Kredit götürən şəxs vəfat edərsə, onun borcunu kim ödəyir? | Banco.az

Kredit götürən şəxs vəfat edərsə, onun borcunu kim ödəyir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Banco.az-a ünvanlanan növbəti sual kreditlərlə bağlıdır.

Sual belədir: Kredit götürən şəxs vəfat edərsə, onun kreditini kim ödəyir?

Uzunmüddətli ipoteka krediti götürən şəxs həyatını itirə bilər. Bu zaman krediti kimin ödəyəcəyi sual yaradır, zamin, şəxsin vərəsələri, yoxsa sığorta şirkəti?

Mövzu ilə bağlı etdiyimiz araşdırmanı sizə təqdim edirik.

Banklardan daha böyük məbləğlərdə və uzunmüddətli kredit götürən zaman zamin və sığorta vacib hesab edilir. Çünki kreditin müddəti 15-20 il və daha çox ola bilir və bu zaman bank kredit riskinə qarşı tədbir görür. Bu müddət ərzində də borclu vəfat edə bilər. Bəs belə hallarda borc necə qaytarılır?

Bununla ilə bağlı hüquqşünas Seymur Yusifli bildirdi ki, əgər borclu vəfat edərsə, onun miras əmlakının qəbul edilmiş əmlak hissəsində vərəsələri ödəyir. Yəni, əmlak vərəsələrə keçəndə vərəsələr kreditə görə yalnız onlara keçmiş miras dəyərində məsuliyyət daşıyırlar. 

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarı da var.

Belə ki, qərar görə, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları (bank) qarşısında birgə məsuliyyət daşıyırlar. 

Qeyd edək ki, vərəsələr şəxsin ailə üzvləri olmaya da bilər.

Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. 

Bu zaman borclunun ölümü zaminliyin xitamına səbəb olmur və zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

Lakin zamin kreditor qarşısında öhdəliyi tam icra edərsə, bundan sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borclunun vərəsələrindən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər.

Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar.

Ən sərfəli kredit üçün müraciət et

Konstitusiya Məhkəməsinin Plenumu bu məsələ ilə bağlı məhkəmələrdə xeyli sayda mübahisələrin mövcudluğunu nəzərə alaraq və kreditlərin qaytarılması üzrə gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün kredit verilərkən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından sığorta etdirilməsinin daha məqsədəuyğun olduğunu hesab edir.

Sığorta eksperti Pərviz Quliyev mövzu ilə bağlı bildirib ki, Azərbaycanda kreditlərin sığortası könüllüdür: "Kredit sığortası məcburi deyil, lakin bankın riski olduğu üçün bank bunu məcbur edir. Elə növ kreditlər var ki, mütləq qaydada sığortalanmalıdır (ipoteka, avtomobil).

Bankdan kredit götürərkən həm həyatımız, həm də girov qoyulan əmlak sığortalana bilər. Məsələn, ipoteka krediti alanda bank məcbur edir ki, borcalanın həm həyatı, həm də onun aldığı ipoteka predmeti (əmlak) sığortalansın. Çünki bank bununla öz riskini sığortalayır. Düzdür, bank bunu məcbur edirsə də bu, icbari sığorta deyil. Gələcəkdə müştəri həyatını itirərsə, onun qalan borcunu sığorta şirkəti banka ödəyir. İpoteka predmetinə də (əmlak) hər hansı zərər dəyərsə onu da sığorta şirkəti ödəyir.

Avtomobil kreditini də verərkən bank məcbur edir ki, avtomobili kasko sığorta edək. Çünki avtomobilin kreditdə olduğu müddətdə, baxmayaraq ki, bu zaman avtomobil borcalanın mülkiyyətində olur, lakin bankda girov olduğu üçün bank sığortanın məcburi olduğunu bildirir. Bu, avtomobilin başına gələ biləcək hər bir hadisəyə qarşı bankın gördüyü tədbirdir".

P. Quliyev qeyd edib ki, istehlak kreditlərində isə bəzi banklar bu sığortanı etdirir, bəziləri isə yox: "Biznes kreditlərində də vəziyyət eynidir. Məsələn, böyük həcmdə biznes kreditləri veriləndə böyük əmlaklar girov qoyulur. Girov qoyulan əmlak yana, zərər görə bilər. Bu zaman müştəri borcu ödəməkdən yayına bilər. Lakin sığorta olunarsa şirkət əmlakın zərərini qarşılayır və borcalanın öhdəliyindən yayınmaq kimi şansı qalmır".

Yəni, kredit müqaviləsi ərzində borclu vəfat edərsə, onun borcunu vərəsələri yaxud zamin ödəyir, lakin kredit götürən şəxsin həyatı sığortalanıbsa, borcunu sığorta şirkəti ödəyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et