Müəllif: Tamara Mustafayeva, Banco.az
Şəxsi biznesini qurmaq istəyən insanların əksəriyyəti adətən yeni sahələrə maraq göstərirlər. Yəni, heç nə bilmədiyiniz, məlumatsız olduğunuz sektorda kiçik biznesə başlamaq elə də məntiqsiz səslənmir. Bununla belə, sektorda yeni olmağın özlüyündə müəyyən çətinlikləri ola bilər. Uğur qazanmaq üçün isə başladığınız işin əsl mahiyyətini, sizin bu iş üçün çatışmayan cəhətlərinizi və onların öhdəsindən necə gələcəyinizi mütləq bilməlisiniz. Unutmayın ki, Stiv Cobs da texnologiya sahəsi üzrə diplomu olmasa da, milyard dollarlıq şirkət yaratmağa nail olub.
1. Daxil olduğunuz yeni sektor haqqında məlumat əldə etmək üçün bütün mənbələrdən istifadə edin.
Hər hansı bir məhsulu satmaq üçün istehsal mərhələlərini bilməyinizə ehtiyac yoxdur. Ancaq, uğurlu olmaq istəyirsinizsə, çalışdığınız sektorun nəbzini ölçməyi bacarmalısınız. Müştərilərin nə istədiyini başa düşməli, oxşar məhsulların çatışmazlıqlarını tapmalı və ənənəvilikdən kənara çıxmalısınız. Sektorda yeni olduğunuz və ya texnoloji yeniliklərdən xəbərsiz olduğunuz təqdirdə informasiya toplamaq və yeniliklərlə ayaqlaşmaq üçün bir çox vasitədən istifadə edə bilərsiniz. Məsələn, seminar və təlimlərdə, peşəkar tədbirlərdə iştirak edə, sahənin mütəxəssislərinin köməyinə müraciət edə bilərsiniz.
Öyrənmək üçün israrlı olmalı və səthi yanaşmaları qəbul etməməlisiniz.
2. Daha əvvəl reallaşdırılmamış işlərə imza atan insanlarla işləməyə çalışın.
Daxil olduğunuz yeni sahəni tanımağa başladıqca, əslində çox şey bilmədiyinizi görəcəksiniz. Sektorla bağlı kifayət qədər məlumatlı olduqdan sonra müştərilərin istədiyi məhsulu onlara sata bilərsiniz. Məsələyə texniki tərəfdən yanaşsaq, satmaq istədiyiniz keyfiyyətə sahib məhsul və ya xidməti təmin edə biləcək insanları tapmalısınız. Şirkətinizdə ehtiyac duyulan bacarıqları müəyyən edin və hansı bacarıqlara tək başına sahib ola bilməyəcəyinizə qərar verin. Lazımi bacarıqları müəyyən etmək üçün mütəxəssis köməyindən və ya onlayn mənbələrdən faydalana bilərsiniz.
Xatırladaq ki, araşdırmalar rəhbərlərin 75%-nin yanlış insanları işə qəbul etdiyini aşkar edib. Göründüyü kimi, bu göstərici kifayət qədər yüksəkdir, odur ki, eyni xətaya yol verməyin və sektordakı yerinizi qorumağa çalışın.
3. İşçilərinizin irəli sürdüyü fərziyyələrə inanın.
Hər hansı bir şirkətin uğur qazanmasındakı əsas şərt komanda üzvlərinin bir-birinə inanmasıdır. İşçilərinizin söylədiklərinə inanmalısınız. Onlara inanmayıb imkansız tapşırıqların arxasınca getsəniz, uğursuzluğa düçar olacaqsınız. İşçi heyəti ilə mümkün qədər şəffaf ünsiyyət yaradılmalıdır.
Unutmayın ki, işçiləri sizin bacarmadığınız sahələrdə köməklik göstərmələri üçün işə qəbul etmisiniz. Böyük qərarlar verilərkən onların səriştəsinə inanın və öz dediklərini qəbul etdirməyə çalışmayın.
4. İşgüzar ətrafınızı zənginləşdirin.
Sektorda yeni olduğunuz üçün öz sosial əhatə dairənizi yaradaraq məlumatlılığınızı gücləndirə bilərsiniz. Sektor üzrə fəaliyyət göstərən təşkilatlara, tədbirlərə qatılın və müxtəlif işlərdə könüllü olun. Tanınan və hörmət edilən bir mütəxəssis olmaq istəyirsinizsə, sektordakı liderlərin hörmət və inamını qazanmalısınız. Belə ki, şərikləriniz və potensial müştəriləriniz üçüncü tərəfin işiniz haqqındakı düşüncələrinə əhəmiyyət verəcəyi üçün sektorda öz sözünü demiş şəxslərlə daim əlaqədə qalmağa çalışın.
Daha çox insanın sizi və işinizi tanıması üçün hazırda ən effektiv vasitə təbii ki, sosial media hesab edilir. Sosial media vasitələrində şirkətinizi təmsil etməsi üçün tanınan simalardan istifadə edin və onlarla yaxşı münasibət yaradın. Unutmayın ki, hörmət görmək istəyirsinizsə, hədəfiniz netvörkinq deyil, dostluq olmalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!