Vaxtı düzgün bölüşdürməyin yolları | Banco.az

Vaxtı düzgün bölüşdürməyin yolları

Bəzən nə gərgin iş qrafiki, nə də vaxtı idarə etmək bacarığı (time management) haqqında oxuduğumuz kitablar, məqalələlər işlərimizi düzgün planlaşdırmaqda bizə kömək etmir. Nəticədə isə vaxtında yerinə yetirə bilmədiyimiz işlərə görə töhmət alır, sabah görməli olduğumuz işlərin sayını ikiqat artırırıq. Bəs vaxtımızı düzgün idarə etmək üçün nə etməliyik?
 

Əksər hallarda sabah görəcəyimiz işləri axşam yatmazdan öncə planlaşdırsaq da, səhər kifayət qədər vaxtımızın olmasına baxmayaraq, bu işlərin heç də hamısını yerinə yetirə bilmirik. Bunun səbəbi gün ərzində diqqətimizi dağıtacaq maksimum çox hadisənin baş verməsidir. Bəs bu zaman çıxış yolu nədir?

Time management üzrə mütəxəssis Mark Fosterin bu barədə təcrübəsinə əsasən birbaşa görəcəyimiz işlərə fokuslanmaq vacibdir. Bunun üçün onları şifahi şəkildə beynimizdə sıralamağımız kifayət deyil, gün ərzində görəcəyimiz işləri yazılı şəkildə qeyd etməyimiz lazımdır. Mütəxəssisin fikrincə, görəcəyimiz işləri müəyyən ardıcıllıqla bloknotda qeyd etməyimiz bu məsələdə bizə çox kömək edə bilər. Yatmazdan öncə səhər görməli olduğunuz işləri bloknotunuzda qeyd edin. Səhər həmin yazdıqlarınızı gözdən keçirin və enerjinizin bol olan vaxtını çox əhəmiyyətli olan işin icrasına həsr edin. Bu zaman görəcəyiniz işə sevgi ilə yanaşmağınız mütləqdir. İş görərkən motivasiyadan düşməmək üçün ən birinci üsul gördüyünüz işi sevdiyinizi özünüzə inandırmaqdır. Tapşırığı uğurla bitirdikdən sonra onu siyahıdan silin. Amma əgər sonradan bu tapşırığın üzərinə yenidən qayıtmaq istəyirsinizsə, siyahının sonunda onu yenidən qeyd edin.

Ən sərfəli kredit üçün müraciət et

Çətin hesab etdiyiniz işi yerinə yetirdikdən sonra müəyyən qədər rahatlıq hiss edəcəksiniz, qayıdıb siyahıya baxdıqda isə hələ görməli olduğunuz onlarla işin qaldığını görəcəksiniz. Amma bu zaman ruhdan düşməyə dəyməz. Sıxıcı, yorucu hesab etdiyiniz bir işin ardından sizə həqiqətən də zövq verən daha yüngül bir işlə məşğul olun. Məsələn, özünüzə dadlı hamburger və ya kofe hazırlayın, sevdiyiniz balığınızın yeməyini verin, 5-10 dəqiqə kimi onu seyr edin və sonradan yenidən işinizin başına qayıdın. Bu üsul sizə itirdiyiniz enerjinizi bərpa etməkdə kömək edəcək. İşlərinizi tez zamanda bitirməkdə hərisli ola bilərsiniz. Amma unutmayın ki, başınızı qaldırmadan dörd saat işlə məşğul olmağınız tez bir zamanda sizin bütün enerjinizi itirməyinizə səbəb olacaq. Həm də vaxtınızı idarə etmək (time management) dedikdə, yalnız sizin işə ayırdığınız vaxt nəzərdə tutlmur. Bu həm də sizin günlük həyatınızı planlaşdırmağınız deməkdir.

Aydın məsələdir ki, görməli olduğumuz işlər sırasında etməyi heç cür sevmədiyimiz, məcburiyyətdən yerinə yetirməli olduğumuz işlər də olur. Haqqında danışdığımız strategiyaya aid olan yöntəmlərdən biri də görməyi sevmədiyimiz işləri qruplaşdırmaqdır. Çoxlarınız bunun lazımsız olduğunu düşünə bilərsiniz. Amma belə cədvəlin yaradılması sizə görməyi heç cür sevmədiyiniz işlərin nə üçün sıxıcı olduğunu başa salacaq, onların nə qədər vaxt aldığını öyrədəcək. Hətta ola bilər ki, bu zaman onun gördüyünüz digər işlərdən daha az vaxt apardığını görə və əslində onun düşündüyünüz qədər sıxıcı olmadığını anlaya bilərsiniz.