Özünüzə yeni ildə başlamaq üçün nələri vəd edəcəyinizi bilmirsinizsə, məhsuldar və faydalı il keçirtməyə kömək edəcək vərdişlərin siyahısına nəzər salın.
Zəngli saat çalan kimi qalxın. Səhər tez yuxu fazası üstünlük təşkil edir. Odur ki, gecə gec yatıb 10-15 dəqiqəlik qısa müddətdə yuxudan doymağa çalışmaq əbəsdir. Belə qısa yuxu isə keyfiyyətsizdir, həmçinin orqanizmə xeyirdən çox zərər verir. Tez-tez oyanmaqla qan təzyiqi tərəddüd edir.
Kiçik tapşırıqları dərhal yazın. Beləliklə, elektron məktub göndərməyi, nahar üçün tərəvəz almağı və ya hansısa uzaq qohumun ad gününü təbrik etməyi yaddan çıxartmağı tərgidəcəksiniz. Qeydlər yaddaşınızı boşaltmağa və fikrinizi daha vacib və həcmli işlərə cəmləşdirməyə kömək edəcək. Çünki nə qədər arzulasaq da multi tapşırıqlar insanlara xas deyil.
İstirahət günlərində işləməyin. Sonuncu dəfə hansı həftəsonunda poçtunuzu yoxlamadığınızı və ya iş yazışmalarını oxumadığınızı xatırlayırsınız? Həftədə yeddi gün işləsəniz, mənəvi tükənmə qaçılmazdır. Çox güman ki, həftəsonu iş poçtuna baxmasanız, vacib bir şeyi əldən verməyəcəksiniz. İş üçün bir az darıxmağa çalışın.
Hər şeyi mükəmməl etmək lazım deyil. İşinizi yaxşı yerinə yetirmək kifayətdir. Perfeksionizm yalnız stresə səbəb olacaqdır. Bu xarici tənqiddən qaçmaq üçün əla bir cəhddir, lakin hər şeyi mükəmməl etməyə çalışaraq səylərinizin nəticəsini göstərməyə cəsarət etməyəcəksiniz. Nəticədə inkişaf etmək və irəliləmək fürsətini əldən verəcəksiniz.
Həmçinin oxu: Bu vərdişləri tərgitməsəniz karyeranız məhv ola bilər
Həftədə bir dəfə yeni bir tanışla səhər yeməyi və ya nahar edin. Ünsiyyət bacarıqlarını təkmilləşdirmək istəyən hər kəs üçün çox yaxşı vərdişdir. Və bu, bir çox maraqlı tanışlıq əldə etmək üçün əla bir şansdır. Yeni həmkarlarınızı və ya digər şöbələrin işçilərini nahara dəvət etməkdən, onları daha yaxşı tanımaq üçün
ünsiyyət qurmaqdan çəkinməyin. Kim bilir, bəlkə də, həmin həmkarın simasında yaxşı dost qazanacaqsınız, ya da ən azından maraqlı bir insanla söhbət edərək motivasiyanızı artıracaqsınız.
Yazışmanı düzgün aparın. Elə ilk mesajda bütün vacib məlumatları vurğulamağa çalışın, mütləq özünüzü təqdim edin və emojilərdən qədərində istifadə edin. İşgüzar yazışmalarda səs mesajlarından istifadə etməyin. Çünki bu, qarşıdakı insanı qıcıqlandıra bilər, o cümlədən lazımi məlumatların axtarışını çətinləşdirər.
Oyanan kimi smartfonu əlinizə almayın. Gəlin özümüzə nəinki yeni vərdişlər aşılayaq, həmçinin köhnələrini də tərk edək. Oyanan kimi telefonu götürməyin, gözlərinizə yazığınız gəlsin. Psixoloqlar öz növbəsində oyandıqdan dərhal sonra mobil telefondakı məlumat yığınının gözdən keçirilməsinin stresə səbəb olduğunu açıqlayıb. Çünki beynin hələ lazımsız məlumatları tam olaraq filterdən keçirməməsi səbəbindən sizin bu hərəkətlə stresi artıra biləcəyinizi söyləyirlər.
İş yerinə evdən nahar yeməyi aparın. Bəli, yeməkxanaya getmək daha asandır, ancaq özünüzün bişirməyiniz daha faydalıdır. Çünki beləcə həm məhsulların keyfiyyətinə, həm də şəkər və digər faydalı olmayan maddələrin miqdarına nəzarət edə bilirsiniz. Sağlam qidalanma üçün balanslaşdırılmış menyu tərtib edin.
İş günü ərzində mövqeyinizi alternativ edin. Hər kəs oturaq həyat tərzinin sağlamlığa çox zərərli olduğunu bilir. Təsiri minimuma endirmək üçün mövqeyinizi dəyişdirin. Bəzən ayaq üstə və ya pufun üzərində oturaraq işləyin. Əzələləri işlətmək üçün ofis daxilində kiçik gəzintilər etməyi də unutmayın. Beləliklə, onurğanız və oynaqlarınız mütləq sizə “təşəkkür” edəcək.
Nigar Umaxanlı, Finco.az