“Visa” kibertəhlükəsizliyə son 5 ildə 9 milyard dollar investisiya yatırıb” | Banco.az

“Visa” kibertəhlükəsizliyə son 5 ildə 9 milyard dollar investisiya yatırıb”

Müəllif: Aygün Asimqızı, Banco.az

Nurlan Hacıyev: “Tərəfdaşlarımızla birgə Azərbaycan bazarında yeniliklərimizin genişləndirilməsini planlayırıq”

“Visa” şirkətinin baş direktoru - Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyevin banco.az-a müsahibəsi

- Nurlan bəy, ilk olaraq “Visa”nın ölkəmizdə hədəfləri barədə danışaq. Əsas hədəflər nədir?

- “Visa” şirkəti olaraq strateji hədəfimiz ölkənin nağdsız iqtisadiyyata keçidini stimullaşdıran sürətli, rahat və təhlükəsiz ödəniş üsullarının inkişafıdır. Azərbaycan artıq bu istiqamətdə böyük irəliləyişə nail olub. “Visa”nın dəstəyi sayəsində nəinki regionumuzda, eləcə də bütün dünyada ilk dəfə tətbiq edilən innovativ həllər son illərdə ölkəmizdə də tətbiq edildi.

“Visa” Azərbaycanda bir-birinin ardınca yeni məhsullar təqdim edir. Bir neçə həftə bundan əvvəl biz Azərbaycan Beynəlxalq Bankı ilə birgə Sea Breeze kobrendinq kartını təqdim etdik. Bundan əvvəl isə “Visa” şirkəti E-PUL ödəniş xidməti ilə birlikdə “ASAN xidmət” mərkəzlərində QR kod texnologiyasından istifadə etməklə ödənişlərin edilməsinə start verdi.

Bu ilin aprel ayında daha bir böyük təqdimatımız oldu. Belə ki, “Wolt” və “Bank Respublika” ilə birlikdə bazara xüsusi şərtlər ilə olan, dünyada ilk sayılan kobrendinq kartını təqdim etdik.

Ölkənin nağdsız iqtisadiyyatının inkişafı üçün daha əvvəl edilən və əsas sayılan təqdimatlardan danışsaq, 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı” ilə birlikdə ölkədə ilk dəfə olaraq “Visa Token Service” tokenizasiya texnologiyasını istifadəyə verdik.

Texnologiya bank kartı məlumatlarını, məsələn, onun nömrəsi və CVV kodunu 16 rəqəmli unikal rəqəmlər toplusuna - tokenə çevirir. Bu, smartfonunuzda və ya saatınızda saxlanıla bilən kartınızın rəqəmsal şəklidir. Onunla plastik kart olmadan alış-veriş zamanı ödəniş edə bilərsiniz. Həmçinin onun təhlükəsizliyi dəfələrlə yüksəkdir, çünki belə bir token üçüncü şəxslərin əlinə düşsə belə, ondan istifadə etmək mümkün olmayacaqdır.

“Visa”dan tokenizasiyanın işə salınması ölkədə 2021-ci ildə “Apple Pay” və 2022-ci ildə “Google Pay”in yaranması üçün əsas oldu. Azərbaycanda alış-veriş zamanı “Garmin Pay” vasitəsilə də ödəniş etmək mümkündür.

Sahibkarlar üçün də həllər tətbiq etmişik. Beləliklə, 2022-ci ildə “Visa” kiçik və orta bizneslər üçün əsas həll olan “Tap to Phone”u bazara çıxardı. Onun köməyi ilə Android platformasında işləyən qısaməsafəli məlumat ötürmə (NFC) moduluna malik telefonlar faktiki olaraq ödəniş terminallarına çevrilir. Yəni biznes sahibləri sadəcə olaraq xüsusi mobil tətbiqi quraşdırmaqla bilavasitə öz smartfonlarında kartlardan ödənişləri qəbul edə bilərlər.

Biz “Kapital Bank” ilə birlikdə “Tap to Phone” xidmətini işə saldıq və indi onu daha 4 bank da təqdim edir. Bu texnologiyanın digər maliyyə institutlarında tətbiqi ilə bağlı planlarımız var.

Ümumilikdə, yeni həllər əsasında qurulan nağdsızlaşma ödənişləri pul dövriyyəsinin sürətini artırır, bu isə öz növbəsində iqtisadiyyatın inkişafına gətirib çıxarır, insanların rifahına, həyat tərzinə mühüm təsir göstərir.

- Növbəti illər üçün şirkətin Azərbaycanda planları nələrdir?

- Tərəfdaşlarımızla birgə yeniliklərimizin genişləndirilməsi, Azərbaycan bazarında onların daha çox yayılmasını planlayırıq. Məsələn, korporativ ödənişlər üçün "Visa B2B Connect" kart həllərini inkişaf etdiririk. Bu, blokçeyn texnologiyası əsasında yeni həllimizdir. Bu xidmət korporativ və biznes müştərilərinə beynəlxalq köçürmələri daha sürətli, təhlükəsiz və daha az xərclə həyata keçirməyə imkan verir. Bundan əlavə, idxal və ixracla məşğul olanlar “Visa”nın bu texnologiyası üzərindən ödənişlərini həyata keçirə bilərlər.

Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika regionu üzrə “Visa” ilk olaraq Azərbaycanda bu həlli bazara çıxardı. Hazırda 5 bankda işləyir və biz yeni təqdimatları planlayırıq.

Həm də biz “She's Next Empowered by Visa” qadın sahibkarlara dəstək layihəmizin genişləndirilməsini davam etdiririk.

- “Visa” tək Azərbaycanda deyil, bütün dünyada qadın sahibkarlara dəstək olur. Niyə qadınlar?

- Dünyada rəqəmsal ödənişlərin lideri olan şirkət kimi “Visa”nın sosial məsuliyyəti var. Şirkət sırf qadın sahibkarlar üçün imkanların genişləndirilməsi məqsədilə onlara xüsusi dəstək göstərir. Biz Azərbaycanda ardıcıl olaraq 3 il bu təşəbbüsü həyata keçirdik və layihəyə çox böyük maraq olduğunu gördük. Bu müddət ərzində 1000-dən çox xanım bu layihəmizin iştirakçısı oldu. Xanım sahibkarların sahibkarlıq mövzusunda bilik və savadlarını artırmaq məqsədilə onlayn vebinarlar keçirdik və bu təlimlər xanımların idarə etdiyi kiçik və orta bizneslərin inkişafında böyük rol oynadı.

2022-ci ildə “Visa” şirkəti öz biznesini qurmaq arzusunda olan xanımlar və qadın sahibkarlar arasında öz biznesinin inkişafı üçün 15 000 manat qrant qazanmaq imkanı verən müsabiqə keçirdi. Əlbəttə ki, biz bunu 2023-cü ildə də davam etdirəcəyik.

- Bankda müştəriyə məhsul təqdim olunanda, müştərinin ilk verdiyi sual bu olur: Bu məhsulun özəlliyi nədir? “Visa” bu gün nə ilə fərqlənir?

- Müştərinin tələbləri və onların ehtiyacları bizim üçün hər zaman öndədir. İstifadəçinin həyat tərzinə müsbət təsir edən amilləri üstün götürürük.

“Visa” kartlarının hər birinin müxtəlif imtiyazları var. Bu imtiyazları premium kart sahibləri xüsusilə duya bilər.

Məsələn, Visa Infinite, Signature və Platinum kart istifadəçiləri “Vitamin D” analizini “Sağlam ailə” klinikasında pulsuz verə bilərlər. Pandemiya dövründə COVİD-19 testini pulsuz etmişdik. Hava limanı transfer xidməti də pulsuz təşkil edilir. Həmçinin sözügedən kartlar hava limanlarının istirahət zallarında pulsuz istirahət imkanı təqdim edir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin biz Avropanın əsas hava limanlarında növbəsiz, sürətli keçid də veririk. Pulsuz rouminq veririk. Yəni imtiyazlar çoxdur. Onları hiss etmək üçün gərək imtiyazlar dünyasının bir parçası olasınız.

- “Visa” tərəfdaşlarından məhsul və ya xidmət əldə edərkən 3 faizdən 20 faizədək endirimlər təklif edilir. Bu həm də təmassız ödənişləri stimullaşdırmaq məqsədi daşıyır. Bu endirimlərin təsiri sonra ölçülürmü?

- Biz kütləvi məhsullar üçün də bazarda kifayət qədər çox imtiyaz və üstünlüklər təqdim edirik. Xüsusilə token əməliyyatları üçün yönəldilən “Pay city” platformamızı qeyd etmək istərdim. “Visa” kartlarını “Apple Pay” və ya “Google Pay” xidmətlərinə qoşaraq, smartfon vasitəsilə ödəniş edə və tərəfdaşımız olan 100-dən çox müəssisədən endirimlər, bonuslar, hədiyyələr və digər imtiyazlar əldə edə biləcəksiniz.

İmtiyazların böyük əksəriyyəti avtomatlaşdırılmış endirimlər şəklindədir. Siz sadəcə öz mobil cihazınızla ödəniş edirsiniz və anında endirim alırsınız. Təbii ki, hər bir işimiz, kampaniyamızın nəticələri ölçülür. Bundan sonra optimallaşdırma və genişləndirmə üzrə müvafiq qərarlar qəbul edilir.

Nəticə odur ki, Azərbaycan nağdsız ödənişlər istiqamətində böyük irəliləyişə nail olub. Bu kampaniyaların nağdsız ödənişlərin stimullaşdırılmasındakı rolu nəzərəçarpan dərəcədə böyükdür və bunu daha da genişləndiririk.

- Təmassız ödənişlərin stimullaşdırılması işində banklarımız nə dərəcədə aktivdirlər?

- Həm əhali, həm bank sektoru yeniliklərə çoxdan hazırdır. Bu sahədə banklar kifayət qədər fəaldırlar. İnsanlar da yenilikləri çox yaxşı qəbul edirlər. Azərbaycan qısa zamanda digər ölkələrin uzun müddətdə keçdiyi yolu qət edir. Artıq “Visa” tərəfindən 13 bank “Apple Pay”, 15 bank isə “Google Pay” üzərindən sertifikatlaşdırılıb. Kifayət qədər böyük fintexlərimiz var. Yeniliklərin ard-arda tərəfdaşlar tərəfindən fəal şəkildə bazara gətirilməsi doğrudan da bazarı dəyişir.

- Yəni Azərbaycanda təmassız ödənişlərə keçidin vəziyyəti yaxşıdır?

- Bəli, son illər həm təmassız ödənişlər, həm onun ardınca gələn token ödənişlər sürətlə bazarı dəyişir. Həm rəqəmlərdə, həm bazarda, həm də insanların vərdişində xeyli dəyişikliklər baş verib.

Biz yenilikləri Azərbaycana gətirmək üçün əlimizdən gələni edəcəyik. Məqsədimiz ölkəni rəqəmsal ödənişlərdə regional liderlərdən birinə çevirməkdir. Əminəm ki, buna nail olacağıq.

- Niyə ödənişlərimizi təmassız etməliyik?

- İlk növbədə təmassız ödənişlər rahat və tezdir. Üstəlik, belə əməliyyatlar daha təhlükəsizdir. Yuxarıda da qeyd etdiyim kimi, token əməliyyatlarda smart cihazlarda kartın məlumatı tokenlə əvəz olunur. Bu da ən qabaqcıl təhlükəsizlik xidmətidir. Bütün bunlar təmassız ödənişlərə keçid etmək üçün ən tutarlı səbəblərdir.

- “Visa” banklarla işləyir və kartları banklardan alırıq. Banklarla əməkdaşlıq zamanı diqqət edilən nüanslar nələrdir? Bəlkə də belə deyə bilərik ki, “Visa”nın hansı prinsipləri var?

- Bank lisenziyası olan, ödəniş kartlarına emisiya etmək lisenziyası əldə edən hər bir bank artıq “Visa”nın iştirakçısıdır. Azərbaycandakı bütün banklar şəbəkəmizin üzvləridir. Hər biri ilə müxtəlif istiqamətdə çalışırıq. Onun nəticəsi olaraq yeniliklər daha sürətli gəlir. Banklar kifayət qədər böyük, çox maraqlı, fərqli məhsullarla bazara çıxırlar. Biz onları hər an dəstəkləməyə hazırıq.

- Zaman-zaman müxtəlif şəxslərin bank kartlarına haker hücumları olur. Bu hücumlar ilə artıq hər kəsin qarşılaşa biləcəyi deyilir. Bu, artıq adi hal alacaq?

- Son rəqəmlər onu göstərir ki, dələduzluq hadisələrinin dörddə üç hissəsi elektron ticarətdə baş verir. Sürət, inkişaf, rahatlıq vacibdir, amma təhlükəsizlik mütləq öndə durur.

“Visa” bu istiqamətə böyük önəm verir. Şirkət son 5 il ərzində, ələlxüsus, süni intellektə əsaslanan təhlükəsizlik texnologiyalarına 9 milyard dollar investisiya qoyub. Həmçinin ekosistemin təhlükəsizliyi, zərər verənlərin qarşısının alınması istiqamətində böyük komanda çalışır.

Nəticə etibarilə, “Visa” oktyabr 2021 – oktyabr 2022-ci ili əhatə edən dövr ərzində 4,2 milyard dələduz əməliyyatının qarşısını alıb. Çox vaxt müştərinin xəbəri olmur, lakin arxada süni intellekt, peşəkar komanda bu dələduzluğun qarşısını alır. Əlbəttə ki, “Visa” bu istiqamətdə daha çox işlər görəcək.

Bank kartları getdikcə daha təhlükəsiz olacaq. Rəqəmsal ödənişlərdə növbəti addımımız elektron kommersiyada tokenizasiyadır. Necə ki smartfon cihazlarınızla mağazalarda terminallarda təmassız ödəniş edirsiniz, eyni şəkildə elektron ticarətdə baş verir. Bu öz növbəsində təhlükəsizliyi təmin edən əlavə bir addımdır.

- Haker hücumlarından dolayı fiziki kartlardan ehtiyat edənlər də var. Sizcə, fiziki kartların dövrü bitəcək?

- Ard-arda innovativ üsullar gəldikcə, insanlar daha çox sadə, rahat və təhlükəsiz rəqəmsal kartlara üstünlük verəcək. 2 dəqiqə ərzində siz kartı aça və faktiki olaraq öz mobil tətbiqinizdə onu görə bilərsiniz, 5 dəqiqə sonra isə həmin kartla ödəniş edə bilərsiniz. Növbəti yeniliklər rəqəmsal kartlar istiqamətində baş verəcək, yəni bazar məhz bu istiqamətdə gedəcək.

Aygün Asimqızı