“Yalnız bu bacarığınızı inkişaf etdirərək gələcək qazancınızı əhəmiyyətli dərəcədə artıra bilərsiniz”.
Bu sözləri milyarder Uorren Baffet bildirib. İnvestisiya dahisinin ünsiyyət qabiliyyəti mövzusunda tövsiyələri də sərmayə yatırmaq barədə məsləhətləri qədər dəyərlidir.
Dünyanın ən məşhur milyarderlərindən biri olan Baffetin fikrincə, karyeramızda irəliləmək istəyiriksə, ünsiyyət bacarıqlarımızı daima təkmilləşdirməliyik. Məşhur kanadalı yazıçı Cillian Zoi Seqal “Getting there: A book of Mentors” (“Uğur yolu: Dahilərdən tövsiyələr”) kitabını yazarkən Uorren Baffet ilə bir müsahibə zamanı belə bir cavab almışdı:
“Ünsiyyət cəhətdən özünüzü lap cüzi də olsa inkişaf etdirsəniz, gələcəkdə pul qazanma gücünüzü ciddi səviyyədə artıra bilərsiniz”.
Həmçinin oxu: İqtisadiyyat üzrə Nobel mükafatçısı Daniel Kahnemandan maraqlı fikirlər
Baffet keçən il “Linkedin”də paylaşılan bir videoda yenə ünsiyyət mövzusunu xüsusi vurğulayıb. O deyir ki, bu bacarıqlarını təkmilləşdirməyə müvəffəq olan işçilər öz dəyərlərini 50% həcmində artırırlar.
Pul qazanıb zirvələri fəth etmək üçün başqalarını arxanızca aparmağı bacarmalısınız. İşçilər həm sizi dinləməli, həm də daim arxanızca gəlməlidirlər
Uorren Baffet 20 yaşacan insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirdi. Lakin iti zəkaya və özünütənqid qabiliyyətinə malik olan Uorren Baffet problemin fərqində idi.
Kolumbiya Universitetində biznesin idarə olunması üzrə təhsil alarkən artıq hərəkətə keçməyə başladı. Baffet 100 dollar ödəyərək Deyl Karneginin məşhur natiqlik kursuna yazılır. Hər həftə bir dərs olmaqla iki ay ərzində dərslərdə iştirak edən Baffett kurs bitdikdən sonra da natiqlik üzərində çalışmağa davam edib. Kurs bitən kimi Omaha universitetinə gedib tələbələrə dərs keçmək istədiyini bildirib. Onun dediyinə görə, insanların qarşısına çıxıb öyrəndiklərini tətbiq etməsəydi, özünüinkişaf cəhdləri faydasız olacaqdı.
Hazırda 89 yaşı olan Bafet keçmişdə 100 dollar ödəyərək iştirak etdiyi kursun həyatı boyunca qoyduğu ən yaxşı investisiyalardan biri olduğunu söyləyir. Uorren Baffetin ofisində “Nebraska” və ya “Kolumbiya” kimi nüfuzlu universitetlərdən aldığı diplomları görə bilməzsiniz. Ancaq Deyl Karnegi İnstitundan aldığı natiqlik kursu məzuniyyət sertifikatı otağı bəzəyir.
Həmçinin oxu: Niyə xoşumuza gəlməyən insanlar daha çox uğur qazanır?
Nigar Umaxanlı, Finco.az