Müəllif: Gülnar Əhmədli, Banco.az
Hazırda bir çox insan hər ayın sonunda oxşar problemlə üzləşir: Pul çatışmazlığı. Buna səbəb nədir? Mütəxəssislərin fikrincə, hər ayın sonunda pulsuz olmağımızın səbəbi “Cashless effect” adlı konsept ola bilər. Gəlin bu maraqlı konsepsiyaya daha yaxından nəzər salaq.
Bu konsepsiya nədir?
Özümüz, yaxud ətrafımızdakılardan bəlkə də 1 dəfə "Kredit kartımdan pul xərcləyəndə pul xərcləmədiyimi hiss edirəm" cümləsini eşitmişik. İqtisadçıların “Cashless effect” adlandırdığı hal məhz bu vəziyyəti izah edir. “Cashless effect” ödəniş etməli olduğunuz zaman nağd pulunuz olmadıqda və bunun əvəzinə kredit kartı ilə ödəməyi seçdiyiniz zaman baş verir.
Nə üçün nağdsız pulu xərcləmək daha asandır?
Hal-hazırda texnologiyanın inkişafı ilə əlaqədar olaraq bank əməliyyatları daha çox rəqəmsal ödənişlərə yönəlib. Pulun çıxdığını fiziki olaraq görmədiyimiz üçün bir şey alarkən pul xərcləmək daha asandır.
Məsələn, televizor alacaqsınız və televizorun qiyməti 2 000 manatdır. Sizə desələr ki, bu televizorun pulunu nağd ödəməlisiniz, yəqin ki, onu almayacaqsınız. Amma kredit kartı ilə ödəniş asanlığı üçün sizə taksit və s. təklif edə bilərlər. Bu kimi hallarda televizoru almaq şansınız xeyli artır.
Araşdırmalar bu təsir haqqında nə deyir?
“Cashless Effect” ilk dəfə 1979-cu ildə iqtisadiyyat üzrə nəzəriyyəçi Elizabet Hörşmen tərəfindən tədqiq edilib. O hesab edir ki, insanlar nağd pulla deyil, kredit kartı ilə ödəniş etdikdə daha çox pul xərcləyirlər. O bunu araşdırmaq məqsədilə müştəriləri sorğulamaq üçün mağazalara bir neçə nəfər göndərib və alıcılardan nə aldıqları və hansı ödəniş üsulundan istifadə etdikləri soruşub.
Araşdırmanın nəticəsi gözlənildiyi kimi olub. Ən çox pul xərcləyənlər kartla ödəniş edən müştərilər olub. Hörşmen araşdırma nəticəsində kredit kartı istifadəçilərinin məhsulun qiymətindən çox onun xüsusiyyətləri ilə maraqlandığını, onların pulla bağlı narahatlıqlarının olmadığını görüb.
“Cashless effect”in hansı nəticələri bilər?
Bu effektin ən böyük və ən zərərli nəticəsi, əlbəttə ki, pul xərcləmək meylinin artması ola bilər. Tez-tez unuduruq ki, kredit kartının limiti var və biz onu daha sonra ödəməliyik. Buna görə də, fərqinə varmadan həddindən artıq borca düşə bilərik.
Təbii ki, bunun maliyyə təsirlərindən başqa psixoloji və fiziki təsirləri də ola bilər. Araşdırmalara görə, borcu olan insanların narahatlıq və depressiyadan əziyyət çəkmə ehtimalı olmayan insanlardan iki dəfə çoxdur.
Fərdi nəticələrdən başqa, təbii ki, daha kütləvi nəticələr də var. “Cashless effect” xüsusilə pandemiya dövrünün təsiri ilə artdı. Dünyada nağd puldan istifadə getdikcə azalır. “Cashless effect”in artması nəticəsində fərdi borclar artır və buna görə də ölkələrdə istehlakçı borcları da artır.
“Cashless effect”in qarşısını almaq üçün nə edə bilərik?
Rəqəmsal dövr olduğu üçün hazırki şəraitdə bu mümkün deyil və real görünmür. Lakin onu azaltmaq mümkündür. Bəs necə?
Ümumiyyətlə, həddindən artıq xərcləməməyimizə kömək edən qənaət üsullarından istifadə edə bilərik. Bu üsullara büdcənin yaradılması və ya böyük alış-veriş etməzdən əvvəl ətraflı büdcə planlaşdırması daxil ola bilər.
Kredit kartından çox pul xərcləməmək üçün xərclərimizi limitimizə uyğun deyil, hesabımızda olan pula uyğun xərcləməliyik. Aylıq büdcəmizə daha yaxşı uyğunlaşmaq üçün hətta kredit kartı limitimizi də aşağı sala bilərik.
Bizi sosial şəbəkələrdən izləyin!!