhəsinə təsirləri barədə sualları İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov cavablandırıb.

- Yeni hesablama qaydalarının tətbiq olunmasından ötən müddət ərzində bazarda nə dəyişib?

- Sığorta haqlarının hesablanmasının yeni qaydası - nəqliyyat sahiblərinin risk əsaslı sığorta haqqı ödəməsi bu sahəyə daha ədalətli yanaşma olmaqla, sığorta haqları ilə sığorta ödənişləri arasında balansın qurulmasına da gətirib çıxaracaq. Artıq yeni metodla sığorta haqlarının hesablanmasından 2 aydan artıq bir zaman keçib. Ümumilikdə, avtomobillərin icbari sığorta ilə bağlı sığorta haqlarında orta hesabla 30%-ə qədər artım müşahidə edilir. Avto-icbari sığorta növü sosial əhəmiyyətli bir növ olduğundan, bu növ üzrə sığortaçıların gəlirliliyi əsas götürülmür. Lakin bu sığorta növü sığortaçılara digər sığorta risklərini təminat altına alması və istehlakçılara başqa sığorta məhsullarını təklif etməsi üçün əlverişli biznes şəbəkəsi formalaşdırır. Ona görə də hesab edirik ki, avto-icbari sığorta sahəsində istehlakçı məmnunluğunun artması digər könüllü sığorta sinifləri üzrə penetrasiyanı artıracaq.

- İcbari Sığorta Bürosunun elektron sistemində hər kəsə maraqlı ola biləcək daha hansı xidmətlər təklif edilir?

- Sığorta məlumatlarına əlçatanlığı təmin etmək məqsədilə nəqliyyat vasitələri sahiblərinin şəxsi kabinetlərini istifadəyə vermişik. Orada hər kəs avtomobilinin sığorta tarixçəsini rahat görə bilər. Gücləndirilmiş elektron imza ilə yanaşı, ASAN Login vasitəsilə şəxsi kabinetə giriş təmin olunub. Avtomobil sahibləri sığorta şəhadətnaməsinin vaxtının bitmə tarixini də izləyə bilir. Bu da sığortanı vaxtında yeniləməyə, əlavə cərimələrdən yan keçməyə imkan verir. Vətəndaşlarımız nəqliyyat vasitəsini aldığı şəxsdən həmin kabinetdəki məlumatları təqdim etməsini istəyə bilərlər. Orada nəqliyyat vasitəsi ilə bağlı bütün hadisələri görmək mümkündür. Biz gələcəkdə həmin məlumat bazasını daha da genişləndirməyi düşünürük.

- Noyabrın 1-dən başqa bir qayda da qüvvəyə minib. Zərərlərin birbaşa tənzimlənməsində məqsəd nədir?

- “İcbari sığorta haqqında” Qanunda zərərlərin birbaşa tənzimlənməsi ilə əlaqədar müddəa var. Bu o deməkdir ki, nəqliyyat vasitəsinə zərər vuran şəxsin sığortalandığı şirkət deyil, zərərçəkənin öz sığorta şirkəti onun zərərini dərhal qarşılayacaq. Başqa sözlə, qəza nəticəsində zərər vurulan nəqliyyat vasitəsi hansı şirkətdə sığortalı olubsa, sığorta ödənişini də həmin şirkət həyata keçirir. Hesab edirik ki, bu, daha məntiqlidir. Əvvəlki qaydada sığorta haqqını ödəmək qarşı tərəfin mülki məsuliyyətini sığortalayan şirkətin üzərinə qoyulurdu. Bu zaman həmin sığorta şirkətinin biznes marağı olmadığına görə, müəyyən neqativ hallar müşahidə edilirdi. Yeni qaydaların tətbiqi ilə bu cür hallara son qoyulacaq. Zərərlərin birbaşa tənzimlənməsi qaydası ilə sığortalının avtomobilinə dəyən zərəri onun öz sığorta şirkəti ödəyir. Sonradan həmin vəsait zərər vuran şəxsin mülki məsuliyyətini sığorta edən şirkətdən geri alınır. Gələcəkdə şirkətlər arasında mübahisə yaransa belə, bunun vətəndaşa heç bir təsiri olmur. Bu sistemin ərsəyə gəlməsində əsas motivasiya odur ki, hər bir sığorta şirkəti öz müştərisinin zərərlərini qarşılasın, müştəri məmnuniyyətini təmin etsin. Fikrimcə, zərərin birbaşa tənzimlənməsinə keçid sığorta bazarında yeni bir miladdır. Bununla Azərbaycanın sığorta bazarında tamamilə fərqli bir artım müşahidə olunacaq. Dünya təcrübəsi göstərir ki, zərərlərin birbaşa tənzimlənməsi sisteminə keçildikdən sonra sığorta şirkətlərindən şikayətlərin sayı 90 faizədək azalır.

- Bəs sığorta şirkətləri arasında ehtimal olunan mübahisələr necə tənzimlənəcək?

- İcbari Sığorta Bürosunda zərərlərin birbaşa tənzimlənməsi zamanı mübahisələrin həlli üzrə sığorta şirkətlərinin nümayəndələrinin təmsil olunduğu xüsusi komissiya fəaliyyət göstərir. Bütün mübahisəli məsələlər bu komissiyada müzakirə olunacaq və qanunamüvafiq qərarlar qəbul ediləcək. Bundan əlavə, qarşılıqlı hesablaşmaların tənzimlənməsi üçün loto sistemi mövcuddur. Əgər bir şirkət öz müştərisinə, tutaq ki, 4.000 manat zərər ödəyibsə, qarşı tərəfdən həmin məbləği tam ala bilməyəcək. Onun nə qədər vəsait alacağını İcbari Sığorta Bürosunun sistemi müəyyən edəcək. Həmin şirkət ödədiyi məbləğ qarşılığında bəzi hallarda 3.500, bəzən isə 4.500 manat ala bilər. Bu, şirkətlərin bilərəkdən məbləğləri şişirtməsinin qarşısını almağa xidmət edir. Ola bilər ki, sığorta şirkəti bu ay müştərilərə toplam 20.000 manat sığorta ödənişi edib, lakin şirkətlərdən 19.300 manat ödəniş alıb. Növbəti ay həmin məbləğ 20.700 manat olacaq. Nəticədə ilin sonunda təqribən ödədiyi qədər vəsaiti geri almış olur. Zərərlərin tənzimlənməsindən sonra sığorta ödənişlərində müəyyən bir artımın olacağı gözlənilir.

Ən sərfəli kredit üçün müraciət et

- Bu yaxınlarda Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə“ Azərbaycan Respublikasının 2022-ci il 18 oktyabr tarixli 610-VIQD nömrəli Qanununun tətbiqi və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 500 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Sənəddə bəzi sığorta növlərinin elektronlaşması, məlumatların birbaşa ötürülməsi kimi məqamlar əksini tapıb. Bununla sığorta sektorunda nələr dəyişəcək?

- Fərmanda göstərilən hallarla bağlı yanaşmalar dəyişəcək. Burada əmlakın sığortalanması ilə əlaqədar lazımi məlumatlar müvafiq dövlət qurumundan təmin ediləcək və digər qurumlarla elektron inteqrasiya həyata keçiriləcək. Bütün elektron informasiya sistemləri ilə inteqrasiyadan sonra artıq Azərbaycanda İcbari Sığorta Bürosunun sistemi vasitəsilə buraxılan icbari sığorta şəhadətnamələri elektronlaşacaq, kağız sığorta şəhadətnamələrinə ehtiyac qalmayacaq. Tam elektronlaşma sığorta şəhadətnaməsinin olub-olmamasına nəzarət etməyə və cərimə mexanizminin çevik tətbiq olunmasına imkan verəcək. Bu isə Azərbaycanda penetrasiyanın ciddi şəkildə artmasına səbəb olacaq.

- İcbari Sığorta Bürosu 2022-ci ildə nə qədər kompensasiya ödənişi həyata keçirib?

- İcbari Sığorta Bürosunun əsas funksiyalarından biri də üçüncü şəxsin sağlamlığına naməlum və yaxud oğurlanmış avtonəqliyyat vasitəsilə zərər vurulduqda və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda kompensasiya ödənişləri həyata keçirməkdir. Zərərçəkən tərəf bizə müraciət edərək müvafiq sənədləri təqdim etməklə kompensasiya ödənişi ala bilər. Son illərin müqayisəli təhlilini əks etdirən aşağıdakı cədvəldən də göründüyü kimi, kompensasiya ödənişlərində artım müşahidə olunur:

Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə bu artım 194%, 2022-ci ilin 11 ayı ərzində 2021-ci illə müqayisədə isə 66% olub. Artım, əsasən, aparılan maarifləndirmə işləri və belə hallarda kompensasiyanın ödənilməsi üzrə icra müddətinin olmaması ilə əlaqədardır.

vergiler.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram