“Məzuniyyət” necə də xoş, doğma səslənir... Görülən işə görə mükafat, istirahət etmək və rutin işlərdən uzaqlaşmaq imkanı. Bəs ondan maksimum yararlanmaq üçün necə hazırlaşmaq lazımdır? “Work.ua”nın araşdırmasına diqqət yetirək.
Məhsuldar məzuniyyətin qaydaları bir çoxlarına məlumdur: telefonu yandırmayın, internetə girməyin, işi iş yerində qoyun, tətildən zövq alın və s. Ancaq bir əmma var. Əgər tapşırıqları nəzərdə tutulmuş vaxta qədər yerinə yetirməmisinizsə, getməzdən əvvəl hesabatları hazırlamamısınızsa, yaxud bəzi məsələləri sizsiz həll etmək mümkün deyilsə, necə olacaq?
Şəxsi ehtiyaclar və daim iş yeri ilə təmas halında olmaq arasında tarazlığı necə qorumaq, kollektivi və rəhbərliyi yarı yolda qoymamaq, eyni zamanda yaxşıca istirahət etmək üçün aşağıdakı tövsiyələri oxuyun.
Məzuniyyətə hazırlaşın.
Tətilinizi planlaşdırdıqdan sonra dərhal hazırlaşmağa başlayın. Söhbət baqajı hazırlamaqdan getmir. Qarşınıza qoyulmuş bütün tapşırıqları həll edib qurtarın. Əgər bunları yekunlaşdırmaq mümkün deyilsə, hər şeyi müavininizin və ya həmkarınızın öhdəsindən gələ biləcəyi şəkildə hazırlayın.
Elektron poçtunuzu sahmana salın.
Siz olmadıqda bəzi məktublara və ya əlaqələrə giriş ehtiyacı yarana bilər.
Tətildə sizi əvəz edəcək həmkarınızı təlimatlandırın. Nəyi nə vaxt və hansı qaydada etməli olduğunu ətraflı izah edin ki, nə o, sizi istirahətdən yayındırsın, nə də siz onun işinin nəticəsinə görə nigaran qalasınız. İş məsələlərinə görə tez-tez sizə müraciət etməli olan işçilərə məzuniyyətə çıxacağınızı əvvəlcədən bildirin. Bəlkə, oturub söhbət etməyə, vacib məqamları aydınlaşdırmağa ehtiyac var.
Həmçinin oxu: Kadrların idarə olunmasında 2020-ci ilin trendi nələr olacaq?
Fors-major hallar diqqətinizdə olsun.
Əlbəttə ki, məzuniyyət müvəqqəti olaraq işi unutmaq, dincəlmək üçün nəzərdə tutulub. Lakin əgər şirkətin sizin profiliniz üzrə yeganə mütəxəssisisinizsə, heç bir bir həftə də yox ola bilməzsiniz. Anlayışlı rəhbər xırda məsələlərə görə sizi narahat etməyəcəkdir. Ancaq fors-major hallarda və ya gözlənilməz bir vəziyyət yarandıqda o, köməyinizə ehtiyac duya bilər. Odur ki, rəhbərinizlə necə əlaqə yarada biləcəyinizi müzakirə edin. Bəlkə də, hər gün müəyyən bir vaxtda danışa bilərsiniz, lazım olduqda Skype və ya poçt vasitəsilə əlaqə saxlayarsınız və s.
İstirahət edin!
Yuxarıda yazılanların hamısı sizin qulaq dincliyiniz üçün olan tövsiyələrdir. Hər halda məzuniyyətdən qayıdanda nəhəng informasiya axını, problem və şikayətlərlə qarşılaşmaq istəməzsiniz. Buna görə də hər şeyi əvvəlcədən düşünmək, götür-qoy etmək lazımdır.
Ancaq unutmayın: Tətildə istirahət etməlisiniz. İşdən, sosial şəbəkələrdən, danışıqlardan, satışdan və fakturalardan. Fərq etməz, isti ölkələrə uçmusunuz, meşədə düşərgə qurmusunuz, xarici ölkəyə getmisiniz, yaxud da bütün gün evdə yatırsınız, istirahətinizdən həzz alın. Müştərilər, hesabatlar, analitika, planlar haqqında düşünməyin. Unutmayın ki, ayrılmadan əvvəl bütün işlərinizi yekunlaşdırmısınız, odur ki, qorxmaq və ya narahat olmaq üçün əsas yoxdur.
Məhsuldar işləmək üçün fasilə vermək labüddür. Tətildən tam istifadə edin ki, işə yenilənmiş enerji ilə davam edə biləsiniz.
Həmçinin oxu: Məşhur milyarder: Özümlə tək qalmaq üçün vaxta ehtiyacım var
Nigar Umaxanlı, Finco.az