Azərbaycanda yaşayan şəxsin özünü xoşbəxt hiss etməsi üçün ayda 1000 manat, yəni ildə 12 min manat gəlirə ehtiyacı var. Bu məbləğ onların cari xərclərini, toy xərcini, uşaqlarının təhsilinə tələb olunan pulu ödəyər.
Bu barədə müsahibəsində Davamlı İnkişafın Tədqiqatı Mərkəzinin sədri Nəriman Ağayev bildirib.
"Bir neçə ailəni müşahidə edirik və bu müşəhidələr əsasında belə nəticəyə gəlmişik. Ancaq bu məbləğ ailələrə aiddir, təqaüdçülərə gəldikdə isə onlara bir ayda 300 manat da bəs edir", - mütəxəssis deyib. Onun sözlərinə görə, 2012-ci illə müqayisədə 2013-cü ildə əhalinin gəlirləri 10% artıb.
Öz növbəsində müstəqil iqtisadçı Oqtay Haqverdiyev bildirib ki, gəlirlərin artması yaxşı haldır:
"Ötən illə müqayisədə Azərbaycan vətəndaşlarının gəlirləri 8% artıb, bu cəmi 9 ayın nəticələridir. Bütün il ərzində isə göstərici daha da çox ola bilər, çünki ilin sonuna yaxın bayramlara görə işçilərə mükafatlar verilir, bu səbəbdən gəlirlər artır. Gələn ilə gəldikdə isə, hökumət özü də vətəndaşlarının gəlirlərinin artacağını proqnozlaşdırır. Fikrimcə, 2014-cü ildə ölkə əhalisinin gəlirləri 7-8% artacaq".
Yeri gəlmişkən, tam xoşbəxtlik üçün insana 35,5 min dollar gərəkdir. Müasir sənayə dünyasında bir vətəndaşının 35,5 min dollar illik gəlir qazandığı ölkələr ən stabil hesab olunur. Bunu amerika və ingilis tədqiqatçıları bildirirlər.
"Biz maraqlı bir halla rastlaşdıq: həyatdan zövq almaq dərəcəsi artır, ancaq müəyyən həddə qədər. Həmin hədd 35,5 min dollarlıq gəlirdir. Bundan sonra, insan nə qədər çox pul qazanırsa-qazansın, "xoşbəxtlik səviyyəsi" enir, - tədqiqatçılardan biri olan Ecenio Proto deyib. - Eyni zamanda həyatdan zövq alma dərəcəsi vətəndaşlarının gəlirlərinin təxminən bərabər olduğu ölkələrdə daha da yüksəlir".
Bəs sizə, əziz oxucular, xoşbəxt olmaq üçün nə qədər gəlir kifayət edər?
Milli.az