Sahibkarların investisiya layihələrinin qəbuluna başlandı | Banco.az

Sahibkarların investisiya layihələrinin qəbuluna başlandı

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Qusar rayonunun Samur qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən verilən məlumata görə, işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. SKMF tərəfindən Qusar rayonu üzrə sahibkarlıq subyektlərindən ixtisaslaşdırılmış “yaşıl market”in, fermer mağazalarının, cır meşə meyvələrinin emalı müəssisəsinin, cins heyvandarlıq təsərrüfatlarının, üzümçülük və kartofçuluq təsərrüfatlarının yaradılması ilə bağlı investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Ən sərfəli kredit üçün müraciət et

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Simsar.az