Ceyms Eduard Mid 23 iyun 1907-ci ildə Böyük Britaniyanın Dorset qraflığında anadan olub. C.Mid əvvəlcə Melvern kollecində, 1925-1928-ci illərdə Kembric Universitetində təhsil alıb.
Bəzi ədəbiyyatlarda alimin ilkin vaxtlarda iqtisadiyyata marağının olmaması, əksinə latın və yunan dillərinin öyrənilməsi ilə məşğul olduğu qeyd olunur. C.Midin iqtisadiyyata olan marağı dünya müharibələri dövründə həm Avropada, həm də Böyük Britaniyada olan iqtisadi böhran səbəbi ilə yaranan problemlərini həll etmək istəyindən formalaşıb.
Bu məqsədlə, o, 1928-ci ildən başlayaraq Oriel kollecində, daha sonra Oksford Universitetində iqtisadiyyat üzrə təhsil alır.
Daha sonra 1938-ci ilədək universitetdə dərs deyib. 1936-cı ildə də C.Mid artıq “İqtisadi təhlil və siyasətə giriş” adlı ilk dərsliyini nəşr etdirir. O bu dərsliyi C.Keynsin ideyaları əsasında hazırlamışdı.
1938-ci ildən sonra isə Cenevrəyə gələrək Millətlər Liqasında işləyib. 1940-cı ildə isə Britaniya hökumətində iqtisadçı-məsləhətçilər qrupuna rəhbərlik edib. 1945-1947-ci illərdə Leyboristlər Partiyasının hakimiyyətə gəlişi ilə o, Britaniya Nazirlər Kabinetində iqtisadiyyat şöbəsinə rəhbər vəzifəsində çalışıb. 1947-ci ildən sonra isə C.Mid akademik karyerasını davam etdirib.
C.Mid beynəlxalq ticarət nəzəriyyəsini ilk hazırlayan iqtisadçılardan biri olub. O, iqtisadi siyasət modelində tam məşğulluq və ödəmə balansının tarazlığına nail olmaq üçün fiskal və monetar siyasətin zəruriliyini vurğulayırdı.O, 1977-ci ildə iqtisadçı Bertil Ulin ilə birlikdə "Beynəlxalq ticarət və kapitalın beynəlxalq hərəkəti nəzəriyyəsinə" görə iqtisadiyyat elmi üzrə Nobel mükafatı laureatına layiq görülüb.
C.Mid 22 dekabr 1995-ci ildə 88 yaşında Böyük Britaniyanın Kembric şəhərində vəfat etmişdir
Əsas elmi əsərləri:
1. Qiymətqoymanın planlaşdırılması və mexanizmi (Planning and the price mechanism: the Liberal socialism solutio. - 1948);
2. Beynəlxalq iqtisadi siyasətin nəzəriyyəsi (The Theory of international economic policy. - 1951-1955);
3. Gömrük ittifaqları nəzəriyyəsi (The theory of customs unions. - 1955);
4. İqtisadi artımın neoklassik nəzəriyyəsi (A Neo-classical theory of economic growth. - 1961);
5. Siyasi iqtisadın prinsipləri - 4 cilddə (Principles of political economy. - 1965-76);
6. Staqflyasiya - 2 cilddə (Stagflation. - 1982-83).
Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova
Bizi sosial şəbəkələrdən izləyin!!
iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar