QKDK və ADİU arasında Memorandum imzalandı | Banco.az

QKDK və ADİU arasında Memorandum imzalandı

QKDK və ADİU arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilmişdir

28 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) ilə Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Ədalət Muradov ümummilli lider Heydər Əliyevin daim elmə, təhsilə göstərdiyi diqqət və qayğıdan danışmış,  ulu öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində təhsil sahəsində yeni məzmun və keyfiyyət standartlarının formalaşdığını vurğulamışdır. Ə.Muradov ADİU-da yüksək ixtisaslı iqtisadçı və menecerlər hazırlamaq, fundamental və tətbiqi elmi tədqiqatlar aparmaq, sosial-iqtisadi tərəqqiyə töhfə vermək missiyası çərçivəsində ən müasir təhsil texnologiyalarına əsaslanan iqtisadi təhsil modelinin formalaşdırılması, beynəlxalq təhsil xidmətləri bazarında iştirakın daha da genişləndirilməsi, ADİU-nun elmi-ekspert mərkəzinə çevrilməsi, ixtisaslaşdırılmış elmi-tədqiqat institutlarının təşkil edilməsi istiqamətində əldə olunmuş nailiyyətlər haqqında geniş məlumat vermişdir.

Rektor Azərbaycan iqtisadiyyatı üçün çox mühüm əhəmiyyət kəsb edən qiymətli kağızlar bazarı üzrə vahid dövlət siyasətinin koordinasiyasında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin önəmli rol oynadığını vurğulamışdır.

Ən sərfəli kredit üçün müraciət et

Daha sonra çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi elm və təhsilə göstərilən qayğının ardıcıl davam etdirildiyini, müasir dövrdə təhsilin iqtisadi həyatda rolunun əhəmiyyətli dərəcədə artdığını, informasiya-kommunikasiya texnologiyalarına əsaslanan interaktiv təlim metodlarının  təhsil siyasətində mühüm yer tutduğunu qeyd etmişdir. 

ADİU-nun ölkəmizdə ali təhsilli iqtisadçı kadrların hazırlanmasında xidmətlərindən danışan R.Aslanlı təhsil, elm və təlim-tədris sahələrində universitetlə inkişafyönümlü əməkdaşlığın genişləndirilməsi ilə bağlı məmnunluğunu ifadə edib. Komitə sədri Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının icrası çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. R.Aslanlı kapital bazarlarının tədrisi sahəsində QKDK-nın ADİU ilə tərəfdaşlığının tələbələrin bilik, bacarıq və potensialının artırılmasına yardım edəcəyinə, komitənin nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən təşkil olunacaq təlimlərin gənc iqtisadçıların bazar haqqında biliklərinin genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə etmişdir.

Sonra QKDK ilə ADİU arasında müştərək layihələrin planlaşdırılması, elmi-praktik konfransların və seminarların təşkil edilməsini nəzərdə tutan birgə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.