Ünvanlı dövlət sosial yardımı dedikdə, dövlət tərəfindən yalnız aztəminatlı ailələrə aylıq verilən pul yardımı nəzərdə tutulur. Dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən bu yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
Həmçinin oxu: Ekspert uşaq pullarının verilməsindən danışıb
Həmçinin oxu: Bağlanan bankların kredit borcları silinirmi? - MÜSAHİBƏ
Həmçinin oxu: Kimlər sosial müavinət ala bilər?- MƏBLƏĞİ
Bəs bu sosial yardımdan kimlər yararlana bilər?
Banco.az mövzuyla bağlı vəkil Amid Əsgərovun şərhini təqdim edir.
"Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Orta aylıq gəliri onlardan asılı olmayan səbəblər dedikdə isə aşağıdakı hallar nəzərdə tutulur:
-
Şəxsin əlil olması;
-
Şəxsin əmək pensiyaçısı olması;
-
Şəxsin birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi;
-
Şəxsin 23 yaşadək əyani təhsil alması;
-
Şəxsin Dövlət Məşğulluq Xidmətinin yerli orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması;
-
Şəxsin azadlıqdan məhrum edilməsi.
Aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində ünvanlı dövlət sosial yardım alırlar. "
Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyənləşib. 2019-cu il üçün ehtiyac meyarının həddi isə 143 manat təşkil edir.