Qiymətlərin düşməsi qaçılmazdır | Banco.az

Qiymətlərin düşməsi qaçılmazdır

Rusiyada daşınmaz əmlak alan soydaşlarımızın sayı durmadan artır. Belə ki, rus rublunun kəskin şəkildə dəyərdən düşməsi bu ölkədə daşınmaz əmlak bazarında da ucuzlaşma tendensiyasının baş qaldırmasına səbəb olub. Əmlakın ucuzlaşması fonunda isə onu almağa cəhd edənlərin sayı da sürətlə artır. Azərbaycanlılar da bu durumdan istifadə edərək Rusiyada daşınmaz əmlak bazarına daha çox vəsait yönəltməyə başlayıb. Maraqlıdır, bu vəziyyət daxildə daşınmaz əmlak bazarına nə vəd edir? Daşınmaz əmlakın ucuzlaşmasını gözləmək olarmı?

MBA Konsaltinq şirkətinin rəhbəri Nüsrət İbrahimovun fikrincə, tendensiya daxili bazarda daşınmaz əmlakın ucuzlaşmasına gətirib çıxara bilər: "Soydaşlarımızın Rusiyada daşınmaz əmlak alması prosesinin artması müvəqqəti xarakter daşıyır. Çünki, onlar əllərindəki pulları mümkün inflyasiya risqindən qorumaq üçün onu daşınmaz əmlaka yatırırlar. Bu gün Rusiyanın iri şəhərlərində daşınmaz əmlak dollarla ifadədə 12, rublla ifadədə isə 27 faiz ucuzlaşıb. Ona görə də insanlar əllərində rublu saxlaya bilmir. Onu daşınmaz əmlaka yatırırlar. Digər tərəfdən həmin soydaşlarımız vaxtilə Bakı şəhərində daşınmaz əmlak bazarına pul yatırırdılar. İndi isə bu proses demək olar ki, dayandırılıb. Nəticədə Azərbaycanın daşınmaz əmlak bazarına oradan gələn pul kütləsinin həcmi demək olar ki, sıfıra düşüb. Ölkəmizdə də daşınmaz əmlak bazarında bu fonda xeyli azalmalar var. Aktivlik hardasa, 38-40 faizə qədər aşağı düşüb. Daşınmaz əmlak bazarında qiymətlərin düşməsi 2015-2016-cı illərdə qaçılmaz olacaq. Hələ 2014-cü ilin dördüncü rübündən qiymətlər düşməyə başlayıb.”

Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanov isə bu qənaətdədir ki, həmin prosesin Azərbaycanda daşınmaz əmlak bazarına hər hansı bir təsiri olmayacaq: "Düşünmürəm ki, soydaşlarımızın Rusiyada əmlak bazarında aktiv olması daxildə əmlak bazarının qiymətinə mənfi və ya müsbət mənada hansısa bir təsir göstərsin. Rusiyadan mənzil alanlar konkret olaraq mənzilə ehtiyacı olan təbəqə deyil. Onlar artıq maliyyə vəsaitinə sahib olan və daha çox gəlir məqsədi üçün əmlak alıb onu icarəyə verməklə oradan pul qazanmağı nəzərdə tuturlar. Ya da bir müddət saxlayıb, Rusiyada vəziyyət düzələndən sonra müəyyən qədər mənfəət əldə etmək naminə daha baha qiymətə satmaq istəyən insanlardır. Bu əsasda da düşünmürəm ki, həmin proses hər hansı formada Azərbaycanın daşınmaz əmlak bazarına təsir etsin”.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya ilə yanaşı, Türkiyədən də ev alan soydaşlarımızın sayında yeni artım gözlənilir. Belə ki, Türkiyədə mənzil alanlara güzəştlər ediləcək. Türkiyə Nazirlər Kabineti yanında Mənzil Tikintisi Administrasiyasının (TOKİ) rəhbəri Ergün Turan bildirib ki, hazırda administrasiya Türkiyədə daşınmaz əmlak alıcıları üçün imtiyazların xüsusi paketini hazırlayır: "Yalnız Türkiyə vətəndaşlarına şamil ediləcək yeni güzəşt paketi bu il fevralın 1-dən qüvvəyə minəcək". Bununla yanaşı, E.Turan təkliflər paketinin detallarını açıqlamayıb. Türkiyə Statistika İnstitutunun (TUİK) açıqladığı rəqəmlərə görə, 2014-cü ilin yanvar-sentyabr aylarında ölkədə 115,786 min ədəd ev satılıb ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisindən 13,2 faiz çoxdur. TUİK xəbər verir ki, göstərilən dövrdə Türkiyədə mənzil satışı üzrə İstanbul 18,1 faizlik göstərici ilə liderlik edib. Mənzil satışı üzrə ikinci yeri 6,1 faizlə Ankara tutub. Xatırladaq ki, Türkiyədən ev alan əcnəbilər arasınad əsas yerlərdən birini də məhz azərbaycanlıar tutur. Xaricdə daşınmaz əmlaka pul axını isə daxildə mənzillərin qiymətini ucuzlaşdırır.

xezerxeber.com