Müəllif: Gülnar Əhmədli, Banco.az
Yerdən başqa bütün planetlər Roma və Yunan tanrılarının və ilahələrinin adını daşıyırdı. Saturn, Mars, Venera, Merkuri və Yupiter min illər əvvəl adlandırılmışdır. Teleskopun ixtirasından sonra planetlər Roma və Yunan tanrı və ilahələrinin adlarını daşımağa davam etdi.
Yunan astronomiyasını öyrənərkən romalılar planetləri öz tanrılarının adlarına qoydular: Merkuri (Hermes), Venera (Afrodita), Mars (Ares), Yupiter (Zevs) və Saturn (Kronos). 18-19-cu əsrlərdə yeni planetlər kəşf edildikdə (Neptun: Poseydon) planetlərə Roma və Yunan tanrı və ilahələrinin adlarının verilməsi ənənəsi qorunub saxlanılmışdır. Digər planetlərin adlarının haradan gəldiyini öyrənmək üçün məqaləni sonacan oxuya bilərsiniz.
Merkuri
Günəş sisteminin ən kiçik və Günəşə ən yaxın planeti olan Merkuri eramızdan əvvəl 3000-ci ildə şumerlər tərəfindən tanınırdı. Merkuri Roma mifologiyasında Yupiterin oğlu idi. Yunan mifologiyasında onun Hermes adlandırırdılar. Merkuri ən sürətli tanrı olduğu üçün onu yunan mifologiyasında tanrıların elçisi Hermes adlandırırdılar. Bundan əlavə, Merkuri Yerdən çılpaq gözlə göründüyü üçün hər mədəniyyət ona fərqli bir ad verib.
Venera
Venera səmada çox parlaq görünən bir planetdir. Ona görə də bu parlaq planet Roma mifologiyasında məhəbbət və gözəllik ilahəsi Veneranın adını daşıyır. Yunan mifologiyasındakı adı Afrodita olan Venera Günəş sisteminin ən isti planetidir.
Mars
Romalılar Marsı qırmızı rəngə malik olduğu üçün müharibə və qanla əlaqələndirdilər. Bu səbəbdən romalılar onu Roma mifologiyasında müharibə tanrısı olan Marsın şərəfinə adlandırıblar. Yunan mifologiyasında Marsın ekvivalenti isə Aresdir.
Yupiter
Yupiter Günəş sisteminin ən böyük planeti olduğundan romalılar onu Roma mifologiyasında ən güclü tanrı olan Yupiterin şərəfinə adlandırdılar. Yunan mifologiyasında Yupiterin qarşılığı ən güclü tanrı olan Zevsdir.
Saturn
Halqalı planet öz adını Roma mifologiyasında Yupiterin atası Saturndan almışdır. Saturn Roma mifologiyasında əkinçilik və məhsul tanrısıdır. Saturnun Yunan mifologiyasındakı qarşılığı Kronosdur. Yunan mifologiyasında Kronos səltənətinə tamah salmamaq üçün uşaqları doğulanda yeməsi ilə tanınırdı.
Uran
18-ci əsrdə kəşf edilən Uran isə öz adını Roma tanrısından deyil, yunan tanrısından götürüb. Uran səmanın və cənnətin qoruyucusudur. Uran 84 ildə Günəş ətrafında bir dövrə vurur.
Neptun
Yerdən ən uzaqda olan planet nəhəng bir okeana bənzədiyi üçün Neptun adlanır. Neptun Roma mifologiyasında dəniz tanrısıdır. Neptunun yunan mifologiyasındakı qarşılığı Poseydondur.
Pluton
Cırtdan planet olan Pluton ilk dəfə kəşf edildiyi zaman Yerdən çox uzaqda olduğu üçün qaranlıq görünürdü. Bu səbəbdən də adını Roma mifologiyasında yeraltı dünyasının tanrısı olan Plutondan alıb. Yunan mifologiyasındakı Plutonun qarşılığı Hadesdir. Qeyd edək ki, 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqının (IAU) qərarı nəticəsində Pluton cırtdan planet kimi təsnif edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!