Uğurları ilə ölkəmizi Almaniyada tanıdan karyera koçu Türkan Əkbərova:"Öncə insan özünü, maraqlarını tanımalıdır" | Banco.az

Uğurları ilə ölkəmizi Almaniyada tanıdan karyera koçu Türkan Əkbərova:"Öncə insan özünü, maraqlarını tanımalıdır"

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Bir insanın karyera qurmaq istiqamətində ilk addımı onun maraqlarını, bacarıqlarını, dəyərlərini və motivasiyasını dərk etməklə başlayır.Xüsusilə qadınlara məsləhətim odur ki, karyeralarını övladları olana qədər qursunlar. Nəticədə, onların püxtələşdiyi bir peşələri olacaq. Əks halda hiss edəcəkləri çətinlik və peşimanlıq ola bilər”.

Bu açıqlamanı Banco.az-a müsahibəsində Almaniyada “CGİ AG” şirkətinin aparıcı məsləhətçisi, karyera kouçu Türkan Əkbərova deyib.

Onunla apardığımız müsahibəni təqdim edirik:

Türkan xanım xoş gördük.Oxucularımıza özünüzü necə təqdim edərdiniz?

Salam, xoş gördük. Mən, Türkan Əkbərova 1991-ci ildə Ağdamda, müəllim ailəsində doğulmuşam. Təhsilimi 2012-ci il Azərbaycan Dövlət İqtisad Universitetində tamamladıqdan sonra, 2014-cü ildə magistratura pilləsini qazanmaq üçün Almaniyaya getdim.

2016-cı ildə Friedrich Schiller adına Yena Universitetində M.Sc Economics fakültəsində “İnnovation and change” ixtisasına yiyələnmişəm.

Master tezisimi də elə məhz “Elimination of powerty through Women entrepreneurship” yəni “qadın sahibkarlığı vasitəsilə yoxsulluğun aradan qaldırılması” mövzusunda yazmışam. Artıq 8 ildir ki, Almaniyada Bertelsmann, Sportradar, GK Consulting və CGİ Consulting kimi nüfuzlu şirkətlərdə işləyirəm.

Hazırda CGİ şirkətində baş məsləhətçi və komanda idarəçisi kimi çalışıram. Bununla yanaşı, karyera koçluğu edirəm, xüsusilə qadınların karyera inkişafında dəstək olmağa çalışıram.

Əlbəttə, mənim də karyera həyatım çınqıllı və tikanlı olub. Nəzərə alsaq ki, mən iş həyatıma 2010- cu ildə başlamışam.O zaman, qadına qarşı iş dünyasında qərəz nisbətən daha qabarıq idi. Bəlkə də, elə məhz bütün bunlar məni vadar etdi ki, mən bir qadın olaraq iki qat, üç qat çalışım. Həm məhz öz potensialımın gözardı ediləməməsi üçün, həm də elə digər qadınlara mümkün qədər yol açmaq üçün.

Türkan xanım,  düzgün karyera qurmağın bünövrəsində əsas hansı meyarlar dayanır?

Düzgün karyera qurmaq, hər kəsin həyatında əhəmiyyətli bir mərhələdir və bu prosesi müvəffəqiyyətlə idarə etmək üçün müəyyən meyarlar əsas götürülür. Tövsiyə olaraq isə əsas meyarları belə sadalayaram: İlk öncə insan özünü, maraqlarını tanımalıdır. Yəni, karyeranızı qurmaq istiqamətində ilk addım, öz maraqlarınızı, bacarıqlarınızı, dəyərlərinizi və motivasiyanızı dərk etməkdir. Bu, sizə hansı iş sahələrinin sizə uyğun olduğunu anlamaqda kömək edəcək. Daha sonra isə seçdiyiniz sahədə əldə edilmiş yüksək təhsil, həmçinin təhsilinizi dəstəkləyəcək kursları da daxil edirəm. Əldə etdiyimiz bilikləri nə qədər tez iş dünyasına daşısaq, bir o qədər faydalıdır. On görə məsləhətim, iş həyatına elə təhsil müddətində başlamaqdır. İlk addım olaraq könüllülük və təcrübə proqramları əla seçim sayılır. Və ən əsası, hər zaman uzun və qısa müddətli karyera hədəfləriniz olmalıdır. Hara, hansı pilləyə hansı müddətə çatmaq istədiyinizlə bağlı ciddi planlar qurun. Bu sizə daim inkişafda qalmağınıza  kömək edəcək.

Müasir qadının biznes dünyasında rolunu necə qiymətləndirirsiniz?

Müasir qadınların biznes dünyasındakı rolu, cəmiyyətdə dərin dəyişikliklərə səbəb olur və onların töhfələri, həm iqtisadi inkişafı həm də sosial dəyişikliyi təşviq edir.

Deyərdim ki, öncəki illərə nəzərən, qadının biznes dünyasındaki rolu, son onilliklərdə əhəmiyyətli dərəcədə dəyişib və genişlənib. Bu da innovativ biznes modelləri tətbiq edərək iqtisadi inkişafa töhfə verir, yerli və qlobal iqtisadiyyatlara müsbət təsir edir.

Qadınların biznes sektorunda artan iştirakı, gender bərabərliyi və inklüzivliyin təşviq edilməsində də mühüm rol oynayır. Bu, həm iş yerlərində, həm də cəmiyyətdə geniş gender stereotiplərinin qırılmasına kömək edir. Karyera qurmaqda və liderlik vəzifələrinə yüksəlməkdə qarşılaşdığı çətinliklərə baxmayaraq, bizim bu maneələri aşmaqda göstərdiyimiz qətiyyət və uğurlar, digər qadınlara da ilham verməkdədir. Mentorluq, şəbəkə quruculuğu və dəstək qrupları biz qadınların bu çətinliklərin üzərindən daha asan gəlməsində mühüm rol oynayır.

Cəmiyyətlərin çoxunda qadının ənənəvi rolu haqda artıq formalaşmış ümumi bir fikir mövcuddur, bir sıra ölkələrdə hələ də qadının ictimai həyatda rolunun artmasını dəstəkləyən qanunlar sistemi hazırlanmayıb. Almaniyada bu məsələlər necə tənzimlənir?

 Almaniya, qadınların ictimai və iş həyatında bərabərliyinin təşviq edilməsi sahəsində önəmli addımlar atan ölkələrdən biridir. Bu məqsədlə bir sıra qanunlar və tədbirlər həyata keçirilib. Bunlardan biri “Mutterschutz”-dur (Analıq qoruması):

 Bu, Almaniyada qadın işçiləri hamiləlik və doğum dövründə qorumaq üçün qanunla təmin edilən bir sistemdir. Qanun, hamilə qadınların və yeni anaların sağlamlığını qorumaq, iş yerində onlara müəyyən imtiyazlar vermək və işlərini itirmə risklərini azaltmaq üçün nəzərdə tutulub.Hamilə və yeni anaları ağır işlərdən, gecə vaxtı işləməkdən, həddindən artıq uzun iş saatlarından və digər sağlamlıq üçün zərərli şərtlərdən qoruyur.

İş verənlər, hamiləlik və analıq dövründə qadın işçilərin sağlamlığını qorumaq üçün lazımı tədbirləri görməkdə hökmlü qılır. Maddi cəhətdən isə "analıq qoruması" dövründə, qadınların analığın ilk 8 həftəsində maaşlarının bir hissəsini "Mutterschaftsgeld" (Analıq pulu) adı altında alırlar. Bu məbləğ, adətən, sağlamlıq sığortası tərəfindən və işverən tərəfindən ödənilir.

İkincisi isə, “Elterngeld”dir (Valideyn Maaşı): Bu proqram yeni doğulan uşaqların valideynlərinə maliyyə dəstəyi təklif edir ki, bu da valideynlərin, xüsusilə də anaların, iş həyatına qayıtmaqda daha çox elastiklik və maliyyə təminatına malik olmalarına kömək edir. Valideynlər bu maaşdan, uşağın doğulmasından sonra iki ilədək (uzun və ya qısa olması sizdən asılıdır) faydalana bilərlər.

Almaniyada uşağın qayğısına qalmaq bizim ölkə də daxil, bir çox ölkələrdə olduğu kimi tək ananın öhdəliyi və məsuliyyəti kimi qəbul edilmir. Ananın yerinə, ata da "Elternzeit" dediyimiz, valideynlik icazəsini götürüb uşağın himayəsinə qala bilər və ana işinə qayıda bilər. Bu halda “Elterngeld” dediyimiz ödənişi ana yox, ata alır. Düşünürəm ki, yuxarıda sadaladıqlarım qanunun ən önəmli hissəsidir.

Bütün bunlarla yanaşı həmçinin gender bərabərliyi barədə qanunlar da var hansı ki, qadınların işgüzar həyatda və ictimai sahədə bərabər təmsilçiliyini təşviq etmək məqsədilə bir neçə qanun qəbul edilib.

Bu qanunlar arasında qadın və kişilər arasında maaş bərabərliyi, iş yerində cinsiyət əsaslı ayrı-seçkiliklə mübarizə və qadınların idarə heyətlərində təmsilçiliyinin artırılması yer alır. Həmçinin iş yerlərində və dövlət idarələrində qadınların təmsilçiliyini artırmaq üçün kvotalar müəyyən edilib. Məsələn, böyük şirkətlərin idarə heyətlərində qadınların təmsilçiliyi üçün kvotalar tətbiq edilir. Bu tədbirlər qadınların liderlik vəzifələrinə daha asan çıxışını təmin etmək məqsədi daşıyır.

Ən sərfəli kredit üçün müraciət et

Ekspertlərin bir hissəsinin fikrincə, təhsilə vaxt və maliyyə sərf etdikdən sonra qadının seçimi çox vaxt karyera qurmaqdan ibarət olur və qadın cəmiyyətdə ona verilən imkanlardan tam yararlanmağa çalışır. Azərbaycanda qadınların iş dünyası və karyera sahəsində iştirakı qənaətbəxşdirmi?

Azərbaycanda qadınların iş dünyası və karyera sahəsində iştirakı, müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərir. Təəssüf ki, qadınların işgüzar və karyera sahəsində tam potensiallarını nümayiş etdirmələri üçün hələ də qarşılaşılan çətinliklər və maneələr mövcuddur. Məsələn, Azərbaycanda hələ də cəmiyyətdə mövcud olan gender stereotipləri, qadınların işgüzar həyatda qarşılaşdığı əsas maneələrdən biridir. Qadınların bəzi işlərdə və ya liderlik vəzifələrində az təmsil olunması, bu stereotiplərin təsiri altında qalmasına səbəb ola bilər. Düşünürəm ki, bəzi hallarda, qadınların eyni işdə kişilərlə eyni maaş almaması vəya karyera irəliləyişində cinsiyət əsaslı diskriminasiyaya məruz qalması kimi məsələlər də gündəmdədir. Amma, son illərdə, ölkədə gender bərabərliyinin təşviqi və qadınların iqtisadi həyatdakı rolunun gücləndirilməsi istiqamətində müəyyən addımlar atılıb. Qadınların yüksək təhsil almaq və peşəkar inkişaf etmək imkanları əvvəlki illərə nisbətən xeyli artıb. Bu, qadınların müxtəlif sahələrdə, xüsusilə də texnologiya, elm və biznes kimi adətən kişilərə məxsus hesab edilən sahələrdə daha çox təmsil olunmalarına kömək edir. Dövlət qurumları və qeyri-hökumət təşkilatları, qadınların sahibkarlıq fəaliyyətinə başlaması və iş yerlərində irəliləməsi üçün müxtəlif proqramlar və təşəbbüslər həyata keçirməsində irəli gəlir. Bu, qadınların karyera qurmasına və iş dünyasında irəliləməsinə dəstək olmaqla yanaşı, müsbət dəyişikliyin sürətli inkişafına da təsir göstərir.

Uğurlu karyera və ailə həyatı qura bilmiş qadınların böyük hissəsi ailə həyatı və karyera arasında balans yaratmağın böyük çətinliklərini etiraf edirlər. Necə düşünürsünüz, bu məsələdə təməl riayət ediləsi qaydalar hansıdır?Tarazlığı necə qorumaq olar?

Uğurlu karyera və ailə həyatı arasında balans yaratmaq, xüsusilə də qadınlar üçün, zaman və enerji tələb edən bir prosesdir. Bu balansı tapmaq və qorumaq üçün müəyyən qaydalara riayət etmək mühüm ola bilər. Düşünürəm ki, bu məsələyə prioritetləri müəyyən etməklə başlamaq daha düzgün olar. Yəni, karyera və şəxsi həyatınızda nəyin ən vacib olduğunu müəyyən edin və buna uyğun olaraq öncəliklərinizi təyin edin. Təbii ki, hər şeyin öhdəsindən gələ bilməyimiz üçün "Time management" dediyimiz zamanın idarəsini bilmək çox önəmlidir. Bu, həm iş, həm də şəxsi məqsədlərinizə çatmaqda sizə kömək edəcək. Və ən əsası, nə qədər eqoistcə səslənsə də, ilk pilləyə hər zaman özünüzü qoyun. Yəni öz sağlamlığınıza və rifahınıza qayğı göstərin. İdman edin və kifayət qədər yuxu alın. Hər şeyi mükəmməl etməyə çalışmaqdan çəkinin.

“Linkedin” də  belə bir fikirlər yazmışdınız. Deyirsiniz ki, “insanlarla işləmək çətindir, bəli. Amma komunikasiya və empatiya qabiliyyətim güclü olduğu üçün mənə o qədər də çətin gəlmir”.

Təsir edə bilmədiyiniz, öz bildiyini edən və bundan dəfələrlə zərər görüb yenə usanmayan, xidmətinizi alan şəxs olubmu?

 Xeyr, şükr, olmayıb. Mən hər zaman konsultasiya etdiyim şəxslərə öncədən baş verə biləcək ssenarilər haqqında danışıram. Onlara başa salıram ki, vəzifəm karyeralarını onların səhv qərarlarından qorumaqdır. Doğrudur, insanlarla işləmək həqiqətən də çətindir, çünki hər kəsin öz xarakteri, gözləntiləri və problemləri var.

Bəzən kommunikasiya müsbət əlaqə qurmaq üçün kifayət etmir. Belə hallarda, hətta güclü kommunikasiya və empatiya qabiliyyətləriniz olmasına baxmayaraq, təsir edə bilmədiyiniz, öz bildiyini edən və davranışlarından dəfələrlə zərər görüb yenə də davranışlarını dəyişməyən insanlarla qarşılaşa bilərsiniz. Bu halda ən yaxşı yanaşma, səbr göstərmək, şəxsin nəyə görə belə davrandığını anlamağa çalışmaqdır. Bəzən, insanların öz davranışlarının arxasında dərin yatan səbəblər və qorxular olur. Onların davranışlarını anlamağa çalışmaqla, problemləri həll etmək üçün daha effektiv yollar tapmağa kömək edə bilərik.

Karyera inkişafı üçün dil bilgisi, xaricdə təhsilin önəmləri barədə düşüncələriniz bilmək istərdik. Necə düşünürsünüz, bəzən buna cəhd etmək istəyən qadınların qarşısına süni əngəllər yaradılır. Seçimlərini necə etməlidirlər?

Karyera inkişafı yolunda dil bilgisi və xaricdə təhsil almaq, şübhəsiz ki, böyük üstünlüklər təmin edir. Bu iki amil, peşəkar sahədə daha geniş imkanlar açır, beynəlxalq şirkətlərdə işləmək və ya xarici ölkələrdə karyera qurmaq şanslarını artırır. Xüsusilə dil bilikləri, dünya üzrə müxtəlif mədəniyyətlərlə ünsiyyət qurmaq və iş mühitində effektiv kommunikasiya qurmaq imkanı verir. Xaricdə təhsil isə, yeni mədəniyyətləri tanımaq, düşünmə tərzinizi genişləndirmək və beynəlxalq səviyyədə tanınan diplomlara sahib olmaq kimi faydalar təqdim edir. Bütün bu pozitiv nüanslara baxmayaraq, əfsuslar olsun ki, bəli bəzən biz qadınlar bu yolda süni əngəllərlə üzləşə bilirlər. Bu əngəllər, mədəni stereotiplər, genderə əsaslanan qarşıdurma və ya ailəvi öhdəliklərin prioritet kimi qoyulması kimi formalar ala bilər. Bu kimi maneələrlə mübarizə aparmaq və öz seçimlərini etmək istəyən qadınlar üçün bir neçə tövsiyəm olacaq:

Məqsədləri açıq müəyyənləşdirin: Nə istədiyinizi və niyə istədiyinizi aydın müəyyənləşdirin.

Öncədən araşdırma edin: Təqaüdlər, tələbə mübadilə proqramları və qadınlara xüsusi proqramlar haqqında məlumat toplayın.

Mentor və dəstək şəbəkələri tapın: Sizin sahənizdə uğur qazanmış qadınlarla əlaqə qurun və oxşar hədəflərə sahib digər qadınlarla bağlantı qurun.

Səbrli olun: Hədəflərinizə çatmaq üçün çətinliklər qarşısında səbr göstərin.

Özünüzə inanın: Özünüzə olan inamınızı qoruyun və qarşılaşdığınız maneələri aşmaq üçün lazım olan səyi göstərin.

Azərbaycan reallığında gənclərimizin, xüsusilə gənc qızların karyera planlamasında etdiyi səhvlər hansılardır?

Bu qədər karyera konsultasiyaları verirəm, CV-lər düzəldirəm, problemlər həll edilir, amma yenə də  peşmanlıqlar görüb “kaş ki”lər eşidirəm.

Bütün bunların nəticəsi olaraq, bu dünyada yenə tək bir məsləhət verəsi olsam o da, qadınlara, qızlara olar.

Karyeranızı övladınız olana qədər qurun. Analıq məzuniyyətinə ayrılanda artıq müəyyən qədər püxtələşdiyiniz bir peşəniz olacaq. Əksi çətinlikdir, peşimanlıqdır.

Türkan xanım, müasir dövrün tələblərinə uyğun hansı istiqamətlərə daha çox tələb var? Məsləhətlərinizi bilmək istərdik.

Müasir dövrün iş bazarı daimi dəyişir və yeni texnologiyaların, trendlərin və qlobal iqtisadi dəyişikliklərin təsiri altında inkişaf edir. Buna uyğun olaraq, bəzi sahələrdə işçi qüvvəsinə olan tələbat artır. Amma düşünürəm ki, öyrəniləcəklər siyahısında ilk pillədə süni intellekt dayanır. İndidən də gördüyümüz kimi artıq hər sahədə öz sözünü deyir və gələcəkdə bu çox yaxın gələcəkdə daha da aydın nəzərə çarpacaq. Qısaca olaraq deyə bilərəm ki, hansı sahəyə yönəlirsinizsə yönəlin, sahənizə uyğun Aİ proqramları üzrə ixtisaslaşın. Sonra gəlib təşəkkür edərsiniz.

Müsahibə üçün təşəkkür edirik.