Con Riçard Hiks 8 aprel 1904-cü ildə İngiltərədə anadan olub. O, ilk təhsilini Klifton kollecində, növbəti təhsilini Oksforddakı Beyllion kollecində riyaziyyat üzrə davam etdirib.
Daha sonra həmin dövlərdə iqtisadçıların azlığı və onlara olan tələbin artması C.Hiksin bu sahəyə yönəlməsinə gətirib çıxardı. O, 1926-cı ildə London İqtisad Məktəbində əvvəlcə əməyin iqtisadiyyatı üzrə ixtisaslaşıb, sonra isə riyazi bilikləri onun iqtisadi nəzəriyyə sferasına keçməsinə zəmin yaratmışdı. İqtisadçı özü etiraf etmişdi ki, onun iqtisadiyyata olan marağı XIX əsrin fransız iqtisadçısı Leon Valrasın tarazlıq nəzəriyyəsini, italyan iqtisadçısı Vilfredo Paretonun rifahın iqtisadiyyatı nəzəriyyəsini oxuduqdan sonra yaranıb. Makroiqtisadiyyatla tanışlığı isə Fridrix fon Hayekin elmi əsərlərini oxuyarkən olub.
Bundan sonra C.Hiks 1926-1935-ci illərdə ildə London İqtisad Məktəbində dərs deyib, 1935-1946-cı illərdə Mançester Universitetinin professoru olub. Oradan da yenidən Oksforda qayıdıb. 1952-ci ildə Oksford Universitetinin professoru, 1965-ci ildən istefaya gedənə qədər isə Oksfordda Ol-Soulz kollecinin fəxri professoru olmuşdur.
Həmçinin bax: İqtisadçıların həyatından 003
Onun həyat yoldaşı da iqtisadçı olmuşdu və onlar bir yerdə iqtisadi siyasətlə bağlı elmi tətqiqatlar aparıb. 1950-1960-cı illərdə də C.Hiks həyat yoldaşı ilə birlikdə Birtaniya hökümətində vergi siyasəti məsələləri üzrə məsləhətçi kimi iqtisadi məsələlərin tənzimlənməsinə cəlb olunublar. C.Hiks bir iqtisadçı olaraq özünün mikroiqtisadiyyat, xüsusilə də, dəyər nəzəriyyəsi sahəsindəki tədqiqatları ilə məşhurlaşıb.
C.Hiks 1972-ci ildə ABŞ iqtisadçısı Kennet Errou ilə birlikdə “Ümumi iqtisadi tarazlıq vә rifah nәzәriyyәsinә verdiyi yeni töhfәlәrә görә” Nobel mükafatına layiq görülüb.
Nobel mükafatı laureatı almaqla yanaşı, o, bir sıra digər mükafat və adlara da layiq görülmüşdür. O, Britaniya Elmlər Akademiyası, İsveç Kral Akademiyası, İtaliya Milli Elmlər Akademiyası, habelə Amerika Sənət və Elmlər Akademiyasının üzvü olmuşdur. C.Hiks 1960-1962-ci illərdə Kral İqtisadi Cəmiyyətinin prezidenti olub.
C.Hiks 20 may 1989-cu ildə 85 yaşında İngiltərədə vəfat edib.
Əsas elmi əsərləri:
1. Əməkhaqqı nəzəriyyəsi (The Theory of Wages - 1932);
2. Dəyər və kapital (Value and capital. an inquiry into some fundamental principles of economic theory - 1939);
3. Ticarət tsikli nəzəriyyəsinə töhfə (A contribution to the theory of the trade cycle - 195);
4. Dünya iqtisadiyyatı haqqında oçerklər (Essays in world economics - 1959);
5. Pul nəzəriyyəsi haqqında tənqidi oçerklər (Critical essays on monetary theory - 1967);
6. İqtisadi tarix nəzəriyyəsi (A theory of economic history - 1969);
7. Keynsçi iqtisadi nəzəriyyənin böhranı (The crisis in keynesian economics - 1975);
8. İqtisadi perspektivlər. Pullar və iqtisadi artım haqqında yeni oçerklər (Economic perspectives. further essays on money and growth - 1977);
9. İqtisadiyyatda səbəblər (Causality in economics - 1979).
Hazırladı: Tahir Əsgərli və Tərlan Qəhrəmanova
Bizi sosial şəbəkələrdən izləyin!!
iqtisadçıları tanıyaq, nobel iqtisadçıları, iqtisadçı alimlər, iqtisadçılar