Müəllif: Gülnar Əhmədli, Banco.az
Əksəriyyətimiz səhər saatlarında zəngli saatın səsi ilə oyanır, dərhal bir fincan kofe götürüb günə başlamağa çalışırıq. Ancaq uğurlu insanların səhər ilk etdikləri işlərə baxsaq, onların bu vərdişlərdən qaçdıqlarını görərik. Uğurlu insanların səhər rutinləri etmədikləri işlərlə bağlıdır. Məsələn, oyananda ilk növbədə telefonlarına baxmırlar. Bunun əvəzinə dərindən nəfəs alır və gün üçün hədəflər müəyyənləşdirirlər. Uğurlu insanlar tərəfindən qəbul edilən bu səhər vərdişləri günə daha yaxşı başlamanıza, diqqətinizi cəmləməyə və daha məhsuldar olmağınıza kömək edə bilər. Odur ki, birlikdə bu vərdişlərə nəzər salaq:
1. Zəngli saatdan istifadə etməyin
"Amazon" şirkətinin rəhbəri Ceff Bezos hər gecə səkkiz saat yatmağı vərdiş halına salıb və özü oyanmağa üstünlük verir. Məşhur aparıcı Opra Uinfri də səhər saatlarında zəngli saatdan istifadə etmədən özü oyanır. "Mən heç vaxt zəngli saat qurmamışam. Zəngli saatın səsi qorxuducudur. Fikrimdə vaxt təyin edirəm və adətən 6:02 ilə 6:20 arasında oyanıram", - o bildirib. Uğurlu insanların çoxu oxşar rejimə əməl edir və zəngli saat olmadan oyanmağa çalışır. Çünki zəngli saatın səsi insanda stress yaradır və günə belə stresslə başlamaq orqanizmimizə zərər verə bilər.
2. Kofe yerinə su için
Səhərlər kofe içmək bir çox insan üçün adi bir vərdiş olsa da, mütəxəssislər günə su içməklə başlamağın daha yaxşı olduğunu deyirlər. Gecə boyu susuz qalan bədəninizi səhər ilk növbədə su ilə nəmləndirmək həzmi və maddələr mübadiləsini dəstəkləyir. Aktrisa Kameron Diaz bu rejimin vacibliyini vurğulayır: "Günə enerjili başlamaq üçün yuxudan duran kimi dişlərimi fırçalayır və su içirəm". Bir stəkan su içmək sizi canlandıracaq və günə daha hazırlıqlı başlamanıza kömək edəcək.
3. Məşq edin
Səhər idmanı bir çox uğurlu insanların rutininin bir hissəsidir. "Microsoft"un qurucusu Bill Qeyts səhərlər qaçır. "Equinox"un baş direktoru Niki Leondakis deyir ki, zehni cəhətdən güclü olmaq üçün fiziki cəhətdən güclü olmalısınız.
4. Qərarlarınızı gecələr verin
Səhərin məhsuldar keçməsi üçün bunu əvvəldən hazırlamaq vacibdir. Bir çox uğurlu insanlar səhərlərini məhsuldar keçirmək üçün axşam saatlarında növbəti günə hazırlaşırlar. "American Express"in keçmiş baş direktoru Kennet Çenault hər gecə ertəsi gün yerinə yetirmək istədiyi üç şeyi yazmaqla günü bitirir. Amerikalı iş qadını Barbara Corcoran gecə ofisdən çıxmazdan əvvəl görüləcək işlər siyahısı hazırlayır və səhər bu siyahını prioritet sırasına görə təşkil edir. Gecə bu hazırlıq səhər stressini azaldır və gününüzü daha məhsuldar edir.
5. Özünüzə suallar verin
Səhər özünüzü dəyərləndirmək gün ərzində daha uğurlu olmanıza kömək edə bilər. Stiv Cobs hər səhər güzgü qarşısında özünə bu sualı verirdi: "Əgər bu gün həyatımın son günü olsaydı, etdiyim işi etmək istərdimmi?" Bu suala ardıcıl olaraq "yox" cavabını versəniz, nəyisə dəyişməlisiniz. Bu özünüdərketmə texnikası həm işinizdə, həm də şəxsi həyatınızda əhəmiyyətli dəyişikliklər etməyə kömək edə bilər. Ardıcıl səhər vərdişləri məhsuldar bir günün əsasını təşkil edir. Bu vərdişləri tətbiq etməklə daha yüksək uğurlarlara nail ola bilərsiniz.
Bizi sosial şəbəkələrdən izləyin!!