İsveçin mebel istehsalı ilə məşğul olan IKEA şirkətinin qurucusu Ingvar Kamprad 27 yanvar 2018 – ci ildə 91 yaşında həyatını itirdi.
Həyatının yetmiş ilindən çoxunu iş dünyasının içərisində keçirən Kamprad hər kəsin qibtə edəcəyi, dünya miqyasında tanınan nəhəng bir marka yaratdı. Bu şirkət sayəsində qazandığı 58.7 milyard dolarlıq sərvət isə sağlığında onu dünyanın ən varlı 8 – ci insanı etmişdi.
Bu böyük uğuru nəzərə alındıqda Kampradın iş dünyası və sahibkarlığa yanaşma tərzi haqqında bir neçə məlumat öyrənmək istəyə bilərsiniz.
1. Onun üçün müştəri hər zaman birinci gəlirdi
Jurnalistlərə müsahibə verməyi, xüsusilə də şəxsi həyatı ilə bağlı danışmağı sevməyən Kamprad media işıqlarından bacardığı qədər uzaq bir ömür sürmüş olsa da, 1976 – cı ildə qələmə aldığı “The Testament of a Furniture Dealer” adlı məqaləsində şirkətinin təməl iş prinsiplərindən bəhs edir. Məqalədə “Bir çox insanın məhdud imkanları var və bizim məqsədimiz bu insanlara xidmət göstərməkdir” deyən Kampradın ilk qaydası da belədir:
“İlk qaydamız çox aşağı qiymətlərlə xidmət göstərmək, ancaq bu zaman nə məhsulun nə də xidmətin keyfiyyətini azaltmamaqdır.”
2. İmkanlarından düzgün istifadə edirdi
Kamprad qənaət etməyə elə meyilli idi ki, tez-tez “xəsis qoca” olaraq adlandırılırdı. 1993 model bir avtomobil idarə edən milyarder heç vaxt biznes klass təyyarə səfəri ilə uçmaz, hətta işgüzar səfərə yolladığı işçilərinə təkcə ən ucuz otellərdə qalmağa çatacaq qədər büdcə ayırardı. Bahalı kostyumlar geyinməkdən qaçınan, yenidən istifadəyə də meyilli olan Kamprad hər hansı bir restorandan çıxarkən yanında apara biləcəyi pulsuz məhsullardan almağı da unutmazdı. Təbii ki, bütün milyonçular kimi onun da çox bahalı mülkləri var idi. Ancaq gündəlik həyatdakı qənaətcil davranışları əlimizdə olanlardan diqqətlə istifadə etməklə bağlı nümunə təşkil edir.
“Zaman ən dəyərli mənbədir. 10 dəqiqə ərzində çox şey edilə bilər, ancaq həmin 10 dəqiqə bir dəfə keçdisə, bir də geri dönməyəcək.”
3. Tək məhsulla kifayətlənmədi
Kamprad ilk iş təcrübəsini 5 yaşında olarkən yaşadığı məhəllədə kibrit sataraq qazanıb. Kiçik sahibkarlıq cəhlərini isə Yeni il bəzəkləri, balıq, qələm, toxum və s. satmağa başlamaqla etib. 17 yaşında Ikea şirkətini qurduğu zaman təkcə poçt vasitəsilə sifarişləri yerinə yetirir və hələ mebel satışı ilə məşğul olmurdu. Şirkətinin ilk beş ili ərzində mağaza olaraq ikinci əl bir süt maşınından istifadə edən Kamprad bununla da böyük işlərə nail olmaq üçün kiçik işlərdən başlamaq lazım olduğunu göstərdi.
4. Onun üçün iş təkcə çalışmaq deyildi
“Bir iş təkcə gəlir mənbəyi hesab edilməməlidir” deyə yazan Kamprad işini sevərək icar etməyin əhəmiyyətini vurğulayırdı.
“Əgər işinizi sevərək yerinə yetirmirsinizsə, həyatınızın üçdə bir hissəsi ziyan olur deməkdir.”
5. Səhv etməkdən əsla qorxmadı
O düşünürdü ki, təkcə cəhd göstərməyənlər səhv etməkdən qoruna bilirlər. Mövzu ilə bağlı belə deyirdi:
“İnsan ancaq yuxuda olduğu zaman səhv etməz. Səhv edə bilmək səylə çalışan və səhvlərini düzəltməyin yollarını tapa bilənlər üçün bir üstünlükdür. Böyük hədəflərə sahib olmaq bizi daima yeni qərarlar verməyə, məsuliyyət götürməyə və nəticədə səhv etmək qorxusuna qalib gəlməyə sövq edir. Səhv etmək qorxusu inkişafın ən böyük düşmənidir.”
Həmçinin oxu: Dünyaca tanınmış şirkətlərin ilk məhsullarından xəbəriniz varmı?
Tamara Mustafayeva, Banco.az