"Paris 2024" Yay Olimpiya Oyunlarının başlamasına çox az qalıb | Banco.az

"Paris 2024" Yay Olimpiya Oyunlarının başlamasına çox az qalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu il 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında keçiriləcək Paris 2024 Olimpiya Oyunlarına bir aydan da az vaxt qalıb.

Banco.az xəbər verir ki, Fransanın Olimpiya tarixində 3-cü dəfə ev sahibliyi edəcəyi Yay Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da Bakı vaxtı ilə saat 23:00-da Sena çayı üzərində baş tutacaq.

Məlum olduğu kimi, Olimpiya ənənəsi sayılan açılış məşəli hər olimpiadada olduğu kimi, oyunların vətəni olan Qədim Olimpiya şəhərində alovlandırılıb. Aprelin 17-də yola düşən məşəl mayın 8-də Fransaya çatıb və oradan yoluna davam edib. 

Bununla yanaşı, olimpiadanın simvoluna çevrilən təkrar emal olunmuş poladdan üzüklər də Parisin simvolu olan Eyfel qülləsinin üzərinə qoyulub.

Qeyd edək ki, Paris Yay Olimpiya Oyunlarına hazırlaşarkən ətraf mühit, gender bərabərliyi və inklüzivlik kimi məsələlərə diqqət yetirib. Belə ki, ötən Yay Olimpiya Oyunları orta hesabla 3,5 milyon ton karbon qazı emissiyasına səbəb olmuşdu. Bu səbəbdən də müxtəlif tədbirlər görən Fransa karbon emissiyalarını yarıbayarı azaltmağı hədəfləyir.

Paris şəhəri Olimpiya Oyunlarına hazırlaşarkən bir yeniliyə də imza atılıb. Olimpiada üçün inşa edilən Olimpiya kəndi yarışlardan sonra 12 min nəfəri yaşayış sahəsi ilə təmin edəcək. Bu Olimpiya kəndi mədəni irs olmaqla yanaşı, həm də davamlı, yaşıl yaşayış sahəsi yaradacaq.

Ən sərfəli kredit üçün müraciət et

2024-cü il Yay Olimpiya Oyunlarının digər mühüm xüsusiyyəti isə ilk dəfə olaraq idmançıların sayında gender bərabərliyinə nail olunmasıdır. Belə ki, Parisdə 5 min 250 kişi və 5 min 250 qadın idmançı tər tökəcək.

Parisdə keçirilən Olimpiya Oyunlarının növbəti yeniliyi isə marafon qaçışında ediləcək. Marafon ilk dəfə olaraq ictimaiyyətə açıq keçiriləcək. 

Bundan əlavə, açılış mərasimi ilk dəfə stadiondan kənarda, Sena çayı üzərində 6 kilometrlik trasda, 300 min tamaşaçı auditoriyası ilə baş tutacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et