Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) İdarə Heyətinin qərarı ilə Ağalarov Mircamal Hüseyn oğluna sığorta agenti fəaliyyətinə lisenziya verilmiş, 4 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 3 ay müddətinə dayandırılmış və 8 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları məcburi qaydada ləğv edilmişdir.
“Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 86.1-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə əsasən Palatanın İdarə Heyətinin 26 dekabr 2018-ci il tarixli qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən Ağalarov Mircamal Hüseyn oğluna sığorta agenti fəaliyyətinə müddətsiz lisenziya verilmişdir.
İdarə Heyətinin eyni qərarı ilə 2018-ci ilin 3-cü rübü üzrə maliyyə bazarlarına nəzarət orqanına müəyyən olunmuş formada hesabatın təqdim edilməməsi ilə bağlı Qanunun 106.1.10-cu maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq 4 nəfər fiziki şəxsin (siyahı əlavə olunur) sığorta agenti fəaliyyətinə verilmiş lisenziyasının qüvvəsi 3 ay müddətinə dayandırılmışdır.
Fəaliyyətləri barədə rüblük hesabatları təqdim etməyən və bu səbəbdən lisenziyalarının qüvvəsi dayandırılmış şəxslər tərəfindən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar Qanunun 107.1.2-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq 7 nəfər fiziki şəxsin (siyahı əlavə olunur) sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları İdarə Heyətinin qərarı ilə ləğv edilmişdir.
Əzizov Bayram Əli-Əkpər oğlunun fəaliyyəti dövründə əldə etdiyi sığorta sirri hesab edilən məlumatların digər şəxslərə açıqlaması ilə əlaqədar Qanunun 107.1.7-ci maddəsinə və Palatanın Nizamnaməsinin 4.10.5-ci yarımbəndinə müvafiq olaraq Əzizov Bayram Əli-Əkpər oğluna sığorta agenti fəaliyyətinə verilmiş 12 mart 2013-cü il tarixli 000894 nömrəli lisenziya İdarə Heyətinin qərarı ilə ləğv edilmişdir.
Fed.az