Müəllif: Aygün Asimqızı/Banco.az
- Mobil bank tətbiqlərimiz nə dərəcədə funksionaldır?
- Bugünkü mərhələdə müştərilərin maliyyə ilə bağlı lazımi fundamental ehtiyaclarını bankların mobil tətbiqləri qarşılayır. Bizim növbəti addımımız bu fundamental ehtiyacları daha da genişləndirmək və həmin xidmətlərin daha rahat şəkildə verilməsidir. Məsələn, bankın müştərisi olmaq istəyən şəxs mobil tətbiqi açır və orada onlayn şəkildə müştəri olur. Fikir vermisinizsə, bankların mobil tətbiqlərinin imkanları artır.
- Mobil tətbiqlər və onların artan imkanları bank sektorunun işinə necə təsir edir? İşini nə dərəcədə yüngülləşdirir?
- Bu gün bütün bankların mobil tətbiqləri var. Əvvəllər banka getdiyimiz bir çox məsələləri tətbiq vasitəsindən dolayı artıq getməyimizə ehtiyac yoxdur. Bank tətbiqinə daxil olmaqla sadə bank ehtiyaclarımızı həll edə bilirik. Bankların ofislərindəki növbə sayını azaltdı və s. Ön hissədə xidmət göstərən əməkdaş sayı azala bilər, amma arxa fonda çalışan sayı çoxdur. 10 il əvvəl bankçılıq daha asan idi. Bir filial açdın, işlər də məlumdur. İndi bankçılıq iki istiqamətə köklənib. Həm banka gəlmək istəyənlər üçün filialların olmalıdır, həm də onlayn xidmət istəyənlər üçün onlayn xidmətlərin sayını və imkanlarını genişləndirməlidir. Məsələn, mobil tətbiqlərin imkanlarının daha çox olması üçün artıq investisiya yatırmalıdır.
- Mobil tətbiq üzərindən göstərilən xidmətlərlə bağlı banklara yaxınlaşma faizi necədir?
- Tətbiqlər üzərindən rəqəmsallaşan müəyyən xidmətlər var ki, ondan ötrü banka getməyə ehtiyac yoxdur. Bu xidmətlər həm də ona görə rəqəmsallaşıb ki, müştəri banka gəlmək üçün vaxt itirməsin, xidmət onun üçün daha komfortlu olsun. Mobil tətbiq üzərindən xidmətlər nə qədər genişlənsə də, ənənəvi bankçılıq xidmətinə üstünlük verənlər, o xidmətləri almaq üçün banka yaxınlaşanlar da olur. Sevindirici tərəf odur ki, bu halların sayı hər keçən ay azalır. Yerində, birbaşa xidmət almaq istəyənlər, ünsiyyəti xoşlayanlar yenə banka gələcək. Adam var ki, tətbiqdə nəyisə edəndə, nəyisə səhv edəcəyini düşünür, ona görə deyir ki, yaxınlıqdakı banka gedim, orda həll etsinlər.
- Bir misal demək olarmı ki, mobil bank tətbiqində olduğu halda insanlar o xidmət üçün daha çox banklara üz tuturlar?
- “Western Union”la bank köçürmələri. Biz onu mobil tətbiqimizdə tətbiq edən ilk bank idik. Bu vasitə ilə həm pul göndərilməsi, həm də qəbul edilməsi var. Statistikaya nəzərə yetirsək görərik ki, insanlar hələ də bu xidmət üçün filiallara gəlirlər. Halbuki tətbiqdə onu daha az vaxt sərf edərək özü edə bilər. “Nəyisə səhv etsəm, necə edərəm” qorxusu var yəqin ki. Ola bilər ki, texniki yönə inam azdır və s.
- Mobil tətbiqlərdən narazılıq da çoxdur. Sistem tez-tez qeydiyyat tələb edir, yenilənməni gec göstərir və s.
- Mobil bank tətbiqlərindən müəyyən narazılıq da olur. Bu sürətli inkişaf gedən sahə olaraq bir az da normaldır. Tək bank deyil, ümumiyyətlə, bütün sektorlarda bu hallar yaşanır. Bundan öncə təşkilatlar hazır, tanınmış böyük və bahalı sistemlərin tətbiqi ilə məşğul idilər və ümumiyyətlə, bu işləri partnyor şirkətlərə həvalə etmişdilər. Sonra gördülər ki, o şirkət arada vasitəçidir və nəyinsə düzəldilməsi üçün o şirkətdən asılı olursan. Arada vaxt itkisi olur. Zamanla banklar daxildə öz proqramlaşdırma imkanlarını artırmağa başladılar. Bu sistemlər o qədər tez inkişaf etdiyi və yeni olduğu üçün nəyisə gözdən qaçırmaq əlbəttə ki, ola bilər. Bu boşluq get-gedə azalır. Banklarda hazırda önəmli məsələ yeni məhsullarla bazara çıxmaqla yanaşı, yeni məhsulların keyfiyyətinin artırılmasıdır. Buna öz daxili proqramlaşdırma imkanları olan təşkilatlar daxili proqlamlaşdırma keyfiyyətini artırmaq üçün investisiyalar edirlər.
- O zaman bu istiqamətdə hansı dövr gəlir?
- Üzərində nağd pul olanların sayı azalır. Çünki kiməsə pul verəcəyiksə, kartdan-karta göndərə bilirik. Alış-verişdə ödənişləri kartla edirik. Zamanla nağd ödənişlə işləyənlər də nağdsız ödənişlərə keçəcəklər. Bankların mobil tətbiqləri ayrılmaz parçamız olacaq. Nağdsızlaşma artdıqca mobil tətbiqlərin həyatımızda rolu daha da artacaq. Bu proses artıq gedir. Banklar da bunu görürlər və mobil tətbiqlərinin təkmilləşdirməsi ilə bağlı çalışırlar. Rəqəmsallaşmanın imkanları məhdudsuzdur. Məsələn, rəqəmsallaşma cəhətdən bizdən qat-qat öndə olan ölkələrin təcrübəsinə baxaq. Mobil tətbiqdəki məlumat da artıq “informasiya” kimi bankda cəmləşir. Siz harda daha çox olursunuz? Nə qədər telefonla danışırsız və s. Bunlar analiz edilir və bank onun üzərinə bir məhsul çıxarır.