Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Qiymətli metal bazarında müşahidə olunan rekord artımlar fonunda qızılın dəyərinin yenidən yüksələcəyi proqnozlaşdırılır.
İqtisadçı Xalid Kərimli bu barədə Banco.az-a açıqlama verib. İqtisadçı vurğulayıb ki, qızılın qiymətinin yaxın dövrdə yüksək səviyyədə qalacağını bildirib.
İqtisadçının sözlərinə görə, Çin və ABŞ, eləcə də Rusiya ilə Qərb arasındakı siyasi gərginlik qızıl bazarına təsir göstərən əsas amillərdən biridir.
“Üçüncü Dünya Müharibəsi riskinin mövcudluğu və dövlətlərin bir-birinə qarşı sanksiyalar tətbiq etməsi qızılın dəyərini artırır. Belə şəraitdə qızıl təhlükəsizlik aktivi kimi dəyərləndirilir və etibarlı investisiya vasitəsi kimi ona maraq artır.”
Xalid Kərimli, qızılın birja qiymətlərindəki dəyişiklikləri təhlil edərək bildirib ki, son 5 il ərzində qiymət təxminən 1.500 dollar səviyyəsində olub, hazırda isə bu rəqəm 2.700 dollar ətrafındadır.
“Bu dövrdə qızılın dəyərində 50%-ə yaxın artım baş verib. Qiymət artımı təkcə iqtisadi amillərə deyil, həm də siyasi və hərbi risklərə bağlıdır. Dövlətlər bir-birinə sanksiyalar tətbiq etdikcə, öz rezervlərini qorumaq üçün qızıl alırlar. Məsələn, Rusiya, Çin, Hindistan və Türkiyə son illərdə həm qızıl törəmə kağızlarına, həm də külçə şəklində qızıla böyük sərmayələr yatırıb.”
İqtisadçı, inflyasiya və faiz dərəcələrinin də qızıl bazarına birbaşa təsir göstərdiyini qeyd edib:
“İnflyasiyanın azalması ilə faiz dərəcələri də enir və bu, qızılın qiymətinə müsbət təsir edir. Gələn il inflyasiyada yaxşılaşma gözlənilir ki, bu da faiz dərəcələrinin enişini davam etdirəcək. Ancaq proqnozlar dəyişkəndir və rəqəmlər zamanla yenilənə bilər.”