Müəllif: Gülnar Əhmədli, Banco.az
Yeni il bir çox insan üçün yeni məqsədlərin, yeni planların başlanğıcıdır. İlin əvvəlində insanlar tez-tez yeni məqsədlər qoyur, qərarlar qəbul edir və dəyişiklik üçün daha motivasiyalı olurlar. Yeni il qərarlarını təyin etmək asan olsa da, onları həyata keçirmək və plana sadiq olmaq bəzən çətin ola bilər. Araşdırmaya görə, insanların çoxu ilin əvvəlində qəbul etdikləri qərarlardan yanvarın ilk bir neçə həftəsində imtina edirlər. Bəs, bu qərarların real şəkildə həyata keçirilməsi yolları hansılardır? Bu məqalədə yeni il qərarlarınızı qalıcı etmək üçün edə biləcəyiniz 7 bənd hansılardır, onları qeyd etmişik.
1. Qərarlarınızda seçici olun
Yeni il hədəflərimiz arasında biz tez-tez arıqlamaq, daha çox tərəvəz yemək, siqareti atmaq və ailəmizlə daha çox vaxt keçirmək istəyə bilərik. Ancaq yeni il qərarları üçün bu qədər hədəf qoymaq düzgün deyil. Daha önəmli olan bir, yaxud ya iki şey seçin və onları həyata keçirməyə fokuslanın.
2. Plan qurun
Məqsədinizə əsaslanaraq bir plan qurmaq daha yaxşıdır. Qərarınıza necə nail olmaq istədiyinizi və məqsədinizə çatmaq üçün nə qədər vaxt lazım ola biləcəyini düşünün. Məsələn, əgər qərarınız siqareti tərgitməkdirsə, adi insanın bu vərdişi atması üçün nə qədər vaxt lazım olduğunu və gözlənilən mümkün uğursuzluqları araşdırın. Düzgün planlaşdırma məqsədinizə çatmağınıza kömək edəcəkdir.
3. Çox konkret məqsədlər qoyun
İdmana başlamaq çoxlarımızın Yeni il qərarları arasındadır. Bəs bu əslində nə deməkdir? Ümumi yeni il qərarı əvəzinə, daha konkret bir məqsəd qoyun. Məsələn, “Mən gündə 30 dəqiqə məşq edəcəm” demək daha məntiqli və asan bir qərar ola bilər.
4. Həddindən artıq məsuliyyət götürməyin
Özünüz üçün həddindən artıq yüksək gözləntilərdən çəkinin. Əgər arıqlamaq istəyirsinizsə, kiçik, lakin real arıqlama hədəfi seçin. Məsələn, çəkinizə görə bir ayda neçə kiloqram arıqlaya biləcəyinizi hesablayın və ona uyğun bir plan müəyyənləşdirin. Kiçik hədəflər qoymağınız böyük nəticələr əldə etməyə kömək edəcəkdir.
5. Yeni məqsədlər seçin
Bu il cəhd etdiyiniz, lakin keçmişdə uğursuzluğa düçar olduğunuz məqsədləri bir kənara qoyun. Bunun əvəzinə, daha asan əldə edə biləcəyiniz və sizi həvəsləndirəcək fərqli bir məqsəd təyin edə bilərsiniz. Sizi əvvəlki hədəfinizlə eyni yerə çatmağınıza kömək edəcək başqa bir yeni il qərarı da seçə bilərsiniz.
6. Dostlarınızla birlikdə vaxt keçirin
İstər sizinlə məşq etmək üçün dostunuz olsun, istərsə də daha sağlam qidalanma vərdişləri ilə bağlı sizə kömək edəcək tərəfdaş olsun, digər insanlarla vaxt keçirin. Cəmiyyət arasında özünü daha yaxşı büruzə verə bilmək insanların təbiətində var.
7. Özünüzə vaxt verin
Yeni rutinlər bir gecədə vərdişlərə çevrilmir. 2009-cu ildə aparılan bir araşdırma yeni bir vərdişin formalaşması üçün orta hesabla 66 günün lazım olduğunu göstərib. Özünüzə qarşı səbirli olun. Kiçik uğursuzluqlarla qarşılaşsanız və ya bir həftə məqsədinizə çata bilmirsinizsə, növbəti həftə yenidən davam edin. Əgər buna davam etsəniz, nəticədə bir vərdiş formalaşdıracaqsınız.
Bizi sosial şəbəkələrdən izləyin!!