İnternetdə, mətbuat xidmətlərində xarici və uzaq ölkələrdə işləməyə getməyə hazır olanlar üçün müxtəlif növ iş elanları görmək mümkündür. Bir çox enerjili, ambisiyalı gənc insanlar qarşılarına məqsəd qoyur və biznes, elm və yaradıcılıq sahələrində uğurlar qazanırlar.
Çox tez-tez xarici ölkələrdə təhsil almış uğurlu proqramçı, müğənni, musiqiçi, müəllim və həkimlər haqqında məlumatlar eşidirik. Amerikada “Silicon Valley”-də yüksək texnologiyalı texnoparklarda müxtəlif ölkələrdən gəlmiş miqrantlar fəaliyyət göstərir.
Əgər əcnəbi ölkədə, məsələn Çex respublikasında işləmək və həyatınızı yenidən qurmaq arzusundasınızsa bu zaman ölkənin işədüzəlmə ilə bağlı qanunvericiliyini və iş sahənizə istiqamətlənmiş çex dilini öyrənməlisiniz. Məsələn, burada otelə xidmətçi olaraq işə düzəlmək istəyən müştərilər ilə ünsiyyət qurmaq üçün 800 söz bilməlidir. Bu say ayrı-ayrı peşələr üçün dəyişir.
Əmək müqaviləsi imzalayan, iş vizası əldə edən və əmək birjasından razılıq əldə edən şəxs artıq qanuni işçi hesab edilir. Əlbəttə, xarici ölkədə işə düzəlməyin digər yolları da var. Məsələn, arzusunda olduğunuz ölkənin işə düzəltmə ilə bağlı ən populyar və çox istifadə edilən vakansiya saytını tapırsınız və tələbinizə uyğun vakansiya axtarırsınız. Bundan əlavə, cv-nizi də saytda yerləşdirə bilərsiniz. Yeri gəlmişkən, xarici ölkədə işə düzəlmək üçün hər kəsin şansı var. Adətən 30 yaşından yuxarı qadınları otellərdə xidmətçi, mətbəx işçisi, daha gənc xanımları isə kafedə ofisiant vəzifəsinə qəbul edirlər. Lakin ümid etməyin ki, siz asanlıqla pul qazanacaqsınız. Burada çox işləmək lazımdır.
Lakin bir faktı unutmaq lazım deyil ki, burada çox şey insanın peşəsinə olan tələbatdan asılıdır. Dəyirmançı, dülgərlər, mebel ustaları, şirkətdə sürücülər rəsmi olaraq işə düzəlməyə ümid bəsləyə bilərlər. Hazırda isə Avropanın kurort şəhərlərində gözəllik salonları üçün kosmetoloqlara, tibbbacılarına və manikür edən işçilərə tələbat çoxalıb. Tələbələr isə xarici ölkədə təhsil aldıqları müddətdə iş əldə etməyə cəhd edirlər və bu da nəticəsiz qalmır. Məsələn, Finlandiyada təhsil alan əcnəbi tələbələr meyvə toplama işinə gedərək yaxşı gəlir əldə edir və eyni zamanda əcnəbi dil öyrənir.
Mənbə: Bizplus.az