“Marriott”un rəhbəri şəbəkə kapitalının 226% artımına necə nail oldu? | Banco.az

“Marriott”un rəhbəri şəbəkə kapitalının 226% artımına necə nail oldu?

2015-ci ildə Bill Marriott — otel imperiyasının qurucusu Arne Sorensonu “Marriott”un baş direktoru vəzifəsinə təyin etmişdi. İlk dəfə idi ki, şirkəti Marriott soyadı daşımayan biri idarə edirdi. Sorenson rəhbər təyin edildikdən sonra riskli təklif etdi:  

“The W”, “The St. Regis” və “Le Meridien” kimi yüksəksəviyyəli zəncirləri idarə edən “Starwood” adlı rəqib şirkəti almaq üçün 13,6 milyard dollar xərcləmək - Bu, “Marriott”un bazar kapitalizasiyasının cəmi 20 milyard dollar təşkil etdiyi və ənənəvi otellər “Airbnb” və “Vrbo” kimi internet yeniliklərinin hücumları ilə mübarizə apardığı dövrə təsadüf edirdi. 

Bill Marriott belə bir addımın lüzumsuz olduğunu düşünürdü. Lakin Sorenson “Marriott”a “Westin” və “Sheraton” da daxil olmaqla 11 Starwood markasını birləşmək fikrindən əl çəkmədi. Çünki bu, “Marriott”u dünyanın ən böyük otel şəbəkəsinə çevirəcəkdi. Bu təklifdən cəmi dörd gün sonra 61 yaşlı keçmiş vəkil Sorenson maliyyə modellərini nəzərdən keçirmək üçün Bill Marriott ilə danışıqlar masası arxasında oturdu və onu inandıra bildi. Marriott sənədləri imzaladı. 

“Airbnb”nin inkişafı və millenialların turizm cəhətdən seçimlərinin dəyişməsi  otel sahiblərini işsiz qoya bilər. Ancaq Sorensonun rəhbərliyi altında “Marriott”u bu cür təhdid gözləmir. İşlədiyi müddət ərzində şirkətin mülkiyyəti 1,3 milyondan çox nömrəyə qədər genişlənib. “Marriott”un 2018-ci ildə əldə etdiyi gəlir beş il ərzində 62% artaraq 20 milyard dolları ötüb.  

Sorensonun 2012-ci ilin mart ayındakı gəlişindən sonra Marriott səhmləri Hyatt (69%) və Hilton (2013-cü il IPO-dan sonra 117%) kimi rəqibləri qabaqlayaraq və S&P 500  indeksini (113% artım) darmadağın edərək 226% bahalaşdı. Birjadakı bu cür müvəffəqiyyət, eyni zamanda yeni iş yerlərinin açılmasına görə nüfuzu (şirkətdə 730 000 işçi çalışır) və ətraf mühit təşəbbüsləri, məsələn, birdəfəlik plastik gigiyena məhsullarından imtina etmək qərarı otelin bu il “Forbes Just 100” reytinqinə geri qayıtmasına imkan verdi. Qeyd edək ki, bu siyahıya sosial məsuliyyət cəhətdən qabaqcıl Amerika şirkətləri daxil ola bilir. 

Bütün uğurlara baxmayaraq keçən il Sorenson üçün çətin keçdi. “Marriott” Starwood sistemində böyük bir məlumat sızması aşkar etdi. Bunun nəticəsində 126 milyon dollar cərimə tətbiq edildi. ABŞ-da işçilərin əmək haqqı ilə bağlı tətilləri 2018-ci il üçün gəlirlərə mənfi təsir göstərdi. Donald Trampın ksenofob ritorikası da (Ksenofobiya, əcnəbi qorxusu, nifrəti mənasını daşıyır. Yunanca ξένος (xenos, əcnəbi) və φόβος (fobos, qorxu) kəlmələrin birləşməsindən əmələ gəlib) ABŞ-a xarici turist axınının azalmasına səbəb oldu. Sorenson maliyyə problemləri ilə yanaşı ikinci dərəcəli mədəaltı vəzi xərçəngi ilə də mübarizə aparır. O, xəstəliklə əlaqəli evdə daha çox vaxt keçirməyə məcbur olub. 

Həmçinin oxu:  Bu 6 sualı cavablayanlar mükəmməl rəhbər ola bilər 

1996-cı ildə Sorenson məhkəmədə şirkəti təmsil etdikdən sonra otel şəbəkəsinin qurucusunun oğlu Con Uillard “Bill” Marriott (ikinci) onu Vaşinqtonda işlədiyi hüquq firmasından “oğurladığı” zaman otel biznesinə girdi. Yaxşı bir dinləyici olaraq tanınan, bir şeylə razılaşmadığı vaxt həmişə öz fikrinin arxasında dayanan Sorenson ideal bir tələbə oldu və cəmi iki il sonra M&A şöbəsinin müdirindən maliyyə direktoruna qədər yüksəldi. 2003-cü ilə qədər Avropada Marriott prezidenti oldu. Altı il sonra o, prezident və icraçı direktor vəzifəsini icra etdi. Sorenson yalnız səlahiyyətli bir idarəçi deyildi, o həm də dindar Mormon ailəsi Marriott ilə eyni dəyərləri bölüşürdü. Sorenson Tokioda Lüteran missionerlərinin ailəsində anadan olub və din onun tərbiyəsinin təməlində dayanırdı. Bill Marriottun işini dörd övladından hər hansı birinə təhvil vermək yerinə məhz Arne Sorensona etibar etməsində dini baxışların da böyük rolu olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bill Marriott Sorensona ailə keyfiyyətlərini, o cümlədən riskə getməyə hazır olmağı və ailənin “uğur heç vaxt əbədi deyil” şüarına sadiqliyi aşıladı. Hətta indi 87 yaşlı idarə heyəti sədri  xüsusən maliyyə hesabatını oxuduqdan sonra Sorensona Nyu-Hempşirdən zəng edərək vacib məsələləri müzakirə etməyi çox sevir. 

“Düşünürəm ki, ikimiz də qələbə və ağıllı qərarlar üçün eyni dərəcədə çalışırıq”, - Sorenson deyir. 

“Starwood” ilə sövdələşmə oyun qaydalarını dəyişdirdi və şirkətə “Hilton”u böyük fərqlə  ötməyə imkan verdi. “Marriott” brendinin 7 100 otelinin yarısından bir qədər çoxu franşiza ilə idarə olunur. Buradan gələn gəlirlərlə birlikdə digər otellərin “Marriott”un obyektlərini idarə etməsi üçün ödədikləri vəsait kifayət qədər yüksəkdir. Rəhbərlik altındakı obyektlər planlaşdırıldığından daha yaxşı performans göstərirsə, “Marriott” da pay alır.  

Həmçinin oxu: Dünyanın ən yaxşı CEO-su kimdir? 

Arne Sorensonun ən yaxşı fikirlərindən biri tez-tez səyahət edənləri cəlb edən və otuz Marriott zəncirindən birində qaldıqları üçün onları mükafatlandıran bir loyallıq proqramı, yəni “Bonvoy”u yaratmaq oldu. Mükafatın xərclənən məbləğdən asılı olduğu bonus proqramı toplanan balları istifadə edərkən xərclənmiş vəsaitin 6-7%-ni geri qaytarmağa imkan verir. “Bu, bir çox kredit kartında cashback almaqdan daha yaxşıdır”, — deyə Sorenson bildirir. 

Bütün bu nailiyyətlər Marriott brendini indiki dövrdə də aktual edir. Bu gün dünyada yeni otel otaqlarının təxminən 20%-i “Marriott”a məxsusdur. Bir problem var: “Expedia” və “Kayak” vasitəsilə otaq sifariş edən turistlər otelə daha az gəlir gətirir.“Bonvoy” proqramını dəstəkləmirlər. Hələ ki sifariş saytları ilə yaranan çətinliklərin öhdəsindən gəlmək olur, lakin Sorenson “Google” və “Amazon” kimi nəhənglərin bazara girməsindən qorxur. 

Sorensonun strategiyası böyüməkdir. O deyir:  

“Maksimum ölçüyə çatmaq istəyirəm”. 

Nigar Umaxanlı, Finco.az