Kredit kartları haqqında bilməli olduğunuz maraqlı faktlar | Banco.az

Kredit kartları haqqında bilməli olduğunuz maraqlı faktlar

  1. Bank kartları ideyası 130 il bundan əvvəl yaranıb. Ödəniş kartları vasitəsilə alış-veriş etməyin mümkün olduğu fikrini ilk dəfə amerikalı mütəfəkkir Edvard Bellami 1887-ci ildə yazdığı "Keçmişə nəzər" adlı kitabında qeyd edib. Lakin buna baxmayaraq, ilk kredit kartı 1950-ci ildə  "Diners Club" adı altında hazırlanıb. Kağızdan hazırlanan bu kartın yaradıcısı Frenk Maknamara olub. 1950-ci illərin sonunda təxminən 20 min insan kredit kartına sahib idi. Artıq həmin dövrdə 282 restoranda kredit kartından istifadə olunurdu.
  2. SSRİ-nin özəl banklarından birində buraxılmış ilk kredit kartı Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçova hədiyyə edilmişdi. Bu hadisə 1987-ci ildə baş verib. Digər insanlar isə kredit kartına 20 min dollar ödəməklə sahib ola bilərdilər.
  3. Statistikaya görə, internet dələduzları hər gün kart sahiblərindən orta hesabla 2,5 milyon dollar oğurlayırlar.
  4. Kart nömrələrinin ilk rəqəmi ödəniş sistemini göstərir. Kredit kartı həmin ödəniş sisteminin himayəsi altında buraxılır. Əgər kartın nömrəsi 3 rəqəmi ilə başlayırsa, bu, kartın "American Express"ə, 4 rəqəmi ilə başlayırsa, "Visa"ya, 5 rəqəmi ilə başlayırsa, "MasterCard"a aid olduğunu göstərir. Kredit kartlarının 57%-i Visa şirkətinin loqosunu daşıyır.
  5. Ən bahalı kredit kartı 2007-ci ildə Parisdə keçirilən "Cartes & IDentification" sərgisində nümayiş olunub. Sözügedən kredit kartı gümüşdən hazırlanmış və üzəri 333 brilyantla bəzədilmişdi. Brilyantların ölçüsü isə 1-1.65 mm arasında dəyişir.
  6. Kredit kartlarından ibarət ən böyük kolleksiya Kaliforniya sakini Uolter Kavanaxa aiddir. Bütün həyatı boyunca 1397 kart toplamış bu şəxs ümumilikdə 1.65 milyon dollar kredit götürmüşdür. Bu kredit kartları ona borcunu ödəməkdə kömək etməsələr də, onun adının Ginnesin Rekordlar Kitabına yazılmasına vasitəçilik etmişlər.
  7. Hal-hazırda Azərbaycanda vətəndaşların əksəriyyəti nağd pul götürülməsi üçün bank kartlarından istifadə edir. Lakin ölkənin infrastrukturu kredit kartlarından tam ödəniş vasitəsi kimi istifadə etməyə imkan vermir. Belə ki, hər bir kafe və ya ictimai nəqliyyatda kredit kartının tətbiqi üçün kifayət qədər şərait yoxdur.
  8. Adi kredit kartını iki hissəyə bölmək üçün 10 kalori sərf etməyiniz tələb olunur.

Sevinc İbadova/Banco.az

Ən sərfəli kredit üçün müraciət et