2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 62,7%-i və ya 177,5 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, ötən ilin eyni dövrüylə müqayisədə 6,6% çoxdur.
İcbarı sığorta növlərində yığım isə 105,6 milyon manat və ya bazarın 37,3%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 24,1% böyüyüb.
7 ayda ümumi ödənişin 76%-i və ya 79,6 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödəniş ötən ilin eyni dövrünə nisbətən 47,3% artıb.
İcbari sığorta növləri üzrə ödəniş isə 25,2 milyon manat və ya ümumi bazarın 24%-ni təşkil edib. Bu ötən ilin eyni dövrünə nisbətən 5,3% çoxdur.
Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqı müqabilində 44,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 32,5 manat olub. İcbarı sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 28,1 manatdan 23,9 manata düşüb.