İllər boyu Azərbaycanda belə bir düşüncə mövcud olub. Maliyyə oxuyan tələbə ya bankir olmalıdı, ya mühasib, ya da auditor. Elə bil maliyyə sahəsində bu ixtisaslardan başqa bir ixtisas yoxdur. Hətta ölkəmizdə bir neçə transmilli şirkətlərin olmasına baxmayaraq, maliyyənin özü ilə birbaşa məşğul olmaq istəyənlərin sayı ya olduqca az, ya da ümumiyyətlə yoxdur. Bəs buna səbəb nədir?
Sizə başıma gələn bir əhvalatdan danışacam. Bir şirkət üçün təcrübə proqramına müraciət edən tələbələrlə müsahibə aparırdım. Etdiyim müsahibə zamanı qarşımdakı şəxslərə “maliyyəçi kimdir?” deyə sual verdim. Çoxu cavab olaraq ya auditor, ya da maliyyə meneceri deyirdi. Lakin qarşımdakı şəxslərdən biri, belə bir anlayışın dilimizdə işlənmədiyini söylədi, yəni maliyyəçi deyə bir anlayış onun üçün mövcud deyildi.
Auditor və ya maliyyə meneceri əsl maliyyəçilərdirmi? Əslində auditora maliyyəçi demək tam da düzgün olmaz, çünki audit özü maliyyənin yalnız nəzarət funskiyasını tətbiq edir. Bölgü funksiyası ona aid deyil. Maliyyəni bütövlüklə əhatə etməyən bir şəxsə maliyyəçi demək olarmı? Maliyyə meneceri isə qismən maliyyəçi ola bilər. Lakin korporativ şirkətlərdə iki subyekt var: İdarə edən və idarə olunan. Maliyyə meneceri həmin şirkətdə maliyyə əməliyatlarını idarə edəndir, yəni maliyyə meneceri yalnız həmin şirkət daxilində maliyyəçidir.
Bəs mühasiblər? Onlara maliyyəçi demək olarmı? Maliyyə menecerinin tərkibinə daxil olan bu peşə sahibləri şirkətin maliyyə hesabatlarından məsul şəxsdirlər. Auditorlardan fərqli olaraq onlar maliyyənin nəzarət funskiyasına deyil, bölgü funskiyasına cavabdehdirlər.
Maliyyəçi deyə anlayış dilimizdə işlədilməsə də, mövcuddur. Tedor Drazyer “Maliyyəçi” bədii kitabında onu birja dəllalı yəni, birjada maliyyə əməliyyatları ilə məşğul olan şəxs kimi təsvir edir.
Drayzerə görə əsl maliyyəçi, başqalarının əlində alət ola bilməz. Özü yaradıb, özü rəhbərlik etməlidir. Yaranan bütün imkanları dəyərləndirməli və ondan maksimum fayda əldə etməyə çalışmalıdır.
Robert Kiyosakiyə görə isə, əsl maliyyəçi əsl investordur. Pul kvadrantında özünə məxsus yeri olan bu investor daimə gəlir qazanmaq üçün çalışmağa, hər bir şeyi dəyərə çevirməyə, aza qane olmamalıdır.
Uorren Baffetə görə isə, maliyyəçi olmaq üçün biznesmen kimi düşünüb, ağıllı investor kimi hərəkətə keçməlisiniz. O fikirləşir ki, puluna dəyər qata bilən istənilən şəxsi maliyyəçi adlandırmaq olar.
Əksər iqtisadçıların fikrincə isə, pulu idarə edə bilən istənilən şəxsə maliyyəçi deməliyik. Yəni, maliyyəçi maliyyə azadlığı yaşayan şəxsdir. Borca, kreditə ehtiyacı olmayan, pulunu daima investisiya edərək risklərdən sığortalaya bilən insanları maliyyəçi saymaq olar.
Gələcəyimizi qurmaq üçün hədəflədiyimiz peşəni indidən seçməliyik. Fərqi yoxdur, istəyir gələcəyin maliyyəçisi olaq, ya bankiri və ya mühasibi ən əsası həmin sahədə bizi nələrin gözlədiyini müəyyən edək. Çalışaq ki, seçdiyimiz peşəni sevək, o sahə üzrə işləməkdən həzz duyaq. Bizi uğurlu edən məhz bu olacaq. İşiniz avand olsun!
Xəzər Aslanov