Aida İsaq, Banco.az
Koronavirusdan (COVİD-19) ilk yoluxma halı Çin əyalətində Vuhan adlı kiçik balıq bazarında 2019-cu il dekabrında qeydə alınıb. İlk başlanğıcda sıravi virus kimi görünsə də, sonradan bütün dünyanı öz əlinə alaraq pandemiyaya çevrildi. Hazırda isə dünya ölkələrində elə bir sektor yoxdur ki, virusun sosial, iqtisadi, psixoloji və ya digər təsirlərindən yan keçsin. Yoluxma riskini azaltmaq məqsədi ilə insanların evdə qapanmaları, iş yerlərinin fəaliyyətini dayandırması, əyləncə məkanlarına girişin qadağan olunması normal həyat şərtlərinin tamamilə sırdan çıxmasına səbəb oldu. Yeganə gəlir yeri olan iş yerini itirənlər, ümumiyyətlə fəaliyyətini davam etdirə bilməyən şirkətlər, aylarla müştəri qəbul edə bilməyən ictimai iaşə obyektləri, onların maaşsız qalan işçiləri və s...
Koronovirus pandemiyasının müxtəlif peşə sahiblərinin iş şəraitinə və ümumilikdə həyat tərzinə necə təsir göstərdiyini elə onların öz dilindən təqdim edirik. Eyni zamanda məqalədə həm həmkarlarınızın həm də ekspertlərin məsləhətlərindən də yararlana bilərsiniz. İlk olaraq pandemiyanın iqtisadiyyata hansı təsirlərinin olması və gələcəkdə bizi nələrin gözləməsiylə tanış olaq.
Cəbrayıl Vəliyev (iqtisadçı ekspert)
“Pandemiyanin qlobal iqtisadiyyata və ölkələrin iqtisadiyyatına təsirlərini müxtəlif aspektdən dəyərləndirmək olar. Qlobal iqtisadiyyatda qlobal tədarük zəncirinə olan mənfi təsirləri və qlobal ümumdaxili məhsulda payı yüksək olan Çin, ABŞ və Avropa ölkələrində baş verən geriləmələr böyük təsir etmişdir. İlk başda müxtəlif iqtisadi araşdırma dairələri tərəfindən daha aşağı proqnoz edilən qlobal geriləmə faizi üçün daha sonra yüksək təxminlər irəli sürüldü. Bu kontekstdə olkələr iqtisadiyyatında bənzər və fərqli təsirlər də olmuşdur ki bu da ölkələrin iqtisadiyyatının strukturu və idarəetmə sistemindən və görülən tədbirlərdən asılı olmuşdur. Bənzər tərəflər isə bütün ölkələrdə xüsusilə xidmət sektorlarında əhəmiyyətli dərəcədə geriləmə və durğunluğun olmasıdır. Ölkəmizdə də xidmət sektorunun müxtəlif istiqamətləri: turizm, restoran iaşə xidmətləri, pərakəndə sektorunda isə xüsusilə qeyri-qida pərakəndə və topdan satışları, təhsil sahəsində fəaliyyət göstərən tədris mərkəzləri və kurslar pandemiyadan ən çox mənfi təsirlənən sahələr olmuşdur. Karantin dövrünün uzanması ilə bu sahələrdə iqtisadi aktivliyin azalması və bəzilərində tamamilə durması, göstərilən dəstəklərin yetərsiz qalması hətta bəzi müəssisələrin bağlanması təhlükəsi ilə baş-başa buraxmışdır. Bununla yanaşı pandemiya iqtisadi fəaliyyətlərdə bəzi yenilikləri də gətirmiş və ənənəvi metod və fəaliyyətlərlə bərabər alternativ xidmət və fəaliyyətləri sürətləndirmişdir. Buna ənənəvi satış və xidmət kanallarının bu dövrdə öz yerini onlayn satış və xidmət kanallarına dövr etməsi, onlayn tədris imkanlarının dəyərləndirilməsi, yerində alış-veriş və xidmətin bir qisminin qapıda, evdə təslimlə əvəzlənməsi bu yeniliklərə misal ola bilər. Bununla bərabər şirkətlərdə iş metoduna dəyişikliklərin edilməsi, evdən çalışmanın mümkünlüyünün test edilməsi, müxtəlif optimallaşdırma tədbirlərinin görülməsi də baş vermişdir. Ölkəmizdə iqtisadi diferensiallıgın olduqca zəif olması, resurs ölkə olmamız səbəbiylə neft qiymətlərinin dəyişməsi ümumi iqtisadiyyata və sosial iqtisadi inkişafa da təsirini göstərir və bu hələ davam edəcəkdir. Bundan sonra karantin dövrünün uzadılması və buna iqtisadi aktivliyin davamlı durğunluğu daha çox zərər vura bilər. İqtisadi aktivliyin artırılması vacibdir.”
Hazırki dönəmdə ən önəmli faktorlardan biri psixloq tərəfindən vəziyyətin analizi və müvafiq tövsiyyələrin verilməsidir. Odur ki, müəyyən qədər bu barədə sizi məlumatlandırmağa çalışdıq.
Ofeliya Əliyeva (psixoloq)
"Pandemiyanı hazırda psixoloqların fəaliyyətində əlavə məsuliyyət tələb edən bir dövr kimi qiymətləndirirəm. Çünki bu dövr ərzində bizə olan müraciətlərin sayı çoxaldı. Müşahidələrimə əsasən insanların özünü qəbullanma, özünü tanıma proseslərini ortaya çıxaran bir dövrdür. Çünki insanlar indi daha çox nəyi və niyə etdiklərini sorğulayırlar. İnsan öz həyatının dinamikasının içərisində olanda öz düşüncələrinə, daxilində olan fikirlərinə vaxt ayıra bilmir. Çünki gündəlik rutin fəaliyyət buna mane olur. Lakin bəzi insanlar da vardır ki, onlar bunu fürsətə çevirə bildilər. Ancaq real problemlərə toxunmaq da lazımdır. Məsələn bir çox insanların işsizliyi, maddi sıxıntılar, maddi sıxıtıların səbəb olduğu psixo sosial problemlər də var.
Bu problemləri proses olaraq necə görə bilərik?, Bu dövrdə özümüzü maddi baxımdan qane etmək üçün hansı əlavə vasitələr tapa bilərik?
Burada əslində düzgün fəaliyyət planı hazırlana bilər. Tam açıq desəm maddi sıxıntıdan əziyyət çəkənlər psixoloq qəbulu pullu olduğu üçün müraciət edə bilmirlər. Ancaq mən bu dövr üçün ödənişsiz psixo dioqnostika təşkil etmişdim ki, ora çox müraciətlər daxil olmuşdu. Hansı ki, mən bu gün həyatımda özümü niyə tapa bilmirəm?, Bu gün olduğum iş yeri niyə məni qane etmir?, Bu gün mən ailə həyatımı necə düzgün qura bilərəm?, Yaxud ailədəki insanlarla necə düzgün ünsiyyət qura bilərəm? və s. kimi müraciətlər edirdilər. Hazırda psixoloq olaraq insanlara onu məsləhət görərdim ki, bilirəm çox çətin dövrdür: İstər maddi baxımdan, istər şəxsi problemlər baxımdan. Biz iki ay ağır karantin zamanını yaşadıq. İki ay müddətində biz bu hala məcburən də olsa vərdiş etdik. Hazırda böyük narahatlığa səbəb yoxdu. Çünkü insan bir yolu ilk dəfə gedəndə təəccüblənir. İkinci dəfə gedəndə yox.. Hazırda qısa müddətli problemlər var ki, bunları həll etməliyik. İki mövqe var - mən və biz. Mən mövqeyini təbii ki, qorumalıyıq. Amma bunu biz mövqeyi ilə uyğunlaşdırmalıyıq. Öz mənafemizdən nəyisə edəndə digərlərinin mənafeyinə xələl yetirməməliyik. Burada söhbət pandemiyanın tələb etdiyi qaydalara uymaqdan, doğru şəkildə icra etməkdən söhbət gedir. Çünku bu birinci sosial mühütimiz olan ailə, daha sonra iş yerimiz və digər sosial əhatəmiz üçün labüddür. Başqa bir məqama diqqət yetirsək, biz sosial mühitdə yeni insanlarla tanış olarkən ona uyğun şəkildə davranmağa çalışırıq. Evdə də bunu tətbiq etməliyik. Evimizdəki insanlara da bu həssasiyyətlə yanaşmalıyıq. Sanki onları yeni tanıyırıqmışcasına.. Vaxt ayırmağı bacarmalıyıq. Yeni maraq sahələri tapmalıyıq. Uşaqlarla onların yaşına uyğun davranmalı, onları uzun müddət təlim prosesindən uzaq tutmamalıyıq. Fiziki olaraq yox emosional olaraq vaxt keçirməliyik."
Aydın Bağırov (qol.az saytının rəhbəri)
"İş həyatını əvvəlki formada, şəraitində davam etdiririk. Amma pandemiya idman sahəsinə və mediasına ciddi zərbə vurub. Xüsusən futbol yarışları keçirilmədiyinə görə oxucuların idman saytların marağı qismən azalıb. Konkret bizə gəlincə, bu, indiyə qədərki kommersiya reklamlarımıza azalmasına gətirib çıxarıb. Amma peşəkar media belə durumlara hazır olmalıdır. Şəxsən özüm ruhdan düşmürəm, inamımı itirmirəm və gec-tez hər şeyin normal axara qayıdacağına əminəm.
Sərt karantin rejimi ətrafımdakı bir çox insanın psixoloji və yəqin həm də maddi durumuna ciddi təsir edib. Bunların baş verəcəyi gözlənilən idi. Amma karantin rejimi yumşaldıqca bu problemlər də yavaş-yavaş həllini tapacaq.
Qaydalara riayət etməli, maska taxmalı, sosial məsafə gözləməli və gigiyenik qaydalara əməl etməliyik. Mən özüm hər gün bu qaydarı yerinə yetirirəm və burada çətin, qəbahətli bir şey də görmürəm. Qaydalara riayət etsək, bu çətin dövrdə ciddi zərurət olmadığı halda çox adamın olduğu yerə getməsək, inanıram ki, yoluxma sayı da azalacaq."
Adil Qurbanov (restoran işçisi)
"Məşhur restoranların birində çalışıram. Hazırda pandemiya rejimi olduğu üçün artıq bir neçə aydır ki, obyektlərimiz bağlıdı. Bu müddət ərzində cəmi bir dəfə maaş ala bilmişik. Hazırda vəziyyət heç ürəkaçan deyil. Bir çox yerə müraciət etsək də, iş tapmaq çətindir. Ümid edirəm vəziyyət tezliklə düzələr, həyat öz axarına geri qayıdar."
Elçin Əfəndi (Təhsil eksperti)
"Pandemiya dövründə insanların iş həyatı ilə bağlı öz üzərimdən bir nümunə deyim ki, xaotik bir vəziyyət yaranıb. Pandemiya təhsil sektoruna təsirsiz ötüşmədi. Bəzi ailələrdə internet problemlərinin olmasını, informasiya texnologiyalarına aid olan ağıllı telefonların, planşetlər, noutbuklar və s. kimi texnologiyaların bir çox ailələr üçün əlçatan olmadığını üzə çıxartdı. Yəni bunlar istər-istəməz təhsil sektorunda şagirdlərin təhsil almalarına, eyni zamanda müəllimlərin dərs keçmələrinə maneçilik törədən faktlardır. Ümumilikdə hazırda bir çox insan işsizlik problemi ilə üz-üzədir. İnsanların psixologiyalarında dərin sıxıntı var. Mövcud vəziyyətə adaptasiya olmaları bir az problemlidir. Eləcə də bu vəziyyətdən çıxış zamanı bir sıra çətinliklər olacaq. Hər kəsə məsləhətim odur ki, tədricən öz təmkinlərini, səbrlərini qorumaq şərtiylə prosesdən yavaş-yavaş çıxmaq lazımdır. Düşünürəm ki, qarşıdakı dövrdə xüsusi karantin rejimi olmaz və insanlar iş həyatıyla təmin olunar."
Nəsimi Əbilov (Azərbaycan Yəhudi Media Mərkəzinin rəhbəri )
"Pandemiya həyat tərzimizdə yaxşılığa doğru nəyisə dəyişmədi. Hazırda iş fəaliyyətimi davam etdirirəm. Xarici ölkələrə səfərləri həyata keçirə bilməsəm də, ölkə daxili rayon və şəhərlərə gedə bilirəm. Bundan başqa bir çox yeni layihələrim var idi ki, onlar təxirə salındı. Bir sıra işlər, əlaqələr donduruldu. Ətrafımdakı insanlar bu sahədə müxtəlifliklərlə yadda qaldı. Bəzi iş adamlarının işləri heç də yaxşı getmədi. Bəziləri ciddi karantin dönəmində iş yerlərini itirdi. Ehtiyacı olmayan insanların dövlətin 190 manat yardımını lazımsız yerlərə sərf etdiyini də müşahidə etdim."
Rafət Şirəliyev (Biznes və karyera planlaması üzrə beynəlxalq təlimçi)
"Mənim əsas fəaliyyətim yerli və beynəlxalq layihələr fəaliyyət, təlim və tədrisdir. Karantin dövründə bu fəaliyyətlər birmənalı dayandırıldı, və ya hər hansı forma ilə əvəz edildi. Fəaliyyətim ictimai təşkilat baxımdan mütəmadi insanlarla görüşmək, onları maarifləndirmək, onlarla müzakirələr aparmaq olduğundan karantində görə bir yerdə dayanmaq və virtual aləmə keçmək çətin oldu. Bir nə qədər də onlayn təlimlər keçməyə başlasaq da, maraq və tələb demək olarki əvvəlki canlı ünsiyyəti əvəz etmir.
Buna baxmayaraq biz evdən öz işlərimizi edə bildiyimiz formada davam edib, karantindən sonra isə yarıda saxladığımız bir çox işləri həyata keçirəcəyik. 2020-ci il üçün hədəfimdən biri Təlim və tədris sahəsində hüquqi şəxs (MMC) olaraq fəaliyyət göstərmək idi. Yanvar ayında MMC təsis edildi. Mart ayının əvvəlinə açılış üçün hazırlıqlar başlanıldı. Lakin, COVİD-19 bu addımı atmağa imkan vermədi. Ümumi desək fəaliyyətimiz dayanmış və çox zəif addımlarla arada irəliləmək istəyir.
Amma bu dönəmdə biz boş dayanmadıq təbii ki, əlavə olaraq pandemiya şəraitinə uyğun bəzi addımlar atdıq. Məsələn mən fərdi fəaliyyətimdə öz fərdi konsultasiya platformamı yaratdım. Həmçinin bir çox dostlarımızla uyğun layihələr hazırlayıb, donorlar təqdim etdik.
Tövsiyyəm bu olardı ki, şəraitdən narazılıq etməyə yox, şəraiti dəyərləndirməyə zaman ayıraq. Bu halda biz bir çox problemlər, imkanlar görəcəyik bunlar isə əvəzində bizə yeni ideyalar verəcək. Bu ideyalar isə bizə yeni gəlirlər və ya yeni yanaşmalar yaradacaq."
Sevinc Sabanova (Marketinq meneceri)
"Pandemiya iş həyatımda böyük dəyişikliklər yaratmadı. Sadəcə iş yerimi dəyişdim. Əslində pandemiya dövründə iş tapmağın çətin olduğunu deyirdilər. Amma mən köhnə işimdən ayrılıb yeni işdə çalışmağa başladım. Gündəlik həyat tərzimdə isə sadəcə ara-sıra psixoloji sarsıntılar keçirirəm sonra özümü toparlayıb həyatıma geri dönürəm. İnsanların psixoloji gərginlikləri var. Hazırda həm ölkə şəhid verir, həmdə pandemiya dövrü üst-üstə düşdüyünə görə çox ağır dönəmlərdir.
Problemlər daha çox şirkətlərdə müşahidə olundu. Çox şirkət onlayn rejimdə çalışmağa öyrəşməmişdi. Birdən bu sistemə keçmək çətin idi amma hazırda artıq alışıblar. Belə deyək hamı onlayn alışın və satışın nə olduğun həm öyrənmiş oldu həmdə praktiki olaraq onu yaşadı.
Hamımız hər bir gücümüz də bir olmalıyıq. Bizneslər çöküş yaşayır və çox şirkət rəhbərləri bilməlidir ki, hər bir çətinlikdən sonra bazarda öz mövqeyin tuta biləcəklər. Pandemiya bitəndən sonra güclü şirkətlər qalib gələcək və işlərin davam edəcək zəif olan şirkətlər ya məğlub olub bazardan çıxacaqlar yada bir təhər işlərin yola verəcəklər."
Təhminə Quliyeva (Azərbaycan Banklar Assosiasiyası, mütəxəssis)
"İlin əvvəlindən heç kim pandemiyanın iş və ümumilikdə həyatımıza bu qədər təsir edəcəyini düşünmürdü. Uyğun olaraq 2020-ci il üzrə iş və şəxsi planlar hazırlanmışdı, o planlar üzrə işlər başlamışdı. Şəraitə uyğunlaşaraq bir müddət sonra fərqinə vardıq ki, artıq bütün bu planları hazırkı şəraitə uyğunlaşdırmağa başlamışıq. Kütləvi tədbirlər ləğv olunur, iclaslar artıq onlayn platformalara köçür, ofis anlayışı yavaş-yavaş həyatımızdan çıxır. Bütün bunlar daha dinamik işləməyə səbəb olur və artıq hər yeniliyi öyrənib, biraz daha gələcəyi görməyə çalışırıq. İş həyatına əsas təsirlərindən biri də suallar arasında qalmağımız olur. Bu layihəni edəcəyikmi, nə vaxt edə bilərik, indiki halda etməyə gərək varmı və s. Bu suallar təkcə iş həyatında olmadı, elə şəxsi həyatda da bu suallar arasında qalan insanlar çox idi. Bu bütün dünyanın müharibəsi oldu. Bütün dünya virusla müharibə apardı və aparır. Belə anlarda insanlara belə viruslardan daha çox psixoloji gərginliklər, sarsıntılar təsir edir. Məncə, buna uyğun olaraq, əvvəlcə insanlar psixoloji vəziyyətini, daha sonra immuniteti gücləndirməlidir. Çalışmaq lazımdır ki, məlumatları oxuduqca hansısa panikaya düşməyəsən, təbii ki, burda ölkədəki KİV-lərin də rolu var. Nəzərə alsaq ki, hər kəsin psixoloji vəziyyəti eyni olmur, ona görə heç olmasa KİV-lər daha məqsədəuyğun siyasətlə məlumatları çatdırmalı, insanları qaydalara riayət etməyə səsləməli idilər. Mənim tövsiyəm budur ki, hər kəs maksimum özünü qorusun. Deyirlər maska sizi qorumur. Xeyr, biz bir cəmiyyətik, mənim maska taxmağım yanımdakını, onun taxmağı başqasını və sonda digərinin taxmağı da məni qoruyacaq. Yəni mən taxsam, sağlam qalacam, taxmasam, yox. Bunu ümumi bir tor kimi və ya bumeranq kimi düşünmək olar. İnanıb inanmamaqdan asılı olaraq rəsmi xəbərlərə, rəsmi qurumların dediklərinə əməl edək. Panika olmadan və yaratmadan immuniteti gücləndirib qaydalara əməl etsək, normal həyatımıza qayıda bilərik. Və bu elə bir prosesdir ki, tək bir şəxsdən asılı deyil,gərək hər kəs, bütün cəmiyyət əməl etsin."
Toğrul Bayramlı (Edumap.az saytının həmtəsisçisi, EduOnline.az saytının təsisçisi, bələdçi)
"Əsas iş sahəm onlayn sistem üzərində qurulduğu üçün, yəni onlayn təhsillə, onlayn kurslarla, tədbirlərlə bağlı olduğu üçün bir o qədər də mənfi təsiri olmadı. Çünkü bunu evdən idarə etmək mümkündür. Ancaq onlayn iş olsa da, pandemiya bu sahəyə də mənfi təsirini göstərib. Belə ki, madii baxımdan yatırım edə bilmədikləri səbəbindən kursları dayandıranlar oldu. Xaricdən hazırlaşan tələbələrimiz var idi ki, Azərbaycana geri döndükləri üçün kursları dayandırdılar. Tələbələr adətən universtetlə paralel olaraq kurslara qoşulurlar. Təhsil sektorunda, universtetlərdə müəyyən fasilə yarandığına görə biz həmin kütləni müvəqqəti olaraq demək olar itirdik. Bununla paralel olaraq turzim sahəsində bələdçi olaraq fəaliyyət göstərirdim. Mövcud vəziyyətlə əlaqədar olaraq turizm sahəsinin işi demək olar ki, sıfıra enib. Bələdçilik və turizimlə əlaqədər gördüyüm bütün işlərin hamısı dayanıb. Özəl şirkətlərdə çalışan tanıdığım insanların çoxsu iş yerini itirib. Ümid edirəm pandemiya tezliklə bitər. Əvvəlki həyat tərzimizə, işlərimizə geri dönərik. Məsləhət görərdim ki, insanlar belə çətin günlərdə boş vaxtlarını səmərəli keçirsinlər. Öz gələcək fəaliyyətləri üçün faydalı olacaq məlumatlar əldə etsinlər. Onlayn bir çox seminarlar, layihələr, proqramlar var. Onlardan istifadə edib özlərini təkmilləşdirə bilərlər. Elə bizim saytlar vasitəsi ilə bu kimi faydalı kurslarla, layihələrlə tanış ola bilərlər."
Sonda isə bildirmək istərdim ki, bir-birimizə dəstək olmalı və bu çətin günləri birlikdə geridə qoymalıyıq!!!
Bizi sosial şəbəkələrdən izləyin!!