“Başak-İnam Sığorta Şirkəti” ASC İdarə Heyəti sədri Orxan Həsənovun ictimaiyyətə MÜRACİƏTİ
“Başak-İnam Sığorta Şirkəti” ASC-nin 07.11.2014-cü il tarixdə səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilmişdir. Ümumi Yığıncağın gündəliyində bir məsələ- “ Nizamnamə Kapitalının artırılması” var idi. Səhmdarlar məsələni müzakirə edərək şirkətin Nizamnamə Kapitalını 6 mln. manatdan 9 mln. manatadək qaldırılmasına qərar verdilər. Belə ki, Şirkətin Nizamnamə Kapitalı cari ildə 7 mln. manata, 2015- ci il ərzində 8 mln. manata, 2016-cı ildə isə 9 mln. manata çatdırılacaqdır.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin tələbinə uyğun olaraq sığorta şirkətlərinin kapitalına minimum tələb 5 mln. manat təşkil edir. 04.11.2014-cü il tarixdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “Başak-İnam Sığorta Şirkəti” ASC-nin kapitalını yetərsiz hesab etmiş və 6 ay müddətində bu kapital yetərsizliyini aradan qaldırmağı tələb etmişdir.
Bütün bunları nəzərə alaraq hesab edirik ki, səhmdarlarımızın kapital artımı haqqında verdiyi qərar bu tələbi qarşılayacaqdır.
“Başak-İnam Sığorta Şirkəti” ASC yarandığı gündən hər zaman cəmiyyətə açıq və şəffaf fəaliyyət göstərmiş və bunu əyani nümayiş etdirmişdir. Belə ki, illər üzrə şirkətin bütün maliyyə hesabatları, onlara dair audit rəyləri rəsmi internet səhifəmizdə və dövrü mətbuatda işıqlandırılmışdır. Eyni zamanda həyata keçirdiyimiz sığorta ödənişləri, təlimlər və digər tədbirlər haqqında məlumatlar mütəmadi olaraq mətbuat vasitəsi ilə ictimaiyyətə açıqlanmışdır. Qeyd edim ki, şirkətimiz ümumilikdə 26 sığorta növü üzrə əhaliyə xidmətlər göstərərək, 2013-cü il ərzində 4,1 mln. manat sığorta haqqı toplamış və 1,8 mln. manat sığorta ödənişi həyata keçirmişdir. 2014-cü ilin ilk 10 ayı ərzində isə şirkət 2,5 mln. manat sığorta haqqı toplamış və 1,1 mln. manat sığorta ödənişi həyata keçirmişdir.
Şirkətimiz tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq bütün sığortalılarımız(müştərilərimiz) və tərəfdaşlarımız qarşısında öhdəliklərimiz yerinə yetiriləcəkdir.