Əmanətlərin Siğortalanması Fondu (ADİF) əhalinin banklarda olan siğortalanmış əmanətlərinin həcmini artırmaq üçün Mərkəzi Banka müraciət edib. Fondun icraçı direktoru Azad Cavadov bildirib ki, ölkə iqtisadiyyatının davamlı inkişafı, əhalinin ödəniş qabiliyyətinin yüksəlməsi ilə əlaqədar belə bir addımın atılması nəzərdə tutulur.
Qeyd olunduğuna görə, banklarda yerləşdirilmiş əmanətlərin 2009-cu ildə hər bir əmanətin siğortalanma məbləği 30 min manat həcmində müəyyən edilmişdi və hazırda bu məbləğin artırılması məsələsi gündəliyə gətirilib: "Dünya iqtisadi böhranı dövründə ADİF tərəfindən siğortalanma məbləği beş dəfə - 30 min manatadək artırılmışdısa, ötən dövr ərzində ölkə iqtisadiyyatında (hər nəfərə ÜDM-in artımı) müsbət dəyişikliklər müşahidə olunub. Ona görə də qanunvericilik aktlarında gələcəkdə ediləcək dəyişikliklərlə əlaqədar bu məsələ də müzakirələrin gündəliyinə salınacaq".
A.Cavadov bildirib ki, hazırda fondun siğorta ehtiyatları 84,3 milyon manatdır. Fondun üzvü olan banklar 6073126 əmanətçiyə xidmət göstərir, onların 91%-i (5504255 nəfər) siğortalanmış əmanətçilərdir. Kompensasiya edilən əmanətlərin həcmi 1,931 milyard manatdır ki, bunun da 55%-ni siğortalanmış əmanətlər təşkil edir. Siğortalanmayan əmanətlərə gəlincə, fond rəhbəri bunun əmanətçilərin özünü könüllüyü əsasında yerləşdiyini bildirib. Yəni banklarda yerləşdirilən illik faiz dərəcəsi 9%-dən çox olan depozitlər fond tərəfindən siğortalanmır. Hazırda banklarda fiziki şəxslərin əmanətlərinin ümumi həcmindən (6,335 milyard manat) 54,8%-i (3,47 milyard manat) siğortalanıb, 45,2%-i isə (2,87 milyard manat) siğortalanmayıb.
Fond rəhbəri qeyd edib ki, siğorta məbləğinin təxminən 40-50 faiz artımı gözlənilir. Bu isə əhalinin banklardakı əmanətlərinə təsir edəcək. Yeri gəlmişkən, bu gün ADİF yalnız fiziki şəxslərin əmanətlərini siğortalayır. Fondun hazırladığı təkliflər paketində fərdi sahibkarların depozitlərinin siğortalanmasının tətbiqi təklif olunur. Siğortalanan əmanətlər üzrə faiz dərəcəsinin dəyişdirilməsi isə nəzərdə tutulmur. Bu ilin may ayında həmin dərəcə 10 faizdən 9 faizə salınıb.
ulfet-az.com