“SMM menecer olmaq istəyir, amma normal telefonu, kompüteri işlədə bilmir” - SMM mütəxəssisi | Banco.az

“SMM menecer olmaq istəyir, amma normal telefonu, kompüteri işlədə bilmir” - SMM mütəxəssisi

Müəllif:Mehin Qasımova/Banco.az

Bu gün təqribən 3,8 milyard insan  sosial mediadan istifadə edir. Üstəlik, bu rəqəm durmadan artır. SMM - yəni Sosial Media Marketinq (və ya Sosial Media Menecment) hazırda  gündəmdə olan “digital” marketinq alətidir.

Banco.az-ın bu dəfəki müsahibi SMM mütəxəssisi Əmrah İmanovdur. Həmin müsahibəni sizə təqdim edirik.

– Əmrah bəy, SMM menecer hansı bacarıqlara sahib olmalıdır?

– SMM menecer son illər ən çox tələb olunan işçidir. İlk növbədə, SMM menecer olmaq üçün insanın bu sahəyə marağı olmalı, düzgün yazmaq qaydasını bilməlidir. Bəzən kursa müraciət edən şəxs SMM menecer olmaq istədiyini bildirsə də, amma normal telefonu, kompüteri işlədə bilmir. Bu sektora gələn şəxsin texnologiyadan az da olsa anlayışı olmalı, ən azından “Instagram”, ”Facebook” və “TikTok”u istifadə etməyi bacarmalıdır.

 Bu gün ölkəmizdə bu sahəni tədris edən kursların sayı kifayət qədərdir. Bəs tədris mərkəzləri SMM-i hansı səviyyədə öyrədirlər?

 Kursların sayı gündən-günə çoxalır. Azad bazardır, hərə bir obyekt açır. Təəssüf ki, kurslar A-dan Z-yə öyrətməyi vəd etsələr də, belə olmur. Birinci, tələbələr kursa getməzdən əvvəl yaxşı olar ki, sosial şəbəkələrdə araşdırmalar eləsinlər, özləri öyrənməyə çalışsınlar. Artıq kurs seçimi lazım gələndə belə ən azından kiçik bir bilgiyə sahib olsunlar, sonra kurs seçsinlər. Bu zaman kursda öyrənmək onlar üçün rahat olar. SMM iki hissədən ibarətdir. Birinci hissəyə, səhifənin vizualını normal hazırlaya bilmək aiddir. Əsas məsələ, postun, videonun ölçülərini bilmək, onlarla işləyə bilmək, səhifəyə yerləşdirməkdir. Şəxsin markalaşma haqda informasiyası olmalıdır ki, səhifəni düzgün yığa bilsin. Yəni kontent hazırlama bacarığı olmalıdır. İkinci hissəyə isə, hazır olan səhifəni reklama verməkdir. Əksər kurslar reklamı düzgün  tədris edə bilmirlər.

– İki aylıq kursu bitirdikdən sonra SMM sahəsini  nə dərəcədə mənimsəmək olar?

 İki aylıq kurs keçməklə bu sahəni dərindən mənimsəmək olar. Tələbə kursa gələndə  ən azından A-nı bilməlidir ki, təlimçi onu Z-yə  apara bilsin. Tələbələrim var ki, ikinci ayı tamamlamadan birinci ayın sonunda özlərinə iş tapa bilirlər. SMM əslində çətin bir sahə deyil. Müəyyən bir bilgi olanda , yəni sırf bu sahə ilə bağlı düzgün mentor oldusa, şəxs bir aya da SMM menecer ola bilər. Amma adam da var ki, 2 il də dərs keçsən ondan SMM menecer olmaz.

 Uğurlu marketinq strategiyasının sirri nədir?

Ən sərfəli kredit üçün müraciət et

– Uğurlu marketinq strategiyasının sirləri şirkətə görə dəyişir. Yəni düzgün marketinq strategiyası qura bilmək üçün auditoriyamızı tanımalıyıq. Bizim targetimiz, müştərimiz kimdir?  Biz necə maraqlı kontent verə bilər ki, onlar bizim markamız haqda müsbət düşünsünlər, informasiya sahibi olsunlar. Hansı paylaşımlarımız onlara rəy yazdıra bilər? Onlarda markamızla bağlı bir fikir formalaşdırıldıqdan sonra reklamlar verərək həmin  kütləni ələ ala bilərik. Burada uğurlu marketinqin əsas strategiyası, sosial mediada uğur qazanmağın təməl sirri kontentdir. Əgər sənin paylaşımın kütlə üçün  maraqlıdırsa, artıq irəlidəsən. Yox, sənin paylaşımların maraqsızdırsa, insanlar sənin videolarını izləmək istəmirsə, şəkillərin onlara sıxıcı gəlirsə, məhsulun onlar üçün maraqsızdırsa, işiniz uğursuz alınacaq. Bu məsələdə düzgün kontent, dəqiq strategiyanı qurmaq  çox önəmlidir. Eyni zamanda, düzgün kontenti dəqiq auditoriyaya çatdırmaq lazımdı. Sənin ola bilər kontentin, paylaşımın yaxşıdır, amma sənin kütlən üçün maraqsızdır. Bu gün gənclərə və orta nəslə eyni strategiya ilə  müraciət edə bilməzsən. Sən bilməlisən ki, mənim məhsulumun alıcısı kimdir?

 Bu sahədə ən böyük problem nədir?

 Qeyd etdiyim kimi, hara baxırsan SMM kurslarıdır. SMM menecer olmaq istəyən şəxs kursa müraciət edərkən bazara uyğun - Azərbaycan bazarına uyğun kurslara müraciət eləsinlər və mütləq qaydada proqram alsınlar. Kurslar tələbənin gözünü boyamaq üçün lazımsız siyahı yazırlar. Reklamda yaranmış problemləri aradan qaldırmağı və reklamçılığı tələbəyə öyrədəcəksə, o kursa getməyə dəyər. Lazımsız mövzuları müəllim danışacaq, tələbələr dinləyəcəksə,o kursa getməyə dəyməz. Çünki şirkətin bu dəqiqə 70 faizi elə bir SMM menecer axtarır ki,onun bacarıqları çox olsun. Sektora yeni başlayan bir insan mütləq qaydada video hazırlamağı, video editləməyi, video çəkməyi, post hazırlamağı bilməlidir. SMM-dən   artıq bunları istəyirlər.

 SMM sahəsində təzə addımlayan gənclərə tövsiyəniz nədir?

– Bu sahədə vakansiyalar çoxdur. Bir gənc bu sahəni öyrənmək istəyirsə, marketinqə, satışa, reklamçılığa marağı olmalıdır, bu barədə müəyyən biliklərə sahib olmalıdır. Bununla bağlı “YouTube”da kiçik informasiyalar var. Təlimçilər SMM haqda informasiyalar versə də, amma bu sahənin xırdalıqlarını demirlər. Onun üçün hansısa bir mentor, təlimçi, dəstəyi almaq lazımdır. Ondan sonra  kursa müraciət etmək lazımdır. Məsələn, mənim təlimçim olmayıb, heç kimdən öyrənməmişəm, işləyərək öyrənmişəm və bunu mən eləyə bilmişəmsə, demək bu gün onlar da eləyə bilərlər. Önəmli olan şəxsin özünün üzərinə düşən məsuliyyətdir. Bu ayrı bir ixtisasdır. Lakin bu sahəyə ikinci, üçüncü iş kimi baxanlar var ki, onların  bu sektorda uğur qazanacaqlarını düşünmürəm. Çünki bu elə bir sahədir ki, sən marketinqin içindəsənsə, içindəsən. Kənardan bu sahə ilə bağlı uğur əldə etmək olmaz. Bu sahəyə gələn insan marketinqi və reklamçılığı sevməlidir. Onda bu sahədə uğura imza atmaq olar.